Türkiyə – sürətlə inkişaf edən, güclənən, beynəlxalq aləmdə söz sahibi olan qüdrətli ölkə
Türk dünyası

Türkiyə – sürətlə inkişaf edən, güclənən, beynəlxalq aləmdə söz sahibi olan qüdrətli ölkə

"Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb". Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkənin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubunda yer alıb.

Qazanılan uğurların təməlində Rəcəb Tayyib Ərdoğanın zəhmətinin və yorulmaz əməyinin, onun müdrik rəhbərliyi ilə aparılan dövlət siyasətinə türk xalqının böyük etimadı və dəstəyinin dayandığının vurğulandığı məktubda deyilir: "Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. Son 20 ildə Türkiyənin istər beynəlxalq münasibətlər sistemində, istər qonşuluq çərçivəsində artan hərbi-siyasi imkanları və nəinki region, bütövlükdə dünyada güclənən nüfuzunu görməmək mümkün deyil. Bu illər ərzində Ankaranın qarşısında çox ciddi hədəflər olub. Təbii ki, ilk növbədə Türkiyə Atatürk sonrası xeyli rəmzi məna daşıyan iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etdi. Türkiyə artıq qərbin diktəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə, Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya qədər geniş bir arealda təsir dairəsi formalaşdıra bildi. Türkiyənin son illərdəki inkişafı, xarici siyasət, təhlükəsizlik və digər sahələrində qazandığı uğurlar qardaş ölkəni regional və qlobal gücə çevrib. Ümumiyyətlə, son 20 ilin xronologiyasına nəzər salanda, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin indiki mövqeyə çatması üçün bir çox istiqamətlərdə atdığı inqilabi xarakterli addımlar göz önünə gəlir. Əlbəttə ki, hazırkı mövqedə olmaq asan başa gəlməyib, amma qardaş ölkə bunu bacarıb. Türkiyənin müdafiə sənayesi və texnologiyalar sahəsində əldə etdiyi uğurlar, bütün dünyada cərəyan edən böhrana baxmayaraq, iqtisadiyyatının artması qardaş ölkənin gücünün, aparılan siyasətin nəticəsidir.

Qardaş ölkə iqtisadiyyatında müşahidə edilən məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir. Artıq bu qaz türk xalqının ixtiyarındadır. Türkiyənin Qara dənizdə yerləşən qaz yatağından çıxarılan qaz ilk dəfə quruya çatdırılıb. Türkiyə Prezidenti bu hadisəni "ölkənin enerji müstəqilliyi yolunda tarixi addım" adlandırıb.

Türkiyə xalqı və dövləti daim öz ordusu ilə, əsgər və zabitləri ilə fəxr edib, öyünüb. Bu gün də Türkiyə ordusu dünyanın ən qüdrətli ordularından biridir və o dünyada gedən bir çox sülhməramlı tədbirlərdə yaxından iştirak edir. Özünün sərhədlərinin qorunması, təcavüzün və ədalətsizliyin aradan qaldırılması üçün Türk ordusu daimi olaraq öz hərbi qüdrətini artırır. Silahlanmaya, müasir silahlarla təchiz olunmağa böyük üstünlük verir. Türkiyə son 20 ildə özünün milli müdafiə sənayesinin tam müstəqil təsisata çevrilməsinə nail olmaqla hərbi imkanlarını artırdı, eləcə də müdafiə sənayesi məhsulları ixracatçısına çevrildi. Bu gün Türkiyə PUA-ları dünyada qiymət və səmərəlik əmsalını birləşdirməklə ən arzuolunan vasitələr hesab edilir. Türkiyədə müdafiə sənayesinin inkişaf etməsi, ölkə daxilində və xaricində əldə etdiyi ardıcıl uğurların bariz nümunəsidir. Təbii ki, müdafiə sənayesinin illərdə daha sürətli inkişafa qədəm qoyması Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, qardaş ölkə bu gün dünyada mühüm güc mərkəzlərindən birinə çevrilib. "Bu gün dünya miqyasında türk ordusu ən öndə olan orduların sırasındadır". Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında deyib. Dövlət başçısı bildirib ki, Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir: "Ən inkişaf etmiş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək".

Türkiyənin müdafiə sənayesi büdcəsi 75 milyard dollara qaldırılacaq. Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk PUA daşıyan gəmisi "TCG-Anadolu"nun dənizə buraxılması mərasimində deyib ki, Türkiyənin ilk PUA daşıyan gəmisi "TCG Anadolu"nun inşasına 2015-ci ildə başlanılıb. Gəminin göyərtəsində 10 helikopter və ya 11 PUA, anqarında isə 19 PUA, yaxud 30 helikopter daşına biləcək. Türkiyə bir sıra layihələri ilə ilklərə imza atıb. Bunlardan ən sonuncusu bu günlərdə istifadəyə verilən dünyanın ilk silahlı insansız uçuş aparatı gəmisidir. Gəmi göyərtəsində 94 hərbi texnika daşıma qüvvəsinə malikdir. Türkiyənin ilk yerli və milli vertolyot mühərriki uğurla sınaqdan keçirilib. İlk vertolyot mühərriki olan TS1400, sınaq uçuşu zamanı ilk milli helikopterimiz "GÖKBEY"i hərəkətə gətirdi. Türkiyə müdafiə sənayesi sahəsində artıq qabaqcıl ölkəyə çevrilib, məhsulların istehsalı 80 faizlik yerli imkanlarla aparılır, hərbi gəmilər inşa edə bilən 10 ölkə arasındadır.

