Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Oktyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər, ruhuna dualar oxuyublar, məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra qonaqlar Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr ediblər. Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dini liderlər, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

AZƏRTAC