Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Füzuliyə və Şuşaya səfər edib
Sosial həyat

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Füzuliyə və Şuşaya səfər edib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Şuşa şəhərində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə birlikdə qonaqlar əvvəlcə Füzuli rayonunun Merdinli kəndindəki məscidi ziyarət edərək, məscidin erməni qəsbkarları tərəfindən viran edilməsinin əyani şahidi olublar. Məlumat verilib ki, erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına da gəlib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bu işlər çərçivəsində Füzulidə qısa zamanda beynəlxalq hava limanı inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Nümayəndə heyəti Şuşa qalası, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri, Bülbülün ev-muzeyi, erməni vandalizminə məruz qalmış digər mədəniyyət abidələrinə baxıb və Cıdır düzünü ziyarət edib. Qonaqlar Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr edib, füsunkar təbiətə malik Şuşada olmaqdan son dərəcə məmnun qaldıqlarını bildiriblər.

Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işlərinin sürət və keyfiyyəti xüsusi olaraq vurğulanıb. Ədalət və azadlıq uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi minnətdarlıq hissi ilə yad edilib.

AZƏRTAC