Türk dünyasının coğrafi sərhədləri daha genişdir
Türk dünyası

Türk dünyasının coğrafi sərhədləri daha genişdir

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın paytaxtı Səmərqənd şəhərində "Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru" mövzusunda IX Zirvə Toplantısının keçirilməsi və bu görüşün yekunlarına dair Səmərqənd Bəyannaməsinin imzalanması türkdilli xalqlar və dövlətlər üçün növbəti mühüm hadisə kimi dəyərləndirilməlidir. Səmərqənd Zirvə Toplantısında təşkilatın türk dünyasının bütövlüyü naminə hansı addımları atacağı maraqla gözlənilirdi. Tədbirdə Türk Dünyası 2040-cı il Görüntü Sənədi qəbul edildi ki, bunun bütün təfərrüatları 103 bəndlik Səmərqənd Bəyannaməsində əks olunur.

TDT Səmərqənd Zirvə Toplantısının mühüm nəticələrindən biri şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Türk dünyasının coğrafi sərhədləri daha genişdir" bəyanatından sonra Türk dünyasının hüquqları, təhlükəsizliyi, milli kimliklərinin qorunması, assimilyasiya olmaması məsələləri təşkilatda yer almayan ölkələrdə yaşayan soydaşlarımıza da bir ümid işığı kimi yadda qalmışdır. Bu çağırış TDT platformasında həm də Azərbaycanın onun uğurlarını, inkişafını, tarixi Zəfərini gözü götürməyənlərə verdiyi açıq mesaj idi.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müşahidəçi statusu qazanması da önəmli hadisə kimi qiymətləndirilməlidir. Qəbul olunmuş Bəyannamənin 7-ci maddəsində "Qıbrız türkləri Türk dünyasının bir parçasıdır" ifadəsi işlədilməklə ŞKTR-ə müşahidəçi statusunun verilməsi Şimali Kiprin təcridinin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir və artıq Türkiyədən başqa TDT üzvləri tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq.

Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivədə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını qeyd edib, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verəcəklərini bir daha təsdiqləyiblər.

Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıqlar verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.

Sənəddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Üzv dövlətlərin aidiyyəti qurumları müvafiq orqanlar, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək, eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaratmaq barədə təlimatlandırılıblar.

Bəyannamədə yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində "e-imza" pilot layihəsinin həyata keçirilməsi, eləcə də ictimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin İT üzrə məsul nazirlikləri təlimatlandırılır. Üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Transxəzər fiberoptik infrastrukturun, sözügedən layihənin həyata keçirilməsində İT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanır.

Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən "Özbəkistan-Qırğızıstan-Çin" və "Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər" dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər.

Eyni zamanda, Şamaxı şəhərinin 2023-cü il üçün "Türk dünyası turizm paytaxtı" elan edilməsi yüksək qiymətləndirilib.

Sənəddə habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi alqışlanıb, eləcə də Şuşanın "2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək qeyd edilib. Təşkilatın IX Zirvə Görüşünün iştirakçıları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu Türk dünyasının Ali Ordeni ilə təltif olunmaları münasibətilə təbrik ediblər. Eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.

TDT-nin inkişafında və əməkdaşlığın dərinləşməsində mühüm amillərin fövqündə dayanan üzv dövlətlərin təşkilatdan kənar ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələrin möhkəmləndirilməsində Azərbaycan dövlətinin, xüsusilə Prezident cənab İlham Əliyevin mühüm rolu danılmazdır. Əslində bu cür əməkdaşlıq nümunələri istər beynəlxalq səviyyədə, istərsə də müsəlman və türk aləmində kifayət qədər olsa da, konkret müsbət nəticələr Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlərdir ki, bu da TDT-nin bütün üzv ölkələrinə ideal bir örnək sayıla bilər.

Dövlətimizin başçısı cənab İlham Əliyevin də dəstəklədiyi üzv dövlətlərin rəhbərlərinin ikitərəfli və çoxtərəfli təşəbbüsləri bu baxımdan mühüm əhəmiyyət daşıyır və TDT çərçivəsində əməkdaşlığın inkişafına gözəl töhfələr verir. Əslində, TDT katibliyi və üzv dövlətlərin texniki komitələri öz layihələrində ölkələrinin və başçılarının baxışlarını nəzərə alır və bu işlərin həyata keçirilməsi üçün əllərindən gələni edirlər.

Bu məqamda TDT-nin son dövrlər yüksəlişində Prezident cənab İlham Əliyevin timsalında Azərbaycanın nüfuzunun yüksəlməsinin mühüm rol oynadığı xüsusilə diqqət çəkir. Dövlətimizin başçısı ilə bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ikinci dəfə Qazaxıstanın prezidenti seçilmiş Kasım Jomart Tokayev, Qırğızıstanın dövlət başçısı Sadır Japarov və Özbəkistanın prezidenti Şavkat Mirziyoyev də TDT-nin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi və nüfuzunun artmasında önəmli rola malikdirlər. Müşahidəçi üzv dövlət olan Macarıstanın da baş naziri Viktor Orbanın sayəsində bu proses ahəngdar surətdə uğurla davam etdirilir.

Emin QASIMOV,

"Respublika".