Türk xalqlarının birliyi sarsılmazdır
Türk dünyası

Türk xalqlarının birliyi sarsılmazdır

Türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb etmişdir. Ələlxüsus da bir millət, bir xalq olaraq sevincli, kədərli günlərimizdə. Zamanın gərdişi, qloballaşan dünyamızda cərəyan edən hadisələr, Azərbaycan-Türkiyə əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, bunun fonunda bütün türk xalqlarının həmrəyliyinin möhkəmlənməsi bu gün daha da aktualdır.

1923-cü ildə Türkiyə Respublikasını “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzərində quran, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” - deyən Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün bu sözləri Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərdən biridir.

Bəli, Türkiyə-Azərbaycan arasında hər zaman dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələri olmuş, bu əlaqələrin daim inkişaf etməsi üçün hər iki tərəfdən böyük səylər göstərilmişdir. Bu əlaqələr yalnız iki dost, qardaş türk dövləti arasında məhdudlaşmayaraq bu gün bütün türk dünyasını əhatə edir.

2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Eyni zamanda, türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDƏŞ -in fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.

Təsis edildiyi gündən ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verərək üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması, istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Samsun, Bakı və Aktau limanları arasında əlaqələrin yaradılması bu istiqamətdə atılmış addımların bariz nümunəsidir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzv olduğu Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bir sıra orqan və təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır. Belə ki, 1993-cü ildə yaradılmış, bu gün qərargahı Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin dünyada tanıdılması və təşviq edilməsi, türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə üzv dövlətlərlə əməkdaşlığını daha da möhkəmləndirir.

2008-ci ildə İstanbul sazişi əsasında yaradılmış, qərargahı Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası - TÜRKPA türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsində uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş Türk Akademiyasının yaradılması haqqında saziş 2012-ci ildə TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmışdır. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasını tədqiq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası türk xalqlarının mədəni və mənəvi irsini tədqiq etməklə yanaşı, türk dövlətlərinin dünya sivilizasiyasının inkişafında əhəmiyyətini artırmaq, bütün dünyada türk xalqlarının mədəniyyətini tanıtmaq istiqamətində əvəzedilməz rola malikdir.

Elə həmin il, 2012-ci ilin avqustunda Bişkekdə Türk Akademiyası ilə birlikdə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu türk dünyası ilə bağlı tədbir, layihə və proqramları dəstəkləyərək maliyyələşdirməklə türk mədəniyyətinin və irsinin qorunmasına, təbliğinə və tədqiqinə xidmət edir.

TDƏŞ-ə üzv ölkələrin işgüzar dairələri arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədilə yaradılan Türk Biznes Şurası 2011- ci ildə, üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığı həyata keçirən türk Ticarət və Sənaye Palatası isə 2019-cu ildə təsis edilmişdir. Bu təşkilatlarla birgə həyata keçirilən layihələr, yürüdülən məqsədyönlü siyasət bir amala - türk xalqlarının birləşməsinə, Türk dünyasının qurulmasına xidmət edir.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmiş, Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət vermişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu dinamik şəkildə, uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə dövləti ilə münasibətlərini yüksələn xətt üzrə inkişaf etdirməsi bu gün bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev Türkiyə və Azərbaycanın ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək demişdir: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq, qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur”.

Bu il iyun ayının 15-də Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə”sində hər iki dost, qardaş ölkənin bundan sonra da türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türksoy və Türkdilli ölkələrin Parlament Assambleyası çərçivəsində fəaliyyətlərinə dəstək verəcəkləri nəzərdə tutulur. Bu da öz növbəsində türk dünyasının birlik və rifahına xidmət edəcək, milli və beynəlxalq səylərin artırılmasına təkan verəcək, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsində birgə əməkdaşlığı gücləndirəcək.

2009-cu ildə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə yaradılan beynəlxalq hökumətlərarası təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edildiyi dövrdən Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana) və Çolpan-Ata olmaqla altı Zirvə Görüşü keçirilmişdir. 2011-ci ildə Almatıda “İqtisadi əməkdaşlıq”, 2012-ci ildə Bişkekdə “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, 2013-cü ildə Qəbələdə “Nəqliyyat və bağlantı”, 2014-cü ildə Bodrum şəhərində “Turizm sahəsində əməkdaşlıq”, 2015-ci ildə Astana şəhərində “Media və informasiya sahəsində əməkdaşlıq”, 2018-ci ildə “Gənclər və idman”, 2019-cu ildə “Kiçik və orta sahibkarlığın dəstəklənməsi” mövzusunda keçirilən Zirvə görüşləri ənənəvi olaraq üzv ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunmuş, türk dünyasının hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa aparan məsələlər müzakirə edilmişdir. Yarandığı vaxtdan etibarən bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynamış, mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmişdir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq əlaqələri yaradan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

TDƏŞ-ə üzv ölkələr arasında, qardaşlıq və qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticarət, mədəni və hərbi əməkdaşlıq bütün türk dünyasının hədəflədiyi uğurlara birlikdə çatmasına, sahib olduqları bütün potensialları türk birliyinin möhkəmləndirilməsinə və eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Bu dövlətlər arasında mövcud olan ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirir.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bütün türk dünyasında enerji layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafı, regional təhlükəsizliyin möhkəmlənməsində türk dövlətlərinin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmaqdadır.

2019-cu il oktyabr ayının 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Bəli, Azərbaycanın böyük bir hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi bu gün bütün türk dünyasını da birləşdirəcək. Böyük Azərbaycan şairi Məhəmməd Hadinin dediyi kimi:

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək misli-əməldən.

Mehparə ƏLİYEVA,

“Respublika”.