Türkiyə:  Mustafa Kamal Atatürk ehtiramla yad edilib
Türk dünyası

 Türkiyə:  Mustafa Kamal Atatürk ehtiramla yad edilib

57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə başa vuran Mustafa Kamal Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.  O,1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burada təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona Kamal adını verib. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır. 

1896-cı ildə Monastır Hərbi Məktəbinə daxil olub və 1899-cu ildə buradan məzun olub. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izin verilməyib. 

1899-cu ildə İstanbul "Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil olub və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (leytenant) rütbəsilə başa vurub. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun olub. 

Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmuş və hər zaman  müstəqillik fikirlərini də təbliğ etmişdir. 

Müxtəlif vəzifələrdə olan və bir çox müharibələrdə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal, iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin millətin əzmkarlığı və qərarlılığı  ilə xilas ola biləcəyini elan edir. 

1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək, özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır. 

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, ömrünün sonuna qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib. Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoley tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.  Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Anıtqəbrə Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb. Onun qəbri üçün Kipr, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsindən, Azərbaycan da daxil olmaqla 105 nöqtədən torpaq gətirilib.

 Müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından artıq 83 il ötür. Onun vəfatının 83-cü ildönümü Türkiyədə böyük  ehtiramla yad edilib. Saat 09:05-i göstərdiyi an bütün Türkiyə bir dəqiqəlik sükuta qərq olub. Çünki o an Atatürkün həyatla vidalaşdığı, amma bütün xatirələrdə əbədi  yaşayacağı andır.

Mustafa Kamal Atatürkün  xatirəsi Ankarada dəfn edildiyi Anıtqəbirdə keçirilən dövlət mərasimində də anılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə  keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, prezident köməkçisi Fuad Oktay, Prezident kabinetinin üzvləri, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlət Baxçalı, İYİ Partiya sədri Meral Akşener və digər dövlət məmurları iştirak edib. Ərdoğan Atatürkün məqbərəsinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub. Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra İstiqlal Marşı oxunub.

Esmira Yazkan ASLANOVA,

 “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.