Türkiyə ilə Azərbaycan hərbi sahədə də müttəfiqdir
Türk dünyası

Türkiyə ilə Azərbaycan hərbi sahədə də müttəfiqdir

Yüksək beynəlxalq tribunalardan öz sözünü deyən, milli mənafeyini qoruyan, böyük iqtisadi potensiala malik ölkəmiz İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyaraq əldə etdiyi Qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün beynəlxalq aləmdə mövqeyini günbəgün gücləndirən Azərbaycan yeni dünya nizamında idarə olunan deyil, fikirləri ilə hesablaşılan, önəmli siyasi-iqtisadi gücə sahib olan dövlətlər sırasındadır. 5-ci nəsil silahlarla təchiz olunmuş, dünyanın ən güclü 50 ordusu sırasında yer alan silahlı qüvvələrə sahib olması isə müstəqil dövlətimizin nəinki regionda, eləcə də beynəlxalq siyasi məkanda da nüfuzunu artırıb.

Ölkəmizdə real ordu quruculuğu prosesinə 90-cı illərin əvvəllərində - ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra başlanıldı. Bu illərdə müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin nizami ordusunun yaradılması və formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biri olan ordu quruculuğunda əsaslı dönüş başladı. Bu sahədə milli kadrların hazırlanması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, ayrılan xərclərin artırılması güclü milli ordunun yaranmasına və get-gedə daha da möhkəmlənməsinə zəmin oldu. Ali Baş Komandan İlham Əliyevin 19 illik prezidentliyi dövründə isə bu sahədə yeni mərhələ başladı. Ölkə iqtisadiyyatının dinamik inkişafı Silahlı Qüvvələrimizin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasına, yüksək texnologiyalar əsasında ən müasir silahlarla təmin edilməsinə, müdafiə və döyüş qabiliyyətinin artırılmasına geniş imkan yaratdı.

Böyük maliyyə tələb edən hərbi təchizat məsələləri yüksək səviyyədə öz həllini tapdı. İlbəil dövlət büdcəsindən müdafiə xərclərinə böyük həcmdə vəsaitlər ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi.

Qürurverici haldır ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz milli maraqlara uyğun beynəlxalq əhəmiyyətli böyükhəcmli layihələrin reallaşmasına birgə səy göstərir. Hərbi sahədə də müttəfiq olan iki qardaş ölkə 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqaviləyə əsasən müstəqilliyin qorunması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edirlər. Müqavilənin ikinci maddəsində ölkələrdən hər hansı biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldığı halda, öz imkanları daxilində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri nəzərdə tutulur. Müqavilədə həmçinin, hər iki dövlətin səylərini birləşdirməsi, müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq perspektivləri öz əksini tapıb. Bu baxımdan, Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan qardaş Türkiyə ilə birgə beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir, sülhü təhdid edən çağırışlara qarşı səylərini birləşdirirlər.

2018-ci ilin fevral ayında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" sazişin imzalanması ilə iki qardaş ölkə hərbi təchizat və silah sahəsində elmi və texniki bacarıqlarından istifadə edərək müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə addımlar atmağa başlamışlar. Sazişə əsasən Azərbaycan və Türkiyə müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq edirlər.

Bütün bunların fonunda bir-birinə qarşılıqlı yardım göstərmək, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Müntəzəm olaraq keçirilən birgə təlimlər isə hər iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsi, hərbi biliklərin mənimsənilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Belə ki, hərbi arsenalında dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikası olan Azərbaycan Milli Ordusunun döyüş qabiliyyətinin artırılması məqsədilə bütün birlik və birləşmələrdə - Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir. Bu təlimlərin böyük əksəriyyəti hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulan Türkiyə dövləti ilə birgə yerinə yetirilir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən ötən il iyunun 28-də Bakıda "Mustafa Kamal Atatürk - 2021" birgə döyüş atışlı taktiki təlim, Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verən "Üç qardaş - 2021" beynəlxalq təlimi, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli, nəzəri və praktiki hissədən ibarət olan komanda-qərargah təlimi və s. iki ölkənin hərbi sahədə yüksək səviyyəli əməkdaşlığının bariz nümunəsidir.

Bu il mayın 9-da Türkiyədə keçirilən, əsas hədəfləri terrorçuluqla mübarizə, xilasetmə, silah və sursatlardan istifadə olan "Efes-2022" müştərək və birləşmiş təlimlərinə ABŞ, Almaniya, Albaniya, Avstraliya, Bəhreyn, Banqladeş, Bosniya və Herseqovina, Burkina Faso, Çexiya, Efiopiya, Fransa, Qambiya, Gürcüstan, İraq, İngiltərə, İtaliya və s. olmaqla 37 ölkə iştirak etmişdir. Ölkəmizin də iştirak etdiyi "Efes-2022"də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, quru, dəniz və hava qüvvələrinin komandanlıqları, sərhəd qoşunları və xüsusi təyinatlılar, Türkiyənin nazirlikləri və mülki təşkilatları, eləcə də aparıcı müdafiə sənayesi şirkətləri iştirak etmişlər.

2018-ci ildən etibarən Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının bu il may ayının 26-da ilk dəfə Türkiyədən kənarda olaraq Bakıda keçirilməsi Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi müttəfiqliyin möhtəşəm təntənəsi oldu. Elm, inkişaf və texnologiya festivalı olan TEKNOFEST Azərbaycan ilə Türkiyənin sözdə deyil, əməldə qardaş olan iki dövlət olduğunu göstərdi. Festivalda ölkələrimizin kosmik agentlikləri və müvafiq qurumları bir araya gəldi. Dünyanın ən məşhur aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST iki qardaş ölkənin hər məsələdə olduğu kimi, müdafiə sənayesində də bir-birinə güvəninin rəmzi oldu.

2022-ci il oktyabr ayının 6-da Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri ilə birgə təlim keçirmiş, iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra etmişlər. Oktyabrın 22-də Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2022" kompüter dəstəkli komanda-qərargah təlimində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilmişdir.

Bu gün Azərbaycan ilə Türkiyə bütün sahələrdə müttəfiqliklərini daha yüksək səviyyədə həyata keçirirlər. Bütün bunlar isə iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunun, çiyin-çiyinə birgə addımladığının möhtəşəm nümunəsidir. Noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayı qəbul edərkən bu, bir daha öz təsdiqini tapdı. Belə ki, Zəngəzur dəhlizinin əhəmiyyətinin qeyd olunduğu görüşdə Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasından, energetika sahəsində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edilib. Həmçinin, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və bu dəhlizin geniş ixrac imkanlarına sahib olması qeyd olunub.

Mehparə ƏLİYEVA,

"Respublika".