Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə olunur
Region

Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə olunur

Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına hər cür infrastruktur var. Burada inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb.

Tikinti materiallarının istehsalı üçün avadanlıqlar istehsal edən "Elberg" MMC-də müəssisəsinin investisiya dəyəri 12 milyon manatdır və zavodda 100 iş yeri yaradılıb. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Sənaye Məhəlləsində fəaliyyət göstərən daha bir müəssisə plastik su qabları istehsal edən "Uysal Ambalaj" MMC-də investisiya dəyəri 1,44 milyon manat olan müəssisənin maliyyələşməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 700 min manat güzəştli kredit verilib. Yaponiya texnologiyasından istifadə edilən Zavod ildə 350 min ədəd plastik su qabı istehsal etmək gücünə malikdir.

"Az Agromila" MMC-nin maye, toz, gel, yarpaq gübrələri istehsalı müəssisəsinin yaradılmasına 4,35 milyon manat investisiya qoyulub və 30 iş yeri yaradılıb. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi və 900 min manat güzəştli kredit verilib. İllik 6 min ton gübrə istehsal etmək gücünə malik olan zavod Türkiyə texnologiyası əsasında qurulub.

Sənaye müəssisəsində plastik tara istehsalını həyata keçirən "Plasttech" MMC-nin qurduğu müəssisəyə 1,2 milyon manat investisiya yatırılıb, 16 iş yeri yaradılıb. Zavod ildə 600-900 ton plastik tara istehsal etmək gücündədir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Sənaye Müəssisəsinin rezidenti "Azərmaş Park" MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib. Bu xətt üzrə "Chevrolet" markalı minik avtomobillərinin və Yaponiyanın "İSUZU" avtobusları və pikapları istehsal olunur.

Hacıqabul Sənaye Məhəlləsində çalışanlar arasında xarici ölkələrdə müəyyən kurs keçib təcrübə qazanan yerli mütəxəssislər də vardır.

Tofiq HÜSEYN,

"Respublika".