Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli
Digər xəbərlər

Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Şuşa İli" münasibətilə konfrans və kitab təqdimatı keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, "PAŞA Həyat Sığorta" ASC və "İrs" jurnalının dəstəyi ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında "Şuşa İli" münasibətilə konfrans və kitab təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasındakı Azərbaycan bölməsinin genişləndirilmiş versiyasının açılışı olub.

Mərasimə qatılan rəsmi şəxslər və görkəmli ziyalılar, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, "PAŞA Həyat Sığorta" ASC-nin sədri Niyaz İsmayılov, Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türk Ağsaqqalları Birliyinin Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və digərlərinin iştirakı ilə ölkəmizlə bağlı nadir kitablar bölməyə hədiyyə edilib.

"Heydər Əliyev", "Mir Cəlal", "Nizami Gəncəvi", "Qədim qalanın yuxuları", "Təbrizin sehrli nağılları", "Şuşa zirvədən uca" və digər qiymətli əsərlər kitabxanadakı Azərbaycan bölməsinin daha da zənginləşməsinə töhfə olub. Azərbaycan bölməsindəki əzəmət buradakı mindən yuxarı nəşrin hər zaman oxucular üçün cəlbedici olacağını deməyə əsas verir.

Tədbir iştirakçıları "Şuşa İli" şərəfinə düzülən sərgi ilə tanış olublar. Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.

Həmçinin tədbirdə sərgilənən Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə də tanışlıq olub.

Mərasimin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şuşa mövzusunda filmin nümayişindən sonra təqdimatı keçirilən "Salam Azərbaycan" və "Qarabağın qara kitabı" adlı nəfis tərtibatla, yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər barədə iştirakçılara müfəssəl məlumat verilib, kitablardan nüsxələr iştirakçılara hədiyyə olunub.

Tədbirin mövzusu ətrafında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçunun, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attarın, "İRS" jurnalının baş redaktoru Musa Mərcanlının, Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyinin müdiri Səlcuk Karakılıçın, Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncərin çıxışları dinlənilib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən çıxışçılar əminliklə ifadə ediblər ki, dövlətimiz və xalqımız hər zaman böyük Qarabağ Zəfərini bizlərə yaşadan qəhrəman övladlarımızın adlarını uca tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olduğunu və bu çərçivədə dünya miqyasında böyük layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir Rəşad Məmmədov əminliklə bildirib ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının əsas fonduna daxil olan nəşrlər geniş oxucu kütləsi qazanacaq. Kitablarda əksini tapan informasiyalar qardaşlığımızın və dostluğumuzun tərənnümünə böyük töhfə olacaq.

Çıxışında böyük şair Almas İldırımın şeirindən bir bənd söyləyən Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin dövlətçilik tarixinə əbədi yazıldığını diqqətə çatdıraraq təqdim olunan nəşrlərin tarixi əhəmiyyətini yüksək dəyərləndirib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attarın çıxışında diqqətə çatdırıb ki, təqdim olunan hər iki kitab həm Azərbaycanın yaxın tarixini, həm də zəngin irsini özündə əks etdirir, eləcə də nəşrlərin adı böyük məna daşıyır. Nəşrlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkarlığın bütün istiqamətlərini özündə əks etdirir. Kitablar bütün dünyaya sübut edir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini sözün əsl mənasında tar-mar edib. Məhv edilən abidələrin, eləcə də təbiətin real acınacaqlı görüntüləri erməni vandalizminin, vəhşiliyinin sübutudur.

Təqdim olunan kitabların hazırlanması ilə bağlı geniş məlumat verərək Azərbaycan tarixinin və təbiətinin zənginliyinə toxunan "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, ölkəmizə aid həqiqətləri bir nəşrə sığışdırmaq mümkünsüzdür. Bütün bunlara baxmayaraq təqdim olunan kitablarda daha çox informasiya və fakt cəmləşdirməyə böyük səy göstərilib. Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, eləcə də işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər unudula və unutdurula bilməz.

Belə bir möhtəşəm toplantıya ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edən Türkiyə Prezident Administrasiyasının bölmə müdiri Mehmət Tuncər bildirib ki, ortaq milli sərvətimiz olan Qarabağ Zəfərini tərənnüm edən hər bir kitab bütün Türkiyə üçün böyük qənimətdir.

Can Azərbaycana aid həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının əhəmiyyətindən bəhs edən Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin müdiri Səlcuk Karakılıç bildirib ki, təqdim olunan nəşrlər bütün göstəriciləri ilə tarixi əhəmiyyət daşıyır. Erməni vandalizmini və insani cinayətləri ifşa etmək təkcə Azərbaycanın deyil, sülhsevər dünya ictimaiyyətinin maraqlarına uyğundur.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamını xatırladan çıxışçılar diqqətə çatdırıblar ki, nəşrlərin Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının fonduna daxil olması bir tərəfdən Azərbaycan həqiqətlərinin təbliğinə yeni bir əsas yaradırsa, digər tərəfdən isə Azərbaycan-Türkiyə qardaşlığı başda olmaqla türk dünyasının birliyinin və həmrəyliyinin öyrənilməsinə ciddi töhfə verir.

Çıxışlarda əminliklə bildirib ki, 44 günlük Vətən savaşının nəticələri bölgədəki geosiyasi vəziyyəti dəyişməklə bərabər, qarşıda duran vəzifələri də müəyyən edib. Bu anlamda Azərbaycan həqiqətlərinə, o cümlədən otuzillik işğalla bağlı nəşrlərin işıq üzü görməsi böyük bir missiyanın icrasıdır.

Təqdimatı keçirilən iki kitabda bildirilib ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti təkcə müsəlman türklərə qarşı yönəlməyib, Qarabağın təbiətinə, abidələrinə, ağaclarına, çaylarına qarşı əsl soyqırımı həyata keçirilib. Bütün bu acı həqiqətlər barədə nəşrlərdə müfəssəl məlumatlar toplanıb.

Vurğulanıb ki, UNESCO kimi beynəlxalq qurumların həqiqətləri görməməzliyə vurması, qeyri-obyektiv mövqedən çıxış etməsi fonunda bu cür nəşrlərin beynəlxalq ictimaiyyətə çatdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Təqdimatı keçirilən iki kitabdakı çoxsaylı faktlar təkzibolunmaz şəkildə təsdiq edir ki, işğalçı Ermənistanın başlıca məqsədi zəbt etdiyi ərazilərdə torpaq üstündə nə varsa hamısını məhv edib Azərbaycan üçün yarasız hala salmaq olub.

Qeyd edək ki, hər iki möhtəşəm nəşriyyat layihəsi "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi ilə işıq üzü görüb. Nəşr olunan bu kitablar tarixin bütün dövrlərində ölkəmizə aid həqiqətlərin, erməni vandalizminin iç üzünün öyrənilməsində, gələcək nəsillərə, o cümlədən dünya ictimaiyyətinə çatdırılmasında əyani vəsait kimi dəyərli olacaqdır.

AZƏRTAC