Türkiyə: “Azərbaycan Rüzgarı” proqramı yenidən tamaşaçılarının görüşünə gəlir
Digər xəbərlər

Türkiyə: “Azərbaycan Rüzgarı” proqramı yenidən tamaşaçılarının görüşünə gəlir

2018-2021-ci illərdə “Azərbaycan Rüzgarı” proqramı Türkiyənin “Bengü Türk” kanalında  yayımlandığı gündən tamaşaçıların rəğbətini qazanmışdır. Proqram fəaliyyətini müvəqqəti dayandırsa da, mart ayının 12-dən etibarən həftədə bir dəfə “Ulusal” telekanalında yenidən  tamaşaçılarının görüşünə gələcək.  “Azərbaycan Rüzgarı” proqramı öz dəst-xətti ilə digər proqramlardan çox fərqlənir. Bu veriliş Azərbaycan və Türkiyənin  siyasi, iqtisadi, mədəni əlaqələrini özündə əks etdirən telekörpüdür. Verilişdə Azərbaycanın  mədəniyyəti, tarixi, coğrafiyası, xalqımızın qədim adət-ənənələri, milli musiqilərimiz,  mənəvi dəyərlərimiz qardaş ölkə auditoriyasına çatdırılır.   Proqram,  həmçinin Azərbaycanın görkəmli sənətçilərini  tanıtmaq və təbliğ etmək sahəsində müstəsna xidmət göstərir.

“Azərbaycan Rüzgarı”nın müəllifi və aparıcısı həmyerlimiz, İstanbul Universitetinin doktorantı, telejurnalist Səidə Ömər yaxın günlərdə proqramın daha fərqli mövzuları əhatə etməklə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə həftədə bir dəfə bazar günləri  efirə gedəcəyini bildirib:  

“Seyrçilərlə görüşü səbirsizliklə gözləyirəm. Türkiyədən dünyaya açılan “Azərbaycan Rüzgarı” pəncərəsinə bütün dünya azərbaycanlıları hər zaman maraq göstərib. Odur ki, onların da  “Azərbaycan Rüzgarı”nı gözləyəcəklərindən əminəm”.

Esmira Yazkan ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.