Bu gün Türkiyə öz güclü ordusu, hərbi potensialına görə NATO-da ABŞ-dan sonra ikinci, iqtisadi gücü ilə "Böyük iyirmilik"də əsas üzvlərdən biridir. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə ölkənin müdafiə sənayesinin inkişafı, hərbi qüdrətinin artırılması istiqamətində mühüm proqramlar həyata keçirməkdədir. Hazırda qardaş ölkə müdafiə imkanlarını 80 faiz öz məhsulları ilə təmin edir. Türkiyə öz SİHA-ları (silahlı pilotsuz uçuş aparatlar) ilə dünyada ilk üç dövlətdən biridir. Bu gün qardaş ölkə "Bayraktar TB2" SİHA-larını daha da müasirləşdirirərək "Bayraqdar TB 3" modeli üzərində işləyir. "Baykar" texnologiya şirkətinin rəhbəri Səlcuq Bayraktar bununla bağlı deyib ki, "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları və MİUS pilotsuz döyüş uçan aparatları sistemi müharibə tarixində inqilab edəcək. Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi 2023-cü ildə səmalarda olacaq. "Baykar" hazırda dünyanın çox ölkəsinə pilotsuz uçan aparat ixrac edən şirkətdir. "Kızılelma" adlı insansız qırıcı istehsalı prosesi uğurla davam etdirilir və bu, yaxın vaxtlarda Türk Silahlı Qüvvələrinin balansına veriləcək. Ölkənin quru qoşunları da hər cür müasir müdafiə sistemləri ilə təchiz edilib və bu proses davam etdirilir. Belə ki, yaxın zamanlarda Quru Qoşunlarının bazasına milli imkanlarla istehsal ediləcək "Altay" tankları daxil olacaq.

Türkiyənin ilk atom elektrik stansiyası (AES) olan "Akkuyu" istismara verildikdən sonra burada ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal etmək planlaşdırılır və bu da ölkənin ümumi enerji ehtiyacının 10%-ni qarşılayacaq. Bu atom elektrik stansiyasının istismar müddəti təxminən 60 ildir. Daha sonra nəzarət və yoxlamaların nəticələrinə əsasən bu müddət 20 il də uzadıla bilər. "Akkuyu"nun Türkiyənin iqtisadi inkişafına verəcəyi töhfə 50 milyard ABŞ dolları qiymətləndirilir. Atom elektrik stansiyasının açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin canlı bağlantı ilə qoşulublar. Dövlət başçılarının çıxışından sonra AES-in təslimat sənədi Türkiyəyə təhvil verilib. Bununla da, qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb.

Bu gün qardaş Türkiyə ilə bağlı diqqətçəkən məqamlardan biri də iqtisadiyyatın şaxələndirilməsində görülən işlərdir. Hazırda Türkiyə təkcə müdafiə sənayesi və silah istehsalında deyil, avtomobil sənayesi, ənənəvi sənayenin bir çox sahələri üzrə də böyük potensial nümayiş etdirir. Hər halda, Türkiyə avtomobil sənayesində "Togg" brendinin təqdim edilməsi bu gün vacib əhəmiyyətə malikdir. Qardaş ölkənin hərtərəfli inkişafı özünü avtomobil sənayesində də göstərir. Artıq Türkiyə avtomobil sənayesi tarixinə adını elektromobil istehsalçısı kimi yazdırmağı bacarıb. Hazırda ölkədə yerli istehsal "Togg" elektromobilinin istehsalına start verilib. "Togg"un kütləvi istehsal zavodu Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Zavodun təməli 2020-ci ildə qoyulub. Açılış mərasimi isə 2022-ci il oktyabrın 29-da baş tutub. Müəssisə Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markasıdır. Müəssisənin illik istehsal gücünün 175 min ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisədə ildə 175 min avtomobil istehsal olunacaq. 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək. Martın əvvəlindən isə "Togg"un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev iftixar hissi ilə qeyd edir ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir". Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Son illərdə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

2023-cü ilə uğurla daxil olan Türkiyə Cümhuriyyəti müstəqillik tarixinin ikinci yüzilliyi üçün qarşıya qoyulmuş bütün hədəflərə çatmaq əzmindədir. AKP-nin iqtidarda olduğu dövrdə ölkə bir əsrlik inkişaf yolu keçib. Bu inkişaf kursu davam etdirilir. Son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolunda cəmiyyət və dövlət həyatının bütün sahələrində rəğbətlə qarşılanan uğurlar qazanılmışdır. Türkiyə sənayesinin sürətli inkişafı qeyd etdiyimiz kimi, xarici istehsaldan asılılığı azaldır. Bu da, müvafiq olaraq, ümumilikdə ölkəyə kənar təsirləri məhdudlaşdırır. Türkiyənin gücü, imkanları davamlı olaraq artmaqdadır. Fəxrlə deyə bilirik ki, siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

Mustafa KAMAL,

"Respublika".