TÜRK DÖVLƏTLƏRİNİN BİRLİYİ REGİONAL VƏ QLOBAL İQTİSADİ İNKİŞAFA ÖZ TÖHFƏSİNİ VERƏCƏK
Türk dünyası

TÜRK DÖVLƏTLƏRİNİN BİRLİYİ REGİONAL VƏ QLOBAL İQTİSADİ İNKİŞAFA ÖZ TÖHFƏSİNİ VERƏCƏK

Ötən həftə İstanbulun Demokratiya və Azadlıqlar Adasında keçirilən növbəti Türk Zirvəsi təkcə regional deyil, həm də qlobal miqyasda mühüm hadisə oldu. Artıq bundan sonra Türk Dövlətləri Təşkilatı (TDT) kimi fəaliyyət göstərəcək transregional qurum birgə ümumi daxili məhsulu 1 trilyon dollardan çox olan, genişlənən bazara və sayı 150 milyonu ötən insan resursuna malik ölkələrin yeni və perspektivli əməkdaşlıq platformasıdır.

MDB və Avrasiya İqtisadi İttifaqı üzvlərindən, bir də Mərkəzi və Şərqi Avropa üçün bağlayıcı qovşaq olan Macarıstandan ibarət olan TDT-nin azad iqtisadi və ticari zona mexanizmlərindən istifadə edən açıq transregional təşkilat kimi fəaliyyət göstərəcəyi gözlənilir. Əsası on iki il əvvəl Naxçıvanda qoyulmuş bu əməkdaşlıq formatının strateji məqsədləri türk dövlətlərin öz aralarında və beynəlxalq çərçivədə dərin inteqrasiyasına nail olmaqdır. Üzv dövlətlərinin digər regional və beynəlxalq birliklərdə də təmsilçiliyi TDT-nin iqtisadi fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Təşkilatın liderləri – Türkiyə və Azərbaycanın vizasız gediş-gəliş üçün azad ticarət zonaları yaratması, rüsumsuz malların ilkin siyahısını təsdiqləməsi digər üzv dövlətlər üçün də bir nümunədir.

Türk dövlətlərinin birliyinin iqtisadi fəaliyyəti üçün ən vacib şərt onların arasındakı yol-nəqliyyat bağlantısının fasiləsizliyinin təmin olunmasıdır ki, keçmiş Qarabağ münaqişəsi – Ermənistanın otuz ilə yaxın davam edən işğalçılığı bu məsələdə ciddi maneəyə çevrilmişdi. Üstəlik, burada tarixi ədalətsizlik faktı olduğu da aşkardır. Prezident İlham Əliyev İstanbul zirvəsindəki çıxışında bu məsələyə bir daha toxunaraq deyib: “...1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”.

Ötən ilin payızında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan apardığı 44 günlük Vətən müharibəsinin torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi türk dünyasının bağlantısı üçün vacib olan “Zəngəzur dəhlizi”nin açılmasını nəinki aktuallaşdırdı, həm də bu istiqamətdə real fəaliyyətin başlanmasını şərtləndirdi. Məğlub Ermənistanın bu termini bəyənib-bəyənməməsindən, hətta öz suverenliyinin qorunmasını xarici qüvvələrə həvalə edən bu dövlətin başbilənlərini qorxutmasından asılı olmayaraq, “Zəngəzur dəhlizi”nin açılması zamanın tələbidir. Bu, türk coğrafiyasında və Avropa-Asiya arasında nəqliyyat-infrastruktur “tıxac”ı yaradan vəziyyətin aradan qaldırılması, yeni beynəlxalq və regional əməkdaşlıq körpüsünün fəaliyyətə başlaması deməkdir. Məhz 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyi ilə Azərbaycanın qazandığı möhtəşəm Zəfər tarixi ədalətin bərpasına, qırılmış əlaqənin bərpasına imkan açıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul zirvəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən deyib: “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

Onu da qeyd edək ki, Türkiyə Prezidenti türk dövlətləri arasında siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirməyin zəruriliyini vurğulayıb. O, hazırda bu ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini, qarşılıqlı sərmayələrin əhəmiyyətini, mövcud maneələrin aradan qaldırılmasının vacibliyini bildirib. Rəcəb Tayyib Ərdoğan türk coğrafiyasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin zəruriliyinə toxunaraq deyib: “...Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”. Türkiyə Prezidenti, bu baxımdan, “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”in türk dövlətləri tərəfindən qısa zamanda imzalanmasının vacibliyini diqqətə çatdırıb.

İndi Türk Dövlətləri Təşkilatı adlandırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın sədrlik etdiyi son iki il ərzində bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra konkret addımlar atılıb. Belə ki, 2020-2025-ci illər üçün strategiya və “Turkic World Vision-2040” strateji sənədi təsdiqlənib, ümumi məkanda sənaye inkişafı üçün azad iqtisadi zonalar modeli qəbul edilib, Prezident İlham Əliyev bu ilin oktyabrında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib, Özbəkistan şuraya üzv qəbul olunub. Ümumi məkanda iqtisadi inkişafın əsas mexanizmi kimi Azərbaycan İqtisadiyyat Nazirliyi türk dövlətlərinin bir İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Ümumi media platformasının və birgə layihələr qrupunun yaradılması türkdilli ölkələr arasında informasiya mübadiləsinin gücləndirilməsinə yönəldilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında və dirçəldilməsində TDT-nin geniş imkanları vardır. Türk dövlətləri bu ərazilərdə birgə layihələr icra edə bilərlər. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparan Türkiyə şirkətlərinin fəaliyyəti bunun bariz nümunəsidir. Özbəkistan dövlətinin Füzuli rayonunda məktəb tikintisinə vəsait ayırması isə qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır. Prezident İlham Əliyev İstanbul zirvəsində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin təşəkkürünü bildirərək, şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini söyləyib və bunu növbəti həmrəylik, dostluq, qardaşlıq addımı kimi dəyərləndirib.

Azərbaycanın erməni faşizmi üzərində  qələbəsindən sonra yaranmış yeni əməkdaşlıq imkanları türk dövlətlərinin liderləri tərəfindən yüksək qiymətləndirilir. Böyük bir coğrafiyada kompleks inkişaf reallığının meydana çıxması bütün dünyanın diqqətini cəlb edir. Bölgəyə yaxından bələd olan  ekspertlərin fikrincə, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm Türkiyə, həm də Orta Asiya bölgəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz türk dünyasının bütün sahələr üzrə əlaqələrinin genişlənməsi və inteqrasiya baxımından böyük gücə malik olacaq.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.