Türk Dövlətləri Təşkilatının Bursada keçirilən İkinci Diaspor Forumu başa çatıb
Diaspora

Türk Dövlətləri Təşkilatının Bursada keçirilən İkinci Diaspor Forumu başa çatıb

Türk Dövlətləri Təşkilatının (TDT) Bursada keçirilən İkinci Diaspor Forumu başa çatıb.

AZƏRTAC xəbər verir ki, türk dünyasının 2022-ci ildə mədəniyyət paytaxtı Bursa şəhərində iki gün davam edən və Azərbaycanın geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğu tədbirin rəsmi açılış mərasimində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım çıxış ediblər.

Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun çıxış etdiyi "TDT-yə üzv ölkələrdə diasporların müasir vəziyyəti və perspektivi" mövzusunda panel iclasında Türkiyə ilə yanaşı, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndə heyətlərin rəhbərləri öz fikir və mülahizələrini bölüşüblər.

Forumun birinci günü "Diasporda QHT-lərin bacarıqlarının artırılması və çətinliklər", "TDT-yə üzv ölkələrin diasporlarının tarixi prosesi" mövzularında panel iclasları da keçirilib. Hər iki panel iclasında Azərbaycan diasporunun tarixi və bu strukturun inkişaf istiqamətləri barədə iştirakçılara müfəssəl məlumat verilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın diaspor quruculuğundakı səyləri, qəbul olunan qərarlar, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin real nəticələrindən danışılıb.

Martın 29-da Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumu təcrübə mübadiləsi proqramı ilə işini davam etdirib. Tədbirdə informasiya mübadiləsi, diaspor qurumlarına maliyyə vəsaitinin köçürülməsi prosedurları, türk dili və mədəniyyəti üzrə xaricə təyin olunmuş müəllimlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Çıxışlarda vurğulanıb ki, diaspor sahəsində əməkdaşlığın genişləndirilməsi üçün, ilk növbədə, qarşılıqlı tanınma məsələsində fəallıq göstərilməsi, türk dövlətlərinin diaspor təşkilatları və fəallar bir-birinin işinə xüsusi diqqətlə yanaşmalıdