Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ANAMA-da olub
Digər xəbərlər

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ANAMA-da olub

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə V.Süleymanov üçtərəfli Bəyanatın imzalanmasından sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayının artmaqda davam etdiyini bildirib. O, minaların onilliklər boyu aktiv qalaraq ciddi risk daşıdığını vurğulayaraq, Ermənistan tərəfindən bu günədək mina xəritələrinin Azərbaycan tərəfinə verilməməsi səbəbindən 28 şəxsin mina partlaması nəticəsində həlak olduğunu diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin iyunun 30-da işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri planlaşdırılır.

AZƏRTAC