Türk dünyası: altı dövlət, bir millət
Türk dünyası

Türk dünyası: altı dövlət, bir millət

Azərbaycanın qələbəsi türkdilli ölkələr arasında əməkdaşlıq üçün yeni perspektivlər yaradır

Türk qövmünə qarşı təhdid, təzyiq, xəyanət, etnik təmizləmə siyasəti heç zaman səngimədi, tarixin müxtəlif dönəmlərində mərhələlərlə davam etdirildi. Uzun illər tərkibində yaşadığımız SSRİ dövründə bu, bir qədər gizli aparılsa da, onun dağılması ərəfəsində açıq şəkil almışdı. O zaman SSRİ kimi nəhəng imperiyanın əsas rəhbərlərindən biri olan ulu öndər Heydər Əliyev tək Azərbaycanın deyil, imperiyanın tərkibindəki digər türk respublikalarının hamisi kimi onların haqlarıını qorunmasına çalışırdı. Təkrar Azərbaycana hakimiyyətə gəldikdən sonra da fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqillik qazanan türk respublikaları ilə əlaqələrin qurulması, birgə, faydalı əməkdaşlığın yaradılmasına yönəldilmişdi. Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına isə daha çox üstünlük verilirdi. Bu isə öz növbəsində türkdilli dövlətlərin birgə əməkdaşlığına zəmin yaradırdı.

2009-cu ilin oktyabrında türkdilli dövlətlərin dövlət başçılarının iştirakı ilə Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə bu ölkələr arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Bəllidir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yerləşən Zəngəzurun vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçalamışdı. Naxçıvanda qəbul edilmiş bu qərarla türk dünyasının yenidən gücləndirilməsinə yeni imkanlar açılırdı. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş ilk Zirvə görüşündə qəbul edilməsinin türk dünyası üçün böyük əhəmiyyəti vardı.

Ötən illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası bu ölkələrin zəngin mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərinin dünya səviyyəsində təbliğində əhəmiyyətli rola malikdir.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən birini təşkil edir. 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfə idi. Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlaması ilə Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Məsələn, təkcə 2018-ci ildə Türkdilli ölkələrdən Azərbaycan vasitəsilə 8 milyon ton yük daşınıb. Azərbaycan enerji sahəsində əməkdaşlığa da böyük əhəmiyyət verir və öz imkanlarını ortaya qoyur. Belə ki, Mərkəzi Asiyadan olan tərəfdaşların enerji resurslarının bir hissəsi də Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Türkdilli ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da genişlənir.

Onu da qeyd edək ki, 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasına sədrlik Azərbaycana verilib. Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha dərinləşməsi istiqamətində səylərini davam etdirəcək”.

Sıralarının artmasından məmnunluq duyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin Zirvə görüşündə Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək deyib: “İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzdə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəcəyimizə inanıram... Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət –bir millət olmağı arzu edirik”.

2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə əsas mövzu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə həsr edilmişdi. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev onlayn Zirvə görüşünü açaraq iştirakçıları salamladı, Türküstan şəhərinin türk dünyasının mənəvi paytaxtlarından biri olduğunu dedi. Qazaxıstanın birinci prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi: “Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır. Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin  “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

Azərbaycan Prezidenti İlham Əliyev Nursultan Nazarbayevə sammitin keçirilməsi təşəbbüsünə  görə təşəkkürünü bildirərək deyib: “Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.

Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyi qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir”.

Vətən müharibəsi barədə ətraflı məlumat verən dövlət başçısı haqq savaşında Azərbaycana dəstək olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türk Şurasına, digər beynəlxalq təşkilatlara-Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatına siyasi dəstəyinə görə təşəkkürünü bildirdi.

Müharibədən sonra yaranan imkanlardan söz açan İlham Əliyev Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin türk dünyasını  birləşdirəcəyini vurğuladı: “Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini qeyd etdi, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışdı, xalqımızı qələbə münasibətilə bir daha təbrik edərək dedi: “Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm”.

Türk Şurasının Baş katibi Bağdad Amreyev türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirdi. O, pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini bildirdi. İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirdi. Türk Şurasının Baş katibi də Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək dedi: “Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib... Təşkilatın fəaliyyətdə olan sədri kimi zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirirəm”.

Azərbaycanın qələbəsindən sonra indi türkdilli dövlətlərin birgə əməkdaşlığı da zərurətə çevrilib. İşğaldan azad olunmuş ərazilərin bərpa olunmasında qardaş ölkələrin öz köməkliklərini əsirgəməyəcəklərinə inanırıq. Birgə əməkdaşlıq isə hamı üçün faydalıdır.

Zümrüd QURBANQIZI,

“Respublika”.