Türk səyyah: İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi
MÜSAHİBƏLƏR

Türk səyyah: İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi

Azərbaycanla Türkiyə arasındakı tranzit yolun inşa edilməsini həsrətlə gözləyirik. Tranzit yolu açılarsa, Türkiyədən Qarabağa çoxsaylı səyahətlər olacaq. Qarabağda böyük layihələr həyata keçirilə bilər. Orada hər cür turistik fəaliyyət üçün çox yaxşı imkanlar var. Türk turistlər müxtəlif yerlər axtarırlar və Qarabağ bizə daha yaxındır. Gözəl təbiəti olan bu ərazilər səyahət etmək üçün çox yaxşı yerlərdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında türk səyyah Uğur Demircan söyləyib.

"İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi. Qarabağda ermənilərin törətdiyi vandalizmi dəhşətlə izlədim. Belə görüntülər insanları vahiməyə salır. Xüsusilə Ağdamda baş verənlər mənə çox pis təsir etdi. Yüz min əhalisi olan bir yerin bu hala gəlməsi çox dəhşətlidir. Mən hətta bu şəhərin dağıntılarla belə halda qalmasını təklif etdim ki, beynəlxalq ictimaiyyət buna şahid olsun.

Dünyaca məşhur səyyahların işğaldan azad olunmuş Qarabağa gəlməsi, erməni vandalizminə şahidlik etməsi təqdirəlayiq haldır", - deyən Uğur Demircan uzun illər işğalda olan ərazilərin indi sürətlə abadlaşdırıldığını vurğulayıb.

AZƏRTAC