Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır
Türk dünyası

Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır

Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan Türkiyə Cümhuriyyəti dövlətimizlə strateji tərəfdaş olmaqla yanaşı, dost, qardaş və müttəfiq ölkədir. Dünyanın heç bir yerində Azərbaycan- Türkiyə münasibətlərinə uyğun ikinci bir dövlət yoxdur. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" sözləri hər iki ölkənin bir-biri ilə daha da yaxınlaşmasına böyük təkan verib. İki qardaş dövlətin arasındakı isti münasibətlər təkcə hökumət və liderlər səviyyəsində deyil, hər iki xalqın eyni dili və dini paylaşmasından da irəli gəlir.

İkinci Qarabağ müharibəsi başlayan zaman Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın yanında yer alması xalqımız və dövlətimiz üçün əlavə güc mənbəyi oldu. Siyasi-mənəvi dəstəyini Azərbaycandan əsirgəməyən qardaş dövlətin "hər zaman yanınızdayıq" deməsi, bəlkə də bu müharibəyə müdaxilə etmək istəyənlərin geri çəkilməsində əsas oldu. Vətən müharibəsi dönəmində öz xarici siyasətini Azərbaycan maraqları üzərindən quran Türkiyə dövləti bəzi təzyiqlər altında qalsa da, Azərbaycanı siyasi arenada heç bir zaman yalnız qoymadı.

Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ Azərbaycan xalqını kədərə bürüdü. Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ Hatay, Osmaniyə, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatyada güclü dağıntılara səbəb olub. Təbiət hadisəsi nəticəsində 9 mindən çox insan həyatını itirib, yüz minlərlə insan dağıntılar altında qalıb. Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət elan olunub.

Necə ki, Vətən müharibəsi zamanı tarixin çətin sınağı qarşısında qardaş dövlət bizi yalnız buraxmadı, bu gün də Azərbaycan Respublikası Türkiyə ilə həmrəylik nümayiş etdirir. Azərbaycan bu dəfə də qardaş dövlətin dərdinə şərik çıxdı. İlk olaraq dövlət başçısı İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına başsağlığı verib.

Türkiyənin Kahramanmaraş vilayəti və ətraf ərazilərində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstəriş verib. Göstərişə əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti, xüsusi avadanlıqlar və axtarış itləri ilə fevralın 6-da Türkiyəyə yola salınıb. FHN-in axtarış-xilasetmə heyəti artıq onlarla insanı dağıntıların altından xilas edərək yenidən həyata qaytarıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daha bir göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimləri Türkiyənin Kahramanmaraş ərazisində fəaliyyət göstərir.

Azərbaycan xalqı Türkiyənin faciəli günündə hər sahədə əsl həmrəylik nümayiş etdirir. Dünyasını dəyişmiş insanların xatirəsi Türkiyə Səfirliyi önündə anılır. Səfirliyin qarşısına gül dəstələri düzülüb. Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar 7 günlük matəm elan olunduqdan sonra Azərbaycan telekanalları təbii fəlakət nəticəsində dünyasını dəyişmiş minlərlə bacı və qardaşlarımıza hörmət əlaməti olaraq əyləncəli verilişlərin yayımını tam olaraq dayandırıb. Təbii fəlakət zonasında insanlar təkcə zəlzələdən deyil, havanın soyuq olmasından da əziyyət çəkir. Havaların soyuq və şaxtalı keçməsi türk vətəndaşların halını daha da pərişan edir. Azərbaycan xalqı insanların soyuqda qalmasına heç cür etinasızlıq göstərə bilməzdi. Vətəndaşlarımız türkiyəli qardaşlarına maddi və mənəvi dəstək göstərmək üçün ilk gündən hərəkətə keçib. Hadisənin birinci günü soyuqda evsiz qalan insanlara dəstək olaraq əhali tərəfindən müxtəlif yaş qruplarına uyğun olan paltarlar, yorğan, döşək və isidici avadanlıqları ilə dolu olan TIR-lar Türkiyəyə yola salınıb. Azərbaycanda Türkiyəyə maddi yardım göstərmək istəyənlər üçün ianələrlə bağlı komissiya haqqı və ƏDV-lər də ləğv edilib.

Azərbaycanda və dünyada bir çox humanist işlərlə yaddaqalan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yardım kampaniyası başladılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə humanitar yardım göndərilir. Heydər Əliyev Fondunun dəstəyi ilə hadisədən ziyan çəkmiş qardaş ölkənin vətəndaşları üçün dərman preparatları, oksigen maskaları, onurğa taxtaları, tibbi ləvazimatlar, isti geyimlər və digər avadanlıqlar Türkiyəyə yola salınacaq.

Azərbaycan yanacaq sahəsində də Türkiyə dövlətinə yardım göstərir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir. Bundan başqa, "SOCAR Türkiyə" AFAD-a 6,4 milyon lirə məbləğində əsas tələbat malları təhvil verib. 3,5 milyon lirə pul bağışlayıb. Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lirə dəyərində materialı təmin edib.

Fevralın 7-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olaraq, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Musa BAĞIRLI,

"Respublika".