Türkiyəli şagirdlər azad olunmuş Azərbaycan torpaqlarından xoş təəssüratlarla ayrılıblar
Sosial həyat

Türkiyəli şagirdlər azad olunmuş Azərbaycan torpaqlarından xoş təəssüratlarla ayrılıblar

Bir müddət əvvəl Türkiyə məktəbliləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və həmin torpaqlara səfər etmək istədiklərini bildiriblər. Məktuba dərhal reaksiya verilib. Məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycana dəvət ediliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türkiyəli şagirdlər Azərbaycana səfər çərçivəsində aprelin 14-də Füzuli və Şuşada olublar. Onlara qısa müddətdə inşa olunan Füzuli Beynəlxalq Hava Limanı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, dünyanın heç bir yerində belə qısa vaxtda - 9 aya beynəlxalq hava limanı inşa edilməyib. Bu, Azərbaycan dövlətinin iqtisadi gücünü, qüdrətini bir daha təsdiqləyir. Əvvəllər hava limanının tikildiyi ərazi düşmənin basdırdığı minalarla dolu idisə, bu gün həmin ərazi Qarabağın dünyaya açılan hava qapısına çevrilib. Diqqətə çatdırılıb ki, Füzuli Beynəlxalq Hava Limanına birbaşa uçuş həyata keçirən ilk xarici ölkə lideri də məhz qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Sonra Şuşaya gələn qardaş ölkənin şagirdləri Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Bülbülün ev-muzeyini ziyarət ediblər. Nümayəndə heyətinə işğal zamanı Azərbaycanın görkəmli şəxsiyyətləri olan Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri nümayiş olunub.

Bildirilib ki, qüdrətli Azərbaycan dövləti erməni işğalından azad olunan torpaqlarda sürətli tikinti-quruculuq işləri həyata keçirir. Yeni avtomobil yolları, hava limanları tikilir, dəmir yolu, su və elektrik xətləri çəkilir, müasir yaşayış kompleksləri salınır. Bununla paralel olaraq, tarixi-dini və mədəni abidələrimiz də bərpa olunur.

Səfər proqramının sonunda şagirdlər Cıdır düzündə İstiqlal marşı səsləndiriblər.

Kastomonu vilayətinin milli təhsil idarəsinin müdir müavini Serkan Demirkıran bildirib ki, şagirdlər Prezident İlham Əliyevin bu dəvətindən çox məmnun olublar: "Bu səfər şagirdlərimizin yaddaşında silinməz iz buraxacaq, Azərbaycan sevgisini daha da möhkəmləndirəcək. Onlar geri döndükdə xoş təəssüratlarını, Azərbaycan sevgisini həvəslə bölüşəcəklər".

Kuzeykənd ibtidai məktəbinin direktoru Ümit Yürücüoğlu da ölkəmizə səfərdən məmnunluqlarını dilə gətirib. "Qardaş ölkəyə səfərimizdən çox məmnunuq. Səfərimiz çox mənalı keçir. Prezident İlham Əliyevin şagirdlərimizi Azərbaycana dəvət etməsi qardaşlığımıza daha bir nümunədir", - deyə o əlavə edib.

Qardaş ölkənin şagirdləri Füzuli və Şuşadan xoş təəssüratlarla ayrılıblar.

AZƏRTAC