Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılacaq
Digər xəbərlər

Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılacaq

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkdilli ölkələrin ombudsmanlarının növbəti onlayn iclasında iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan Ombudsman və milli insan hüquqları institutlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə yaradılacaq Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının əsasnaməsi müzakirə edilərək bir sıra təkliflər səsləndirilib.

Azərbaycan Ombudsmanı onlayn tədbirdə çıxış edərək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb. S.Əliyeva Assosiasiyanın əsasnaməsinin müzakirəsi və təşkilati işlərin təmini məqsədilə hər bir üzv qurumun nümayəndəsinin təmsil olunduğu işçi qrupunun yaradılması təklifini irəli sürüb. Bu təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Yekunda tədbir iştirakçıları birgə əməkdaşlığın güclənməsinə böyük təkan verəcək Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasının canlı formatda keçirilməsi barədə razılığa gəliblər.

AZƏRTAC