Türk dövlətlərinin birliyi zamanın tələbidir
Türk dünyası

Türk dövlətlərinin birliyi zamanın tələbidir

2007-ci il noyabrın 17-19-da Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayından 15 il ötür

2007-ci il noyabrın 17-də Bakının "Gülüstan" sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işə başladı.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının təşəbbüsü ilə 1993-cü ildən keçirilən qurultayın məqsədi türkdilli dövlət və cəmiyyətlərin dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birini daha yaxından tanımalarını təmin, türkdilli xalqların zəngin mədəniyyətini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və ümumi problemlərin həlli yollarını birlikdə araşdırmaqdan ibarətdir.

2006-cı ilin sentyabrında Antalyada keçirilmiş X qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə növbəti qurultayın Bakıda keçirilməsi qərara alınmışdı. Bununla da o vaxtadək yalnız Türkiyədə keçirilən qurultay ilk dəfə kənarda baş tutdu.

Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Monqolustanın, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaş, Dağıstan, Kabarda-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz Respublikasında, Krım, Rumıniya, Bolqarıstan, Kosova və Yunanıstanda yaşayan türkdilli xalqların, Şimali Kipr, Qaqauz, Ahıska türklərinin, Amerika, Yaxın Şərq ölkələri və Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, deputatlar, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri, tanınmış elm və incəsənət xadimləri, yerli və xarici KİV təmsilçiləri iştirak edirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və o vaxt Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri açılış mərasimi türk dünyasının görkəmli şəxsiyyətləri - Heydər Əliyev, Mustafa Kamal Atatürk, Əhməd Yasəvi, Ərtoğrul Qazi, Əlişir Nəvai və Alparslan Türkeşin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Qurultayda regionda sabitliyin bərqərar edilməsi, türkdilli xalqların sülh və təhlükəsizliyinin təmin olunması, beynəlxalq birliyə inteqrasiyanın sürətləndirilməsi məqsədilə fəaliyyətin gücləndirilməsi, ölkəmizin iqtisadiyyat, siyasət, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi, xalqlarımız arasında qarşılıqlı inteqrasiya meyillərinin gücləndirilməsi, türkdilli xalqların dünya birliyindəki yerinin möhkəmləndirilməsi kimi istiqamətlərdə müzakirə və təhlillər aparılmış, komissiya iclaslarında məruzələr edilmiş, rəy və təkliflər irəli sürülmüşdü.

Qurultayda çıxış edən Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Türkiyədən kənarda keçirilən XI qurultayda iştirakından qürur duyduğunu söyləmiş, tədbirə evsahibliyi edən Azərbaycan dövlətinə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqına təşəkkürünü bildirmişdi. O demişdi: "Türk dünyası 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, mən türkəm deyən, əfsanəsi, qəhrəmanı, dili və tarixi bir olan insanların dünyasıdır. Türkə görə türk ismini, türk adını Tanrı vermişdir. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır. Amma hamısı eyni çinarın budaqlarıdır. Tarixin enişi və yoxuşunda bəzən bu çinarın budaqları qurumuş, amma zamanı gəldikdə yenidən yaşıllaşmışdır... İndi çinar yaşarmışdır və hamınız bu yaşıl çinarın budaqları və yarpaqları olaraq buradasınız...". Sonra Süleyman Dəmirəl türkdilli dövlətlərin işbirliyinin əhəmiyyətindən danışmış, bu yolda xalqlarımıza uğurlar arzulamışdı.

Türkdilli dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Süleyman Dəmirələ "Orxan Yenisey" mükafatı təqdim olunmuşdur. Daha sonra qurultayın "Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları", "İqtisadi, tranzit, maliyyə əlaqələri və turizm", "Elm-təhsil və texnologiya", "Cəmiyyətin idarə olunması və hüquq", "Dil və mədəniyyət" və "Gənclik" komissiyalarının hesabatları dinlənilmişdir. Bildirilmişdi ki, komissiyaların iclaslarında türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, gənclərin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyəsi, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlərə, eləcə də türk dünyasını narahat edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsindəki çətinliklərə dair fikir mübadiləsi aparılmış, qurultaya tövsiyələr təqdim olunmuşdur.

TÜDEV-in sədri Əbdülxaliq Çay qurultayda qəbul olunmuş yekun hesabatı, Milli Məclisin deputatı Rafael Hüseynov isə 1915-ci il hadisələrilə əlaqədar "erməni soyqırımı" iddiaları ilə bağlı qurultay adından hazırlanmış Bəyanat barədə məlumat vermiş, Dünya Azərbaycanlıları Konqresinin sədri Qulam Rza Təbrizi və Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış etmişdilər. Qırğızıstanın təhsil və elm naziri Kanibek Osmanəliyevə, komissiyaların sədrlərinə və onların müavinlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri qurultaya yekun vurmuş, dəvəti qəbul edib Bakıya gəldikləri üçün iştirakçılara minnətdarlıq etmişdir. O, qurultayın Bakıda təşkilinə görə, bütün iştirakçılar adından Azərbaycan Prezidentinə təşəkkür edərək bildirmişdir ki, Prezident İlham Əliyev bu mötəbər tədbirə hazırlıq işini daim diqqət mərkəzində saxlamışdır. Bu, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə, mütəşəkkilliyinə verdiyi önəmin əyani sübutudur. Həmçinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana, qardaş ölkənin Prezidenti Süleyman Dəmirələ, Şimali Kipr türk xalqının lideri Mehmet Əli Tələtə, eləcə də digər türkdilli dövlətlərin dövlət, hökumət nümayəndələrinə qurultayda iştiraklarına və söylədikləri dəyərli fikirlərə, verdikləri qiymətli tövsiyələrə görə minnətdarlıq ifadə olunmuşdur. Qurultay noyabrın 19-da başa çatmışdır.

Zümrüd QURBANQIZI,

"Respublika".