Türkiyə: 20 Yanvar şəhidlərinin xatirəsi qürur və ehtiramla anılıb
Sosial həyat

Türkiyə: 20 Yanvar şəhidlərinin xatirəsi qürur və ehtiramla anılıb

ANKARA

Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondunun və Qazi Universitetinin nəzdindəki Türk Dünyası Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, bu hadisələr həm də Azərbaycan xalqının misilsiz qəhrəmanlığı kimi tarixə düşüb. Azərbaycan xalqı həmin təlatümlü gecədə azadlığı və müstəqilliyi yolunda ölümün gözünə dik baxaraq qəddar sovet imperiyasına meydan oxuyub.

Qara Yanvarla bağlı Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliam olduğunu bildirib.

Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 Yanvar şəhidlərinin öz qəhrəmanlıqları ilə Azərbaycanın müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Qazi Universiteti Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlu, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan və Türk Tarix Qurumunun sədri Birol Çətin çıxış edərək 1990-cı il 20 Yanvar tarixini xalqımızı milli azadlığa aparan əzəmətli yol olaraq səciyyələndiriblər. Bildirilib ki, 33 il əvvəl törədilən bu faciə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq nümunəsi kimi həkk olunub.

 

İĞDIR

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və İğdır Vəkillər Kollegiyası tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş qırğınları, vəhşilikləri xatırlayaraq milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsinin yaddaşlarda əbədi yaşayacağını diqqətə çatdırıb. O, 1990-cı il 20 Yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı, amansızlığı ilə seçilən təcavüzdən bəhs edərək azadlığı, müstəqilliyi və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb.

İğdır Vəkillər Kollegiyasının sədri Özgür Qurban Gül və başqaları çıxış edərək 20 Yanvar faciəsinin məşəqqətlərindən danışıblar. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri qardaş Türkiyədə böyük bir nigarançılıq, ürəkağrısı ilə qarşılanıb. Türkiyə xalqı qəhrəman övladlarımızın xatirəsinə həmişə böyük ehtiram göstərib, qardaş ölkənin ziyalıları Bakıda törədilən faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edib.

Çıxışlarda, həmçinin qeyd olunub ki, 20 Yanvar şəhidləri canlarını Vətən yolunda fəda edərək Azərbaycanın azadlığına yol açıblar.

 

QARS

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanışlıq olub.

Mərasimdə Baş konsul Nuru Quliyev, Qars valisi Türkər Öksüz və Qafqaz Universitetinin dosenti Yaşar Kop çıxış ediblər. Onlar keçmiş Sovet İttifaqı rəhbərliyinin 33 il əvvəl Azərbaycana qarşı törətdiyi hərbi cinayətin səbəb və məqsədlərindən bəhs ediblər.

Türkər Öksüz çıxış edərək "Qara Yanvar" hadisələrinin millətin ən ağrılı səhifələrindən biri kimi tarixə düşdüyünü bildirib: "33 il əvvəl, 1990-cı ilin 20 Yanvarında uşaq, gənc, kişi, qadın, qoca demədən azərbaycanlılara qarşı amansız qətliam edildi. Təəssüflər olsun ki, bu qeyri-insani qətliam özünü "mədəni" adlandıran dünyanın gözü qabağında həyata keçirilib. Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı azadlıq, müstəqillik uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya bir daha bəyan etdi: Bu gün bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycanın həmrəyliyi təqdirəlayiqdir. Türkiyə və Azərbaycan tarix boyu iki dost və qardaş ölkə olub və elə də qalacaqdır. Ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlığın bundan sonra da davam edəcəyinə əminik. Dost və qardaş Azərbaycanla ortaq ağrımız olan Qara Yanvarı və məruz qaldığımız digər qırğınları heç vaxt unutmayacağıq".

Baş konsul Nuru Quliyev isə çıxışında 1990-cı il 20 Yanvar tarixini Azərbaycanın müstəqillik mübarizəsinin başlanğıcı olduğunu bildirib: "Çoxlu qan töküldü, gənclərimiz şəhid oldu. Amma şəhidlərin qanı yerdə qalmadı. Biz artıq 1991-ci ildən bu yana 32 ildir müstəqil dövlətin vətəndaşlarıyıq və dövlətimizlə fəxr edirik. 2 ildən artıqdır ki, işğal altında olan Qarabağımızı azad etmişik".

