Türkiyənin əzmini, müqavimətini heç bir terror sındıra  bilməyəcək
Türk dünyası

Türkiyənin əzmini, müqavimətini heç bir terror sındıra  bilməyəcək

Qlobal maraqların  qarşıdurmasında istifadə olunan amansız silahlardan biri də terror aktlarıdır.  Rəqibi olduğu, düşmənçilik  etdiyi, hansısa məsələdə narazı qaldığı ölkənin daxilində terror aktları keçirməklə, o ölkənin daxili-siyasi stabilliyinə zərbə vurulur.  Artıq dünya o qədər qloballaşıb ki, bir ölkənin başqa bir ölkədə hərbi əməliyyat, yaxud terakt təşkil etməsi üçün heç də öz vətəndaşlarından istifadə etməsi lazım gəlmir. Bu gün qlobal güclərin, qlobal və regional güc iddiasında olan ölkələrin təhlükəsizlik xidmətlərinin əməliyyatın həyata keçiriləcəyi ölkələrdə, elə o ölkələrin vətəndaşlarından, yaxud digər əcnəbi  əsillilərdən ibarət formalaşdırdıqları casus şəbəkələri mövcuddur.

İstanbulda baş verən terror aktını da bu fonda dəyərləndirmək olar.

Türkiyəni yolundan döndərmək, onu zəiflətmək, regional və beynəlxalq səviyyəli proseslərə təsir imkanlarını azaltmaq üçün bir qayda olaraq, terror kartından istifadə edilir. Təəssüflər olsun ki, bu gün də Türkiyəyə qarşı bu cür məkrli plan davam edir.  İstanbulun Bəyoğlu səmtində baş verən terror aktı belə deməyə əsas verir. Baş vermiş terror aktından sonra Türkiyə kəşfiyyatı biri qadın olmaqla, 58 nəfəri saxlayıb. Hadisənin təşkilatçılarından hesab olunan digər şəxslərin  axtarışları isə davam edir. 6 nəfərin ölümünə və 81 nəfərin yaralanmasına səbəb olmuş terror aktının əsas şübhəlisi isə Suriya əsilli Əhləm əl-Bəşiri adlı qadındır. Əl-Bəşiri istintaqa verdiyi ifadəsində təsdiq edib ki, onu Suriyada fəaliyyət göstərən PKK-nın bazasında kəşfiyyatçı kimi yetişdiriblər. İstanbulda terror aktı törədilməsini də Kobanidəki terrorçular sifariş ediblər.

Lakin  PKK bununla bağlı açıqlama yayaraq, terror aktını törətmədiyini bəyan edib. Bir çox ekspertlərin  fikrinə görə, terror təşkilatının bu qanlı hadisəni indiki məqamda üzərinə götürməməsi qeyri-adi hal deyil. Onların qənaətinə görə, PKK məsuliyyətdən boyun qaçırmaq, Türkiyə ordusunun Kobanidə əməliyyat keçirməsinə rəvac verməməsi üçün belə bir addım ata bilər. Amma hadisələrin Suriyadan da o tərəfə keçdiyini görmək mümkündür.   

Bir qədər əvvəl Türkiyə xüsusi xidmət orqanları ölkə ərazisində kəşfiyyat və təxribatla məşğul olan əvvəlcə 8 nəfərlik, daha sonra isə 11 nəfərlik İran kəşfiyyatçısını yaxaladı. Ardından məlum oldu ki, bu adamlar Türkiyədə bir sıra təxribatlar törətməklə yanaşı,  iş adamlarına da sui-qəsd təşkil etmək üçün göndəriliblər.

Lakin məsələnin üzərindən bir qədər keçdikdən sonra Türkiyə kəşfiyyatı Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatlar zamanı məlum oldu ki, terrorçuların əsas silahları təkcə Qərbdən gəlmirmiş. Elə İranın verdiyi bir sıra yüngül silahlardan da istifadə edilirmiş. Bəzi terrorçular İranda təlim keçib, habelə İran Kürdüstanındakı PKK-nın qolu olan PEJAK-dan da əlavə dəstək alıblar.

Bəlli olur ki, PKK-da təkcə Qərb və Rusiyanın deyil, həmçinin İranın da maraqlarına xidmət edən qruplar var. Düzdür, PKK və PEJAK mahiyyət etibarı ilə eyni missiyanı həyata keçirsələr də, mübarizə üsullarında müəyyən fərqlər də mövcuddur. Belə olan təqdirdə, Türkiyədə qeyri-sabitlik yaratmaq, ardıcıl təxribatlar törətmək İranın bilavasitə marağında ola bilər.

