Türkiyənin ətraf mühit və şəhərsalma naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə oktyabrın 12-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsinin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb. Murat Kurum xatirə kitabına ürək sözlərini yazıb.

Nazir bildirib ki, "Türk şəhidliyi" Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsidir: "Burada uyuyan şəhidlər azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşublar. Bununla da iki dövlət, bir millət olduğumuzu göstəriblər. Bir əsr öncə göstərilən qəhrəmanlıq və fədakarlıq ötən il Azərbaycanın haqq savaşında da təkrarlandı. Azərbaycanlı qardaşlarımız illər sonra canları, qanları hesabına işğal altında olan torpaqları azad etdilər".

Zəfərin ildönümünə bir aydan az vaxt qaldığını xatırladan M.Kurum bütün şəhidləri rəhmət və minnətdarlıqla andıqlarını söyləyib.

Nazir Türkiyə və Azərbaycanın "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq hər zaman bir-birini dəstəklədiyini, çətin anlarda bir-birinin yanında yer aldığını bildirib.

Son illərdə Türkiyədə baş verən zəlzələ, yanğın və sel kimi təbii fəlakətlərə toxunan nazir deyib: "Azərbaycanlı qardaşlarımız yay aylarında Türkiyənin müxtəlif bölgələrində baş verən yanğın fəlakətlərində bizim yanımızda yer aldı. Onlar həyatlarını riskə ataraq meşə yanğınları ilə yüksək səviyyədə mübarizə apardılar. Bir daha bu həmrəyliyə görə azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm".

AZƏRTAC