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Türkiyənin yerli hakimiyyət orqanlarının rəhbərləri, Qafqaz Universitetinin professor, müəllim və tələbələri iştirak ediblər.

 

İSTANBUL

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Nişantaşı Universitetində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə anım mərasimi keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, azərbaycanlı tələbələr və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordu bölmələrinin Bakı və Sumqayıt şəhərlərində dinc əhaliyə, o cümlədən qadınlara, qocalara, uşaqlara qarşı amansız divan tutaraq qanlı qətliam törətdiyini bildirib. Həmin gecə 149 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin itkin düşdüyü barədə məlumat verilib. Anım tədbirində millət vəkili Musa Qasımlı, Nişantaşı Universitetinin rektoru Şenay Yalçın, professor doktor Nurşin Güney və professor Ragip Kutay Karaca çıxış ediblər.

 Millət vəkili Musa Qasımlı deyib: "20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdır. Bütün bu zorakılığa və qanlı cinayətə baxmayaraq, Azərbaycan xalqı əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına dövlət müstəqilliyini bərpa etdi''.

30 ildən artıq işğal altında qalan ərazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı atılan addımlar bundan sonra da layiqincə cavablandırılacaq.

Tədbirdə çıxış edənlər faciənin təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı törədildiyini bildiriblər. 20 Yanvar hadisəsinin faciə ilə yanaşı, müstəqilliyə doğru atılan addım olduğunu vurğulayıblar.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.

 

Fransa

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatlarımız Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin Paris şəhərinin yaxınlığındakı Sen Klu qəbiristanlığındakı məzarlarını ziyarət edərək qəbirləri üzərinə əklil qoyublar.

Sonra Parisdəki Mədəniyyət Mərkəzində səfirliyin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Parisdəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər, elmi tədqiqatçılar, incəsənət və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Səfir Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, 1990-cı ilin Qanlı Yanvar hadisələrindən danışıblar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusu bölmələri tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı, Sumqayıt və digər şəhərlərdə dinc əhaliyə qarşı qətliam törədildiyi, işğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 150 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin isə itkin düşdüyü bildirilib. 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin faciəvi səhifəsi, eyni zamanda, şərəf və qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib. Həmin hadisələrin ölkəmizdə milli kimliyin formalaşmasında müstəsna rolunun olduğu, xalqımızın müstəqilliyə nail olmaq əzminin daha da gücləndirildiyi vurğulanıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hadisələrin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə qınadığı və bu faciəni xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğu bildirilərək, müstəqil Azərbaycanın hazırda həyata keçirdiyi uğurlu müstəqil xarici siyasət qeyd edilib. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində bütövlüyünü bərpa edən Azərbaycanın bölgədə sülh gündəliyini həyata keçirdiyi vurğulanıb. Müasir müstəqil Azərbaycanın bu gün yalnız bölgədə deyil, dünyada sülh, təhlükəsizlik və əmin-amanlığın təmin olunmasına töhfə verdiyi və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş olaraq qəbul edildiyi bildirilib.

Daha sonra 20 Yanvar faciəsindən bəhs edən qısa sənədli film nümayiş olunub.

Tədbir Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş matəm konserti ilə davam edib. Konsertdə Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın "Ecole Normale de Musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Tədbir çərçivəsində gənc fotojurnalist Maya Bağırovanın 20 Yanvar qurbanlarına həsr olunmuş sərgisi nümayiş etdirilib.

 

 

Qan yaddaşımız... 1990-cı il 20 Yanvar. O faciədən artıq 33 il keçir. 20 Yanvar əslində, tariximizin qəhrəmanlıq səhifəsidir. Bu olay milli azadlıq hərəkatının başlanması, onun ümummilli bir prosesə çevrilməsində müstəsna rol oynayıb. Çökməkdə olan sovet rejiminin süqutunu tezləşdirən 20 Yanvar faciəsi xalqımızın milli ruhunu qırmadı, əksinə, onu daha mübariz etdi, 20 Yanvardan başlanan qəhrəmanlıq yolu İkinci Qarabağ müharibəsində Zəfərlə başa çatdı.