İstanbul terroru  Türkiyənin inkişafını istəməyən güclərin işidir: “İlk növbədə onu nəzərə almaq lazımdır ki, Türkiyənin günümüzdə artan beynəlxalq nüfuzu onu qlobal bir aktora çevirib. Təsəvvür edək ki, heç bir dünya liderini qəbul etməyən, eşitməyən Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hesablaşır, onun fikirlərinə hörmətlə yanaşır. Bir neçə gün əvvəl məhz Ərdoğanın ciddi cəhdlərindən sonra Rusiya “Taxıl sazişi”ni davam etdirməyə razılaşdı. Bu, ilk növbədə, Türkiyənin və onun liderinin gücü, nüfuzu deməkdir. Təbii ki, bu amil də dünyanı idarə etmək istəyində olan dövlətləri, onların liderlərini razı salmır, Ankaraya, onun hakimiyyətinə qarşı bir qıcıq yaradır. Ona görə də Türkiyənin inkişafını, onun qlobal güc olmasını istəməyən dairələr İstanbul terrorundan Türkiyəni zəiflətmək, daxildə ziddiyyət yaratmaq üçün faydalana bilərlər”.  Bu fikirlərin müəllifi Türkiyənin daxili işlər naziri Süleyman Soylunun “Amerika Konsulluğunun başsağlığı mesajını rədd etdik” kimi ifadəsi də bu mənada təsadüfi deyil.

Burada terror təşkilatının adının xüsusi əhəmiyyəti yoxdur. Çünki onları idarə edən qüvvələr var və onlar bir-birindən xəbərsiz istədikləri zaman istədikləri işləri görürlər.  İstanbuldakı terror aktı Türkiyəyə siyasi, iqtisadi, sosial və psixoloji baxımdan təzyiq göstərmək məqsədi daşıyır. Türkiyənin dünyada taxıl dəhlizi daxil olmaqla, Rusiya-Ukrayna danışıqlarında aktiv rol almasını istəməyən güclər terror təşkilatlarından istifadə edərək Türkiyəyə cavab verməyə çalışırlar. Terror aktının törədildiyi İstiqlal küçəsi turistlərin böyük maraq göstərdiyi yerdir. Türkiyəyə və İstanbula gələn bütün turistlərin baş çəkdiyi yerdə terror aktı törətmək, Türkiyəyə iqtisadi zərbə vurmaq, turizmə bir mesaj kimi dəyərləndirilə bilər.

 İstanbul terroru həm də seçki öncəsi Rəcəb Tayyib Ərdoğana zərbə vurmaq, Ərdoğan hakimiyyətini nüfuzdan salmaq, onu seçkilərdə məğlub duruma düşürmək üçün də bir vasitə sayıla bilər. Çünki Ərdoğan hökuməti istər Qərb, istərsə də Avropa üçün güclü bir liderdir. Hər iki güc mərkəzinin ayrı-ayrı regionlarda hazırladıqları xain planlarını məhz Ərdoğanın düşünülmüş və prinsipial siyasəti pozur. Ona görə də istər ABŞ, istərsə də Avropanın bəzi ölkələri 2023-cü il seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu mənada İstanbul terroru həmin xarici dairələr üçün əlverişli situasiya rolunu oynaya bilər. Bu kimi insidentlər, terror aktlarının seçkilərə qədər bir neçə dəfə də həyata keçirilməsinə çalışacaqlar ki, cəmiyyətdə, insanlar arasında Ərdoğanın nüfuzu aşağı düşsün və o, 2023-cü il seçkilərində qalib gələ bilməsin. Amma bu Türkiyəni zəiflətməyəcək və AKP iqtidarını daha da gücləndirəcək. Terror Türkiyənin hədəflərinin qarşısını almağa planlaşdırılsa da buna nail olmayacaq.  2023-cü il Türkiyə üçün Cümhuriyyətin 100 illiyi, seçkilər və strateji planların reallaşması üçün həlledici bir il olacaq. Qərb bu yolla Türkiyəni diz çökdürmək istəsə də   Türkiyə bu oyunlara gəlməyəcək. Terrora dəstək verən dövlətlər  heç zaman öz istəklərinə nail ola bilməyəcəklər. Türkiyə dünyanın lider dövlətlərindən biri kimi öz siyasətini öz xalqının milli maraqlarına uyğun şəkildə aparmaqda davam edəcək. Bu gün bütün dünya türklüyünün birlik yoluna çıxdığı bir zamanda heç bir qüvvə Türkiyəni və türkləri hansısa təzyiqlə qorxuda və öz yolundan döndərə bilmək iqtidarında deyil.

Onu da qeyd edək ki, İstanbulun Bəyoğlu səmtində  törədilən terror aktı qurbanlarının yad edilməsi ilə bağlı anım mərasimi keçirilib. Türkiyə bayraqlarına bürünən İstiqlal küçəsinə insanlar axın edib, hadisənin törədildiyi əraziyə tər qərənfillər  düzülüb, terror hadisəsini törədənlər qınanılıb.  Ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da  İstiqlal küçəsinə gələrək hadisə qurbanlarının xatirəsini yad edib və İstanbul terrorunda vəfat edənlərin ailələrinə və türk xalqına başsağlığı verib.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.