Türkiyə-Azərbaycan müttəfiqliyi bölgədə çox önəmli faktordur
Türk dünyası

Türkiyə-Azərbaycan müttəfiqliyi bölgədə çox önəmli faktordur

Bu, sülhün və sabitliyin təmininə yönəlmişdir

Bir müddətdir ki, beynəlxalq arenada diqqət İranın Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında "Qüdrətli İran" adlı hərbi təlimlər keçirməsinə yönəlib. Tehranın Bakı ilə gərginliyin artması fonunda İranın Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməsi birmənalı qarşılanmır.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir ki, İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. Göründüyü kimi, rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq keçirildiyi bildirilsə də, hərbi təlimin İran hakimiyyətinin "sərhədlərin dəyişməzliyi" ilə bağlı son bəyanatları, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi fonunda təşkil olunması bunun birmənalı olaraq məqsədyönlü və məkrli niyyətlə keçirildiyini düşünməyə kifayət qədər əsaslar yaradır. Şübhəsiz, hər bir ölkənin hərbi təlimlər keçirməsi həmin dövlətin müstəsna hüququdur. Ancaq hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir.

Təlimlər barədə dünya informasiya mənbələrində verilən çoxsaylı məlumatlarda o da qeyd olunur ki, Qarabağdakı müharibədən sonra İran-Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin hərbi təlimləri yeni deyil. İndiyə kimi 3 hərbi təlim keçirilib. Budəfəki təlim hərbi texnika, canlı qüvvə və vasitələrin miqyası, eləcə də əhatə etdiyi coğrafiyası ilə əvvəlkilərdən fərqlənir. İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi tənqidlərlə qarşılanıb. Belə ki, ölkə televiziyalarında, sosial şəbəkələrdə İranın təlimlərinin Azərbaycana qarşı yönəldiyi bildirilib. Aparılan təhlillərə görə, Tehran Qarabağ müharibəsində Bakının qələbəsindən məmnun deyil, çünki İran lap əvvəldən indiyə qədər sakitcə erməniləri dəstəkləyib. İranın yeganə narahatlığı Ermənistanla maneəsiz əlaqəni təmin edən yolun Azərbaycanın nəzarətinə keçməsi deyil. Tehran Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının dərinləşməsindən, Pakistanın da bu birliyə qoşulmaq yönündə addımlar atmasından ciddi narahatlıq keçirir. Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı ölkəmizə imkan verir ki, bu cür cəhdlərə çox təmkinli yanaşsın. Amma Azərbaycan da öz imkanlarını nəzərə alaraq lazımi cavab addımları atmağa hazırdır.

Türkiyənin faktiki olaraq, Azərbaycandakı siyasi, hərbi, iqtisadi təsirinin artdığını, Cənubi Qafqazda mühüm siyasi güc faktoruna çevrildiyini və bunu Rusiyanın da qəbul etməsini görüb, İran ən xırda hadisədən belə narazılığını ifadə edir. "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib. Dövlət başçısı ötən il Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən bütün sahələrdə müttəfiq olduğunu bildirib: "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi". Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi Astanada Azərbaycan Prezidenti ilə görüşü zamanı növbəti dəfə sərhədlərin dəyişməsinə qarşı olduğunu deyib. Əlbəttə, sərhədlərin dəyişilməsi dedikdə hər zaman dəstək verdiyi Ermənistanı nəzərdə tutduğu sirr deyil. Azərbaycan və İran prezidentlərinin görüşündən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə nəyi sübut etməyə çalışır? Təəssüf ki, özünü bizə yaxın göstəmək istəyən İran Azərbaycan torpaqlarının 30 il işğal altında olduğu müddətdə bir dəfə də olsun buna münasibət bildirməyib. Əksinə, separatçılarla müəyyən işbirliyi də qurub. Müsəlman dövləti olduğu halda bizim yanımızda deyil, həmişə ermənilərin arxasında olub. İran Azərbaycan dövlətinin İrana qarşı səmimi dostluq münasibətlərini heç bir zaman doğru-dürüst dəyərləndirə bilməyib. Zəngəzur dəhlizi açılarsa, İranın da buradan faydalar götürə biləcəyini qəsdən qəbul etmir.

"İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək". Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanla Ermənistan arasındakı münaqişədən danışarkən bildirib. İran diplomatiyasının rəhbəri deyib ki, İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək və bu məqsədi təmin etmək üçün İran İslam Respublikası həmin bölgədə hərbi təlimlərə başlayıb. Bu, onu deməyə əsas verir ki, Tehran Bakı ilə danışıqlarda güc amilindən təzyiq kimi yararlanmağa qərar verib.

İrana cavab gecikmədi deyə bilərik. "Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib. "Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək", - deyə Türkiyə Prezidenti qeyd edib.

İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Ermənistana dəstək,  onunla bir olduğunu nümayiş etdirməyə və Zəngilan bölgəsində Bakının böyük layihələr həyata keçirməsinə qarşı çıxdığını göstərməyə hesablanmış addımdır. Ermənistanla bir olan İran ona görə də bu formada Azərbaycanın atdığı addımlara etirazını bildirir, əzələ nümayiş etdirir. Amma unudur ki, bunlar mənasız, sonu uğursuz olacaq addımlardır. Çünki onlarin qarşısında iki qardaş, qüdrətli ölkə var.

Mustafa KAMAL,

"Respublika".