20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizin hər bir bölgəsində böyük hörmət və ehtiramla yad olunub. Ümumxalq Hüzn Günü ilə əlaqədar bölgələrdə keçirilən silsilə tədbirlərdən hazırlanan materialları oxucularımıza təqdim edirik.

 

Naxçıvan

Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsinin ildönümü Naxçıvanda da dərin hüzn və eyni zamanda insanların yüksək vətənpərvərlik hissləri ilə yad olunub. Yanvarın 20-də Muxtar Respublikanın rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi şəxslər və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Üzərindən 33 il ötsə də bu tarixi gündə ailəlikcə Şəhidlər Xiyabanına axın edən Naxçıvan sakinləri dövlət müstəqilliyimizin qazanılmasında, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad etmiş, məzarları üzərinə tər qərənfillər düzərək ruhlarına dualar oxumuşlar. Şəhidlər Xiyabanına ziyarətçilərin axını axşam saatlarınadək davam etmişdir.

 

GƏNCƏ

20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş ən müqəddəs bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq, gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Gəncənin Şəhidlər Xiyabanında ucaldılmış möhtəşəm kompleksin önündə izdiham var idi. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilirdi. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak edirdilər.

Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Sonra 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhərin bütün prospekt və küçələrində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "20 Yanvar - Qan yaddaşımız" adlı tədbir keçirilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda qeyd olunub ki, bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əzmini, məğrurluğunu nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar, ümummilli lider Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşüb. Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin qayğısı sayəsində şəhidlərin adının daim uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Daha sonra, 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş edilib. Tədbirin ədəbi-bədii hissəsi universitetin istetdadlı tələbələrin çıxışları ilə davam edib.

 

MİNGƏÇEVİR

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Mingəçevir Şəhidlər Xiyabanında Anım mərasimi keçirilib. 33 il bundan öncə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizədə həlak olan qəhrəman Vətən övladlarının xatirəsi hər zaman əziz tutulur. Hər il olduğu kimi, bu il də yanvar ayının 20-də mingəçevirlilər müqəddəs Şəhidlər Xiyabanına gedərək “20 Yanvar” Abidə-kompleksinin qarşısına əklillər, gül-çiçək dəstələri qoymuş, şəhidlərimizin məzarlarını ziyarət edərək, onlara ehtiramlarını bildirmişlər.

Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizədə həlak olan 20 Yanvar şəhidlərinin yurdumuzun düşmən hücumlarından qorunması, işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda gedən Birinci Qarabağ müharibəsində, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi yad edilib, din xadimləri onların əziz ruhuna dualar oxuyub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə, Qanlı Yanvar gecəsi tank tırtılları altında qalan vətən övladlarının, müqəddəs şəhidlərimizin daim qəlblərdə yaşadığı, vətənimizin qəhrəman övladlarının keçdiyi mübarizlik yolunun yeni nəslə təbliğ olunduğu diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında Bakı Uşaq Gənclər Teatrı ilə birlikdə səhnələşdirilmiş "Cənnətə bilet" tamaşasına baxıblar.

 

LƏNKƏRAN

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Lənkəran rayonunda silsilə tədbirlər keçirilib. Ümumxalq Hüzn Günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri "Şəhidlər" Abidə-kompleksini ziyarət edib, abidənin önünə və şəhid məzarları üzərinə gül dəstələri düzüblər. Faciə zamanı şəhidlik məqamına yüksəlmiş igidlərin ruhlarına dualar oxunub, parlaq xatirələri ehtiramla yad olunub.

İcra başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinin hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan icra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

Şəhid ailələrinin üzvləri göstərilən davamlı, yüksək qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar hadisələrinə həsr edilmiş tamaşa nümayiş olunub.

