Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib
Siyasət

Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib

Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankara şəhərində Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında "Diplomatik münasibətlərin otuzuncu il mərasimi" devizi ilə təşkil olunan mərasim Türkiyənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova və Ukrayna ilə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə təşkil edilib. Adıçəkilən ölkələrin Türkiyədəki səfirləri, hərbi attaşelər, səfirlik və Hərbi Attaşe aparatı əməkdaşları, türk dövlətlərini təmsil edən beynəlxalq təşkilatların rəhbərləri, Türkiyə parlamentindən deputatlar mərasimdə iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri iştirakçılar arasında olublar.

Rəsmi hissə və bədii proqramdan ibarət mərasimin açılışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Çıxışında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətin qardaş Türkiyə olduğunu xatırladan nazir Ceyhun Bayramov ölkələrimiz və xalqlarımız arasında münasibətlərin mövcud səviyyəsinin xalqlarımızın iradəsi və iki ölkə liderinin qardaşlıq münasibətlərinə söykəndiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin tam dəstəklənməsini, xüsusi olaraq 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə tam siyasi dəstəyini çox yüksək qiymətləndirir. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir!", Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamlarının ruhuna uyğun olaraq ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinədək ucalıb.

İştirakçıları səmimiyyətlə salamlayan nazir Mövlud Çavuşoğlu Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasından sonrakı dövrdə ikitərəfli münasibətlərdə görülən işlərdən danışaraq ölkəsinin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova və Ukrayna ilə xarici siyasətinin və diplomatik əlaqələrinin vəziyyətindən bəhs edib. Ölkəmiz və xalqımız barədə xoş ifadələr səsləndirən nazir Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə münasibətlərini örnək göstərərək deyib: "Azərbaycanın işğal altındakı torpaqlarını geri alması bölgədə davamlı sülhün və sabitliyin yaranması üçün böyük fürsət yaradıb".

Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyasının Musiqi Birliklərinin ifasında zəngin bədii proqram təqdim olunub.

AZƏRTAC