Türkiyədə bərpa və yenidənqurma işləri davam edir
Türk dünyası

Türkiyədə bərpa və yenidənqurma işləri davam edir

Bildiyimiz kimi, bu ilin fevral ayında qardaş ölkə Türkiyədə dəhşətli zəlzələ baş verib. Nəticədə minlərlə bina və ev dağılıb, 48 mindən çox insan isə həyata göz yumub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib ki, 115 mindən çox yaralı var, 50 mindən çox bina isə dağılıb. Təəssüf ki, qardaş ölkə bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşdiyinə görə,  dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir. Seysmoloqlar bildirir ki, Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır və güclü zəlzələ baş verir. Zəlzələ baş verən bölgə qeyri-sabit region Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Son baş verən zəlzələ nəinki Türkiyəyə, həmçinin Suriyaya da təsir edib. Orada da bir çox binalar və tikililər dağılıb, beş minə yaxın insan həyatını itirib.

Türkiyədə bərpa işləri mart ayının ilk günündən artıq başlayıb. Prezident İlham Əliyev də Türkiyədə gedən bərpa prosesi ilə əlaqədar qardaş köməyinə hazır olduğunu bildirib: "Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.

İlk gündən ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu “Biz bir millət, iki dövlətik” ideologiyasını qürurla davam etdirən Prezident İlham Əliyev və onun  xalqı yaxşı-pis gündə hər zaman qardaşının yanındadır. Buna görə də, zəlzələ baş verən andan son günə qədər  ölkə başçısının göstərişi ilə  FHN-nin 760 xüsusi xilasedicini, bununla yanaşı, yüzlərlə könüllü dəstə və lazımi avadanlıqları Türkiyəyə göndərilib. Sözügedən qüvvələr birincisi martın 1-də və 2-də Azərbaycana geri qayıdıb.

Zəlzələnin təsiri 10 şəhərə və sərhəddə qonşu olan bir neçə ölkəyə təsir etdiyi üçün dünya mediasında bu hadisə “Əsrin fəlakəti” olaraq adlandırılıb. Ekspertlər bildirir ki, 1939-cu ildən bəri qeydə alınan ən güclü, dağıdıcı zəlzələdir. Ötən ay  Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum xalqa müraciətində bildirib ki, binalar 3-4 mərtəbədən yüksək olmayacaq. Hazırda Türkiyədə zəlzələnin olması ehtimal edilən bölgələrdə tikililərə baxış keçirilir. Baxış nəticəsində binalar 3 hissəyə bölünüb: çox, az və sıfır zədə görmüş tikililər. Həmçinin binaların yenidən haralarda qurulacağı ilə bağlı plan da hazırlanıb. Murat Kurum bildirib ki, zəlzələ zamanı hökumət binası da zədə alıb. Buna görə də müvəqqəti olaraq, binanın qarşısında bürolar qurulub.

Hazırda bölgədə keçici yaşayış yerləri qurulur və insanlar buraya yerləşdirilir. İndiyədək 313 mindən çox çadır qurulub, 100 min konteyner tipli evin tikilməsi nəzərdə tutulub.

Töhfə SƏMƏDOVA,

“Respublika”.