Gün ərzində rayon sakinlərinin "Şəhidlər" Abidə-kompleksinə ziyarəti davam edib. Saat 12-də rayon ərazisində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, maşınlardan səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

MASALLI

Masallı Tarix-Diyarşünaslıq Mu

zeyində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Heydər Əliyev və 20 Yanvar həqiqətləri" mövzusunda "Dəyirmi masa" keçirilib. Əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 20 Yanvar faciəsinin çağdaş tariximizin həm hüznlü, kədərli, həm də qəhrəmanlıq səhifəsi olduğunu, qanlı hadisələrə ilk dəfə xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Yanvar şəhidlərinin 33-cü ildönümü ilə əlaqədar Masallı şəhərində, qəsəbə və kəndlərdə anım mərasimləri təşkil olunub. Şəhərin Qəhrəmanlar parkında "Şəhidlər" Abidə-kompleksinin önündə ümumrayon tədbiri keçirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları 20 Yanvar abidəsi önünə tər qərənfillər düzərək şəhidlərin ruhlarını ehtiramla yad ediblər.

Həmin gün rayon ərazisində Dövlət Bayrağı endirilib, saat 12-də nəqliyyat vasitələri səs siqnalları verib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səhər saatlarından başlayaraq "Şəhidlər" Abidə-kompleksini ziyarətə gələn minlərlə insanı bir amal, aydın məqsəd birləşdirirdi: ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.

 

LERİK

20 Yanvar faciəsinin 33-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun müvafiq tapşırığına uyğun olaraq rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə, müəssisə və təşkilatlarda, ərazi icra nümayəndəliklərində silsilə tədbirlər keçirilib.

Ümumxalq Hüzn Günü icra başçısı Əkbər Abbasov və aparatın kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri "Şəhidlər" Abidə-kompleksinin önünə tər qərənfillər düzərək şəhidlərin əziz xatirəsini hörmətlə, ehtiramla yad ediblər.

Anım mərasimində 20 Yanvar faciəsinin azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxan xalqımızın öz qəhrəmanlığını, məğrurluğunu nümayiş etdirdiyi, müdhiş şənbə gecəsində həlak olanların öz şəhidliyi ilə müasir tariximizə parlaq səhifə yazdıqları qeyd olunub.

Saat 12-də rayonun ərazisində yanvar şəhidlərinin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

 

QAZAX

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib. Rayonda hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə-kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanına gələrək memorial abidə-kompleksinin önünə tər qərənfillər düzüb, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Gün ərzində idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ziyalılar, gənclər, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Şəhidlər Xiyabanında memorial abidə-kompleksinin önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.

Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

 

TƏRTƏR

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı və Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin kədərli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

Mərasim iştirakçıları burada ümumtəhsil məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə də baxıblar.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

AĞSTAFA

Ağstafa Rayon Şəhidlər Xiyabanında keçirilən ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri, hərbi hissələrdən əsgər, zabit heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə yaradılmış memorial abidə-kompleksi önünə əklil qoyulub, şəhid məzarları üzərinə gül-çiçək dəstələri düzülüb. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.

 Seymur Orucov çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bölmələrinin Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən söz açaraq bildirib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Şəhidlərin xatirəsi əbədiləşdirilmiş, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı.

Ölkənin bütün ərazisində olduğu kimi, Ağstafada da Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

***

"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən dəyirmi masada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seymur Orucov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri göz önündədir. Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb.

Bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, ümummilli lider həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Sonra natiq çıxışında bildirib ki, Heydər Əliyevin zəngin həyat yolu, müstəsna fəaliyyəti dövlətinə və xalqına sıx bağlılığın bariz nümunəsidir. Dahi şəxsiyyət hər zaman 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının artırılmasına xüsusi diqqət yetirib. Bu gün Şəhidlər xiyabanında ucalan "Əbədi məşəl" abidə-kompleksi də Heydər Əliyevin təşəbbüsü ilə ucaldılıb. Bu da ulu öndərin 20 Yanvar şəhidlərinin xatirəsinə olan ehtiramının təzahürüdür.

