Türk Şurasının qarşıdan gələn Zirvə görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Türk Şurasının qarşıdan gələn Zirvə görüşünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Noyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər, Türk Şurasının qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Prezident İlham Əliyevlə keçirilmiş görüşə məmnunluqla istinad edib və təşkilatın cari sədri qismində Azərbaycanın dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Şurası ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində Türk Şurası Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

AZƏRTAC