Türkiyədə
Elm və təhsil

Türkiyədə "Qars müqaviləsinin tarixi əhəmiyyəti" mövzusunda elmi konfrans

Türkiyənin Qars şəhərində "Qars müqaviləsinin tarixi əhəmiyyəti" mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu, Naxçıvan Dövlət Universiteti və Qars Qafqaz Universiteti tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, iki qardaş ölkəni təmsil edən elm və təhsil adamları, araşdırmaçı alimlər, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışından əvvəl iştirakçılar Qarsdakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərimizin buradakı büstü önünə tər çiçəklər düzüblər, sonra görkəmli dövlət adamı Kazım Qarabəkir Paşanın Qarsdakı heykəli ziyarət olunub.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qars şəhərindən baş konsulu Nuru Quliyev, Qars valisi Türkər Öksüz, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev və Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapunun çıxışları dinlənilib.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin hazırladığı "Qars müqaviləsinin 100 illiyi" adlı film nümayiş olunub.

Qars müqaviləsinə dair kitab, foto, qəzet və jurnallardan ibarət sərgi ilə tanışlıq olub.

Sonra konfrans panellər üzrə işini davam etdirib.

AZƏRTAC