“Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası
Digər xəbərlər

“Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası"

İstanbul şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycanın İstanbuldakı baş konsulluğu, İbn Haldun Universiteti və Heydər Əliyev Avrasiya Çalışmaları Uyğulama və Araşdırma Mərkəzinin  təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası" adlı konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, ulu öndər Heydər Əliyevin öz həyatını xalqımızın rifahının yaxşılaşmasına, güclü Azərbaycan dövlətinin qurulmasına həsr etdiyini və xalqın da buna qarşılıq verdiyini deyib. O,  diqqətə çatdırıb ki, Heydər Əliyev hər zaman Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına önəm verib və bu, dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri olub. Ortaq dilimiz, dinimiz, tariximiz bunlar üçün yaxşı zəmin yaradıb. Bu gün Azərbaycan və Türkiyə təkcə öz ölkələri üçün deyil, bölgədə sülhə və əmin-amanlığa xidmət edən layihələr gerçəkləşdirir. Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə hər zaman birlikdədir, bu siyasət əlaqələrimizin təməl prinsiplərindən biridir.

 Tədbirdə  çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar BMTM-in həm Azərbaycanda, həm də ölkədən kənarda konfranslar təşkil etdiyini bildirib. Məqsəd o dövrdə siyasi-iqtisadi prosesləri akademik cəhətdən öyrənmək, ictimaiyyətə çatdırmaqdan ibarətdir.  Onun sözlərinə görə, müstəqilliyinin ilk illərində Azərbaycan çətin iqtisadi və siyasi proseslərdən keçib, əraziləri Ermənistan tərəfindən işğal olunub.

"2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad edib. Azərbaycanın dövlətçiliyi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı günü-gündən daha da güclənir. Bütün bunların əsası ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulub.  Enerji layihələrinin, iqtisadi islahatların həyata keçirilməsinə başlanmasından 30 il sonra Heydər Əliyevin necə uzaqgörən siyasətçi olduğunu görürük" - deyib Fərid Şəfiyev.

 İbn Haldun Universitetinin rektoru Atilla Arkan çıxışında  vurğulayıb ki, 30 ildən sonra iki ölkə arasında əlaqələrin səviyyəsinə nəzər yetirdikdə bu inkişafın Heydər Əliyevin siyasəti nəticəsində mümkün olduğunu gördük.

Konfransda İbn Haldun  Universitetinin  Qəyyumlar Şurasının sədri İrfan Gündüz, Azərbaycan Parlamentinin üzvü Ramil Həsən, TBMM Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezident Administrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, Altınbaş Universitetinin rektoru Çağrı Erhan, "SOCAR Türkiyə"nin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Mikayıl Yusifov, BMTM-in şöbə müdiri Cavid Vəliyev, aparıcı məsləhətçi Mətin Məmmədli, Türkiyə və Azərbaycandan olan elm adamları Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolundan, ölkələrimiz arasında əlaqələrin gələcək inkişafından danışmışlar.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.