Türk dövlətlərinin Əməkdaşlıq Şurası türk xalqlarını daha da yaxınlaşdırır
Türk dünyası

Türk dövlətlərinin Əməkdaşlıq Şurası türk xalqlarını daha da yaxınlaşdırır

Dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra demokratik tərəqqi yolunu seçmiş Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəqil xarici siyasət həyata keçirir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşan, ölkələrin daxili işlərinə müdaxilə etmədən yürüdülən bu siyasət isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə və milli mənafelərinin qorunmasına xidmət edir.

Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə xidmət edən xarici siyasətin əsas prioritetlərindən biri qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarını daha səmərəli müdafiə etmək, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edən müxtəlif layihələrə xarici sərmayələr cəlb etməkdən ibarətdir. Dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatların üzvüdür.

1993-cü ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq əlaqəsi yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi də çıxış edir.

Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət transregional GUAM təsisçilərindən biri olan Azərbaycan bu qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu münaqişələrin sülh yolu ilə həllində və separatizmlə mübarizədə birgə fəaliyyət, sülhü təminetmə sahəsində, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa və transatlantika qurumları ilə qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edir, üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə xidmət göstərir.

1991-ci ildə İKT-yə (İƏT) üzv olduqdan sonra Azərbaycan bu təşkilatın fəal iştirakçısına çevrilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olmuş, İƏT-in bu məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.

1992-ci ildən BMT-yə üzv olan Azərbaycan eyni zamanda, BMT-nin UNESCO, UNİCEF və digər ixtisaslaşdırılmış təşkilatları ilə də sıx əməkdaşlıq edir.

Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilat olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan Azərbaycan Respublikası 1992-ci ildə təşkilatın əsas sənədləri olan ATƏT-in Helsinki Yekun Aktına, 1999-cu ildə isə Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edən Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xətti ilə mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirmişdir.

2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyini yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparan Azərbaycan Respublikası milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-ın Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya etmişdir.

Azərbaycan Respublikası Avropa Birliyi ilə münasibətləri TACİS, TRACECA və s. proqramlar çərçivəsində inkişaf etdirir. Azərbaycan ilə Avropa Birliyi arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq sazişi 1999-cu ildən qüvvəyə minmişdir.

Bu gün etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan türk dövlətləri arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Bölgədə türkdilli dövlətlərlə geosiyasi və iqtisadi vəziyyətin inkişafına, transregional iqtisadi layihələrin gerçəkləşdirilməsinə yüksək dəyər verən Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlarla, bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir.

 

2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Türk dövlətləri arasında bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDƏŞ-in fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.

Təsis edildiyi gündən ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verərək üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Samsun, Bakı və Aktau limanları arasında əlaqələrin yaradılması bu istiqamətdə atılmış addımların bariz nümunəsidir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzv olduğu Türk Dövlətlərinin Əməkdaşlıq Şurası 1933-cü ildə yaradılmış, bu gün qərargahı Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsində uğurla fəaliyyət göstərən, 2008-ci ildə İstanbul sazişi əsasında yaradılmış, qərargahı Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası - TÜRKPA, 2012-ci ildə TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə görüşündə imzalanmış, türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasını tədqiq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası, elə həmin il, 2012-ci ilin avqustunda Bişkekdə Türk Akademiyası ilə birlikdə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu və s. bir sıra orqan və təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır.

TDƏŞ-ə üzv ölkələrin işgüzar dairələri arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədilə yaradılan Türk Biznes Şurası 2011-ci ildə, üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığı həyata keçirən Türk Ticarət və Sənaye Palatası isə 2019-cu ildə təsis edilmişdir. Bu təşkilatlarla birgə həyata keçirilən layihələr, yürüdülən məqsədyönlü siyasət bir amala - türk xalqlarının birliyinə, Türk dünyasının inkişafına xidmət edir.

Bu il iyun ayının 15-də Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə”sində hər iki dost, qardaş ölkənin bundan sonra da türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində fəaliyyətlərinə dəstək verəcəkləri nəzərdə tutulur. Bu da öz növbəsində türk dünyasının birlik və rifahına xidmət edəcək, milli və beynəlxalq səylərin artırılmasına təkan verəcək, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsində birgə əməkdaşlığı gücləndirəcək.

Yarandığı vaxtdan etibarən bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynamış, mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmişdir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq əlaqələri yaradan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

TDƏŞ-ə üzv ölkələr arasında, qardaşlıq və qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticarət, mədəni və hərbi əməkdaşlıq bütün türk dünyasının hədəflədiyi uğurlara birlikdə çatmasına, sahib olduqları bütün potensialları türk birliyinin möhkəmləndirilməsinə və eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Bu dövlətlər arasında mövcud olan ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirir.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bütün türk dünyasında enerji layihələrinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafı, regional təhlükəsizliyin möhkəmlənməsində türk dövlətlərinin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmaqdadır.

2019-cu il oktyabr ayının 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekov Qırğızıstanın TDƏŞ-ə sədrlik dövrünün başa çatdığını bildirərək deyib: “Mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm. İlham Heydər oğlunun iqtisadi islahatları və investisiyaların cəlb edilməsi siyasəti artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Biz qardaş Azərbaycanın uğurları barədə bütün xəbərləri sevinclə qarşılayırıq. İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq”.

Ölkə başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini, üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının bu birlik daxilində planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış, dərin kökləri olan türk sivilizasiyasını, türk xalqlarını daha da yaxınlaşdıracağı və birgə səylərlə bu məqsədə nail olacağı isə gün kimi aydındır...

Mehparə ƏLİYEVA,

“Respublika”.