 

TOVUZ

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayonun sakinləri şəhidlərimizin xatirəsini yad etmək üçün Tovuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunmuş, şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə-kompleksinin və "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyulmuşdur.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

 

CƏBRAYIL

Cəbrayıl rayonunda Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Şəhidlər" Abidə-kompleksində müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilərək abidələri önünə gül-çiçək dəstələri qoyuldu. Saat 12:00-da 20 Yanvar qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etdilər.

Ölkəmizdə hər il Qanlı 20 Yanvar hadisələri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunur. Düz 33 il əvvəl bu mübarizədə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin xalqımızın iradəsi, milli azadlıq uğrunda mübarizə əzmi sınmadı və milli ruhu sarsılmadı. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndi.

Ulu öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ümumxalq Hüzn Günü elan olunmuş, "20 Yanvar şəhidi" fəxri adı təsis edilmiş, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsi təmin edilmişdir.

20 Yanvar şəhidləri sırasında Cəbrayıldan olan Səxavət Balay oğlu Quliyev də var idi.

 

CƏLİLABAD

Cəlilabad şəhərindəki Şəhidlər Parkı abidə-kompleksində anım mərasimi keçirilib, abidə-kompleksində matəm musiqisi səsləndirildi. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri abidə-kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə yad edib, şəhidlərin ruhuna dualar oxudular.

Mərasimdə otuz üç il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salındı. Qeyd edildi ki, faciədən bir gün sonra özünün və ailə üzvlərinin həyatı üçün təhlükələr olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyev dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə kəskin tənqid edib və hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edib. Məhz ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz hüquqi-siyasi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti bir dəqiqəlik sükutla dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

 

İMİŞLİ

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı İmişli rayonunun Şəhidlər Xiyabanında anım tədbiri keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, rayonun hüquq-mühafizə və idarə, müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Rayon ictimaiyyəti əvvəlcə xiyabandakı şəhid məzarlarının və şəhidlər kompleksinin önünə gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad etdilər.

Sonra tədbir iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Çıxış edənlər Qanlı Yanvar hadisələrinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu vurğulayıblar. Anım tədbirinin rəsmi hissəsi başa çatdıqdan sonra icra başçısı rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxundu.

 

KƏLBƏCƏR

20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərinin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə-kompleksi və Göygöl rayon Murovdağ qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə əklil qoyularaq, tər qərənfillər düzülmüşdür. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, Qanlı Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Daha sonra şəhidlərimizin ruhuna dualar oxunmuş, respublikanın hər yerində olduğu kimi, Kəlbəcər rayonunda da, saat 12:00-da xüsusi təyinatlı maşınlardan səs siqnalları səslənmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.

 

DAŞKƏSƏN

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Daşkəsən Rayon Şəhidlər Xiyabanında keçirilmiş ümumrayon anım mərasimində rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, idarə-müəssisə, təşkilatların kollektivləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimiz anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə qəmli musiqi sədaları altında tər qərənfillər düzülüb.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev anım mərasimində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, iştirakçıları, ağsaqqalları, veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

***

"Heydər Əliyev İli" çərçivəsində Daşkəsən Rayon Uşaq İncəsənət məktəbində "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəmkir Regional Mədəniyyət İdarəsinin Daşkəsən rayonu üzrə nümayəndəsi İsax Məmmədov giriş nitqində 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı danışıb. İsax Məmmədov qeyd edib ki, 33 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Çünki 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan Respublikasının qurulmasında bir dönüş nöqtəsidir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Qurbanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını, bu faciəli hadisələrə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən böyük cəsarət və fədakarlıqla hüquqi və siyasi qiymət verildiyini diqqətə çatdırıb.

YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Elşən Alıyev, Daşkəsən Şəhər Uşaq İncəsənət məktəbinin direktoru Elxan Cabbarov, Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və digər çıxış edənlər də 20 yanvar gecəsi Azərbaycan xalqının göstərdiyi iradədən, qətiyyətdən, birlikdən, qəhrəmanlıqdan bəhs edərək vurğulayıblar ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verilməklə şəhidlərin xatirəsi əbədiləşdirilib. 20 Yanvar faciəsi heç vaxt yaddaşlardan silinməyəcək.

