Türk xalqlarının birliyinin təcəssümü
Türk dünyası

Türk xalqlarının birliyinin təcəssümü

2021-ci il noyabrın 12-də cənab İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görülüb

2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü keçirildi. Görüşdə iştirak edən dövlət və hökumət başçıları  gəmi ilə İstanbulun Demokratiya və Azadlıq Adasına gəldilər. Qeyd edək ki, əvvəllər Yassıada kimi tanınan adanın adı 2013-cü ildə Demokratiya və Azadlıq Adası olaraq dəyişdirilmiş və 2015-ci ildən burada yenidənqurma işləri aparılmış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Dövlət və hökumət başçılarının toplantısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açaraq bütün qonaqları salamladı, Zirvə görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram".

"Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışdı: "Bu çərçivədə "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında saziş"i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır".

Türkiyə Prezidenti, həmçinin Zirvə görüşünün "Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı səhərlər" mövzusuna həsr olunduğunu, bu baxımdan Zəngilanda görülən quruculuq işlərinin əhəmiyyətindən bəhs etdi: "Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türküstanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı  fəaliyyətlər  təqdirəlayiqdir". Qlobal istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini də qeyd edən Türkiyə Prezidenti: "İndi qardaşım cənab Əliyevə Ordenin təqdim olunması mərasiminə başlayırıq", - dedi.

Qeyd edək ki,  Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası bununla bağlı qərar qəbul etmişdi və qərarda deyilirdi: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir".

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar. Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Hörmətli Prezident, əziz qardaşım, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən 30 il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün  böyük əhəmiyyət daşımaqdadır.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb. Fürsətdən istifadə edərək əziz qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan  qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirik".

Prezident İlham Əliyevin belə yüksək mükafata layiq görülməsini şərtləndirən amillər çoxdur. Əvvəla, dövlət başçımızın Türk dünyasında öndərliyini, təşəbbüskarlığını dünya görür və qəbul edir. Türkdilli dövlətlərin  mənafelərinin qlobal miqyasda qorunmasında, müdafiəsində cənab İlham Əliyevin xidmətləri illərdir ki, hər kəs tərəfindən aydın şəkildə müşahidə olunur. Azərbaycan liderinin türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsində, onların yaxınlaşmasında da rolu danılmazdır. Xarizmatik, prinsipial bir lider kimi onun yüksək nüfuzu da bu sırada xüsusi qeyd edilməlidir.

Ən əsas məsələ isə qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsində oynadığı roldur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, bir türk dövlətinin ərazi bütövlüyünün bərpası türk birliyinə böyük töhfədir. Çünki faktiki olaraq Qarabağın azadlığı  türkün şərəfinə şərəf qatmaq deməkdir.

Həqiqətən də, Ali Baş Komandanımız 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə qalib lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının  Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Təbii ki, buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, reallığa söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcud idi. Bir sözlə, güclü iqtisadiyyatın, qüdrətli ordunun, ölkəmizin beynəlxalq arenada önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Azərbaycanın Qələbəyə gedən yolunun aydın mənzərəsi yarandı. Və xalqımız bu Qələbəni təmin etdi. Prezident İlham Əliyev təqdimetmə mərasimində demişdir: "Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir".

Bu kontekstdə Azərbaycan xalqının öz liderini birmənalı şəkildə dəstəkləməsi, Vətən müharibəsində hər kəsin yumruq kimi birləşməsi, Xalq-Prezident birliyi xüsusi vurğulanmalıdır. Beləliklə, dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın, Azərbaycan xalqının Zəfəri bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin daha da güclənməsinə stimul, nümunə oldu.

Azərbaycan Prezidentinin belə bir mükafata layiq görülməsi  bir milli liderin  öz xalqı ilə bütövlüyünün, birliyinin təcəssümüdür.

Zümrüd QURBANQIZI,

"Respublika".