Türkdilli dövlətlərin birgə əməkdaşlığı genişlənir
Türk dünyası

Türkdilli dövlətlərin birgə əməkdaşlığı genişlənir

İlk toplantısı 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da buna xidmət edir

"Xatırlayıram ki, ötən dəfə Zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il avqustun 16-da Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatının) III Zirvə toplantısında bildirib.

2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən ilk Zirvə toplantısında əsası qoyulan qurumun türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni formatı yaradılmış, bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlamışdır. O vaxtdan Şuraya üzv dövlətlər onun nüfuzunun yüksəldilməsi, bir təşkilat kimi institusional əsasının formalaşması istiqamətində hər cür səy göstərmişlər.

Tarixi Naxçıvan Zirvə toplantısından sonra 1992-ci ildən başlayan zirvələr prosesi təşkilati bir quruma çevrilmiş, türkdilli dövlətlərin birgə fəaliyyəti təşkilatlanmanın təmin edilməsinə böyük töhfələr vermişdir. Naxçıvan anlaşması ilə qurulan Türk Şurası qısa zamanda bir təşkilat kimi güclənmişdir.

Bugünkü reallıqlar onu göstərir ki, əməkdaşlığa və həmrəyliyə indi hər zaman olduğundan daha çox ehtiyac var, çünki yalnız gücləri birləşdirdikdə qarşıya çıxan problemlərin, çətinliklərin öhdəsindən daha asanlıqla gəlmək olar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da məhz üzv ölkələrin daha əhatəli əməkdaşlıq, həmrəylik, müzakirə mexanizminin bir nəticəsi olaraq yaradılmışdır. Şura çərçivəsində türk dünyasının böyük potensialını həyata keçirərək mühüm layihələri reallaşdırmaq üçün zəmin yaranıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi və diplomatik həmrəyliyin ən yüksək səviyyədə saxlanması da önəmli məsələ kimi qarşıda dururdu. Türk dünyasının prioritet xarici siyasət məsələlərinin önündə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dayanırdı. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasının qəbuledilməzliyini vurğulayan türk dövlətləri ötən illərdə münaqişənin ən qısa zamanda sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əllərindən gələni etmiş, bu qeyri-qanuni işğalın, qəsbkarlıq siyasətinin qarşısı alınanadək Azərbaycana dəstək göstərmişlər.

Ötən dövrdə müvafiq qurumlar arasında Türk PA, Türk Akademiyası və TÜRKSOY ilə sıx əməkdaşlıq əlaqələri davam etdirilmiş, Türk Universitetləri Birliyi qurulmuş, Ortaq Terminologiya Komitəsinin ilk toplantısı keçirilmiş, 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji Qurultayda razılaşdırılan əlifbaya əsaslanan latın əlifbasının elmi işlər üçün ortaq istifadə olunmasına təqdim edilməsi qərara alınmışdır.

Digər bir mühüm məqam isə üzv ölkələrin diasporları arasında başlanan əməkdaşlıq prosesidir. Sayca çox olan diasporların gücünü birləşdirmək məqsədilə Bakıda və Ankarada diaspor komitələri rəhbərlərinin toplantılarının keçirilməsilə yanaşı, türkdilli diasporların ortaq fəaliyyət strategiyası qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildə keçirilən III Zirvə toplantısında şuraya sədrliyi öz üzərinə götürmüş, 2019-cu il oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü də Bakıda keçirilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasına üzv ölkələrin prezidentlərinin birgə qərarı ilə türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında xidmətlərinə görə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri seçilmişdir. Həmin toplantıda Özbəkistan Respublikası Türk Şurasına üzv qəbul edilmişdir.

Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Hörmətli qardaşlarım, milli mübarizəmizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib... Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik...".

2021-ci il martın 31-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü baş tutub. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindəki tarixi qələbəmizdən danışıb, döyüşlərin ilk günündən Azərbaycanın haqq işini dəstəkləyən Türkiyə Prezidentinə və xalqına minnətdarlığını bildirmişdir. Yaranmış yeni imkanlardan danışan dövlət başçısı tərəfdaş ölkələri bu imkanlardan istifadə etməyə səsləmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini vurğulamış, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışmışdır. O, ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü 2021-ci ilin noyabrında İstanbulda keçirildi. Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələr arasındakı əlaqələrdən, nəqliyyət və logistika sahələrində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən danışmışdır. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olunmuşdur. Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı adlandırılmışdır...

Zümrüd QURBANQIZI,

"Respublika".