“Türkiyə - türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”
Türk dünyası

“Türkiyə - türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”

Türkiyənin Ticarət Nazirliyinin ev sahibliyi, Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə keçirilən konfransda, ölkəmizi iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edib. Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə baş tutan tədbirdə Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dövlət nümayəndələri də iştirak ediblər.

Rəsmi açılış mərasimi ilə işə başlayan konfransda “Qlobal iqtisadiyyatda mövcud inkişaf perspektivləri və türk dövlətləri arasında ticarətin inkişafı”, “İnvestisiya imkanları və investisiya mühitinin təkmilləşdirilməsi”, “Ticarət logistikasında çətinliklər və imkanlar: Türk respublikaları arasında əlaqələrin təkmilləşdirilməsi” mövzularında  müzakirələr aparılıb.

Konfransda çıxış edən Türkiyənin ticarət naziri Məhməd Muş deyib:  “Bizim əsas məqsədimiz sahib olduğumuz bu köklü əlaqələri iqtisadi və ticarət sahəsində daha da genişləndirməkdir. Ümid edirəm ki, konfrans türk dünyasının gələcəyi ilə bağlı ortaq baxışın müəyyənləşdirilməsinə töhfə verəcək.

 “Qardaş ölkələr olaraq məqsəd qarşılıqlı əlaqəni artırmaq, ticarəti asanlaşdırmaq və bir-birini tamamlayan iqtisadiyyatlarımızın təklif etdiyi imkanlardan istifadə edərək dinamik ticarət sahəsi qurmaqdır.

Çıxışında türkdilli ölkələr arasında yükdaşıma və nəqliyyat sahələrinə də toxunan nazir Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə əldə edilən imkanları birlikdə inkişaf etdirmək təklifini irəli sürüb.

Tədbirdə Azərbaycanda iqtisadi fəallığın təşviqi, azad edilmiş ərazilərimizə Böyük Qayıdış üçün görülən işlər barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov bu sahədə əməkdaşlığın önəmini vurğulayıb. Nazir  qırx dörd günlük Vətən müharibəsində qazandığımız Zəfərin böyük tarixi və siyasi məzmuna, eyni zamanda, türk dünyası və ölkəmizin yerləşdiyi region üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Hər zaman olduğu kimi, haqq savaşımız dövründə də qardaş Türkiyə və Türk Şurasının Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdiyinin şahidi olduq. Tarixi Qələbə ölkəmiz və regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır. Türkdilli dövlətlərin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. İnanırıq ki, azad edilmiş ərazilərimizin bərpası layihələrində və təşəbbüslərin həyata keçirilməsində birgə iştirak ümumi gücümüzü artırmaqla yanaşı, regional tərəfdaşlığı və stabilliyi daha da gücləndirəcək”.

Konfransın ortaq mədəni və dini dəyərləri olan türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin təşviqi baxımından böyük önəm daşıdığını bildirən nazir, türkdilli dövlətlər tərəfindən gələcəyə ümumi baxış konsepsiyasının müəyyənləşdirildiyini, aparılacaq müzakirələrin qlobal çağırışlar və trendlər şəraitində türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat-tranzit, investisiya istiqamətləri ilə yanaşı, “yaşıl” və sirkulyar iqtisadiyyat, “yaşıl enerji”, iqlim dəyişikliyinin qarşısının alınması rəqəmsallaşma və müasir dövrün tələblərinə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından da faydalı olacağını bildirib.

Esmira Yazkan ASLANOVA,

 “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.