Türkiyə: Müstəqilliyimizin bərpasının 30-cu ildönümü
Diaspora

Türkiyə: Müstəqilliyimizin bərpasının 30-cu ildönümü

İstanbul

İstanbulda Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfrans keçirilib. Türkiyənin Yıldız Texniki Universitetində keçirilən tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycanın ərazi bütövlüyü, o cümlədən 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib ki, Azərbaycan müstəqilliyini 30 il əvvəl bərpa edib. Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri, qoyduğu təməllər üzərində qurulan yeni azad Azərbaycan illər keçdikcə daha da güclənərək dünyanın qabaqcıl ölkələri sırasına çıxıb. Hazırda ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan 30 ilə yaxın davam edən işğala Ali Baş Komandanın rəhbərliyi ilə son qoyub və 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edib.

Türkiyənin "A News" media şirkətinin redaktoru, siyasi analitik Səidə Zahidovanın moderatorluğu ilə baş tutan panel iclasda Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı, "SOCAR Turkey Enerji A.Ş."nin baş direktoru Zaur Qəhrəmanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Türkiyənin Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Mesut Hakkı Caşın, Boğaziçi Universitetinin rektorunun müavini Gürkan Kumbaraoğlu tədbir iştirakçılarına Azərbaycanın müstəqillik yolu haqqında geniş məlumat veriblər.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev, "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyənin müxtəlif universitetlərinin rektorları, diplomatik korpusun nümayəndələri, Türkiyədə fəaliyyət göstərən və yaşayan həmvətənlərimiz, eləcə də Türkiyə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Ankara

Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ankarada mərasim təşkil olunub. Tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, qardaş ölkədə təhsil alan kursantlarımız, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakar çıxış ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Səfir Rəşad Məmmədov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev xalqımızın tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdanda ölkəmiz və dövlətimiz ağır təlatümlərlə üz-üzə idi. Ulu öndər böyük uzaqgörənliklə Azərbaycanın dövlətçilik strategiyasını dəqiq hədəflər üzərində həyata keçirib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strategiyanın nəticəsidir ki, Azərbaycan qüdrətlənib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı düşməni məhv edərək ərazi bütövlüyümüzü bərpa edib.

Şanlı hərbi Zəfərimizi ən xoş sözlərlə təbrik edən UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakar çıxışında böyük şair Nizami Gəncəvinin həyat və yaradıcılığına, əsərlərinin dünyəvi dəyərlərinə, fəlsəfi fikirlərinin əhəmiyyətinə geniş yer ayırıb.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qazanılan uğur və nailiyyətlərdən geniş bəhs olunub.

Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəngarəng repertuarı və ecazkar səsi ilə "Qarabağ" muğam qrupu səhnəni fəth edib.

Qars

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, yerli ictimaiyyətin tanınmış nümayəndələri, gənclər iştirak ediblər.

Əvvəlcə Qarsdakı Heydər Əliyev Parkına gələn iştirakçılar ulu öndərin burada ucaldılan abidəsi önünə tər çiçəklər düzüblər.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Nuru Quliyev Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı müfəssəl məlumat verib. Çıxışında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına geniş yer ayıran baş konsul diqqətə çatdırıb ki, ulu öndərimizin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dövləti qüdrətlənib, inkişafa yüksəlib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı böyük Zəfər müjdəsindən məmnun və iftixarlıdır.

Qars Qafqaz Universitetinin dosenti İlkin Quliyev və başqaları çıxışlarında son otuz ildə Azərbaycanda yaşanan ictimai-siyasi proseslərdən bəhs ediblər. Əminliklə ifadə edilib ki, qüdrətli Azərbaycan dövləti əbədiyyətə qədər Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayacaq.

Esmira Yazkan Aslanova,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.