 

GÖYGÖL

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Elməddin Əhmədov Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. O, qeyd edib ki, otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək deyib: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir". Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə yenidən gəldikdən sonra faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Çıxış edənlər 20 Yanvarın həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu diqqətə çatdırıblar.

 

NAFTALAN

1990-cı ilin 20 yanvarı... Bu gün hər bir azərbaycanlının yaddaşında əbədiyyətə qədər unudulmayan gündür. Xoş günlərdə, kədərli çağlarda da ilk xatırlanan qanlı Yanvar şəhidləri olur. Üstündən 33 il keçməsinə baxmayaraq, yenə də həmin anlar olduğu kimi xatırlanır. Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, ziyalılar, ictimaiyyətin nümayəndələri və sakinlər iştirak ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, şəhidlərin ruhlarına dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzülüb.

Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, xalqımızın kədərini bölüşməsi və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etməsi bir daha xatırlanıb. Ulu öndərin fərman və sərəncamları ilə Şəhidlər Xiyabanı yenidən quruldu, möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi yaradıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi, "20 Yanvar şəhidi" fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, gücləndirildi. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda "20 Yanvar" dairəsində memorial abidə-kompleksi ucaldıldı.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərə qayğını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.

Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

NEFTÇALA

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Neftçala rayonunda tədbir keçirilib. Ümumxalq Hüzn Günü 20 Yanvar şəhidləri üçün ümumrayon anım mərasimi təşkil olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının fəalları, ziyalılar, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsi şərəfinə ucaldılmış "Şəhidlər" Abidə-kompleksinin önünə qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib. Şəhid ailələri göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

 

SAMUX

Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi yazılmış, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Samuxda qeyd olunan tədbirdə, rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Səhər saatlarında tədbir iştirakçıları əvvəlcə YAP Samux rayon təşkilatının foyesində təşkil edilmiş 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sonra tədbir iştirakçıları Samux şəhərindəki Şəhidlər Kompleksini ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzüblər.

Saat 12:00-da Samux şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verilib.

Samux Cümə məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.

 

ŞİRVAN

Şirvan şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu günlərdə Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan, rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Qana dönən qərənfillər" adlı tamaşanın təqdimatı oldu.

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet qoşunlarının Bakıya girməsi və dinc əhalini qətlə yetirməsi nəticəsində Azərbaycan tarixinin qanlı səhifələrinə yazılan 20 Yanvar faciəsinin mahiyyəti və buna zəmin yaradan hadisələri əks etdirən tamaşa maraqla izlənilib, dərin təəssüratlar yaradıb. Sonda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov çıxış edərək 20 Yanvar faciəsinin müstəqillik tariximizin unudulmaz səhifəsinə çevrildiyini, dövlətimizin və xalqımızın 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutduğunu, hər il Ümumxalq Hüzn Günündə müqəddəs Şəhidlər xiyabanına minlərlə soydaşımızın axın etdiyini və böyük izdihamla onları yad etdiyini diqqətə çatdırdılar. 33 il öncə xalqımızın yaşadığı Qanlı Yanvar faciəsinin hər il yeni ssenarilərlə səhnələşdirilməsinin vacibliyi qeyd olundu.

 

İSMAYILLI

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar İsmayıllıda anım mərasimləri keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qanlı hadisənin tariximizdə buraxdığı iz və nəticələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, zaman-zaman xalqımıza qarşı törədilmiş bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru, "Tərəqqi" medallı Vidadi Rəhimov qeyd etdi ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev qanlı qırğının növbəti günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək dünyada insanlığa qənim kəsilən bu faciə ilə bağlı bəyanat verdi. Dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda yaratdı. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda öz xalqı ilə birlikdə olmasa da, o ağrını xalqla birgə yaşayır. Ümummilli liderimiz Azərbaycan xalqına qarşı sovet ordusunun təcavüzünü pislədi, faciəni törədənləri, ayrıca da M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Ulu öndər Heydər Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi.

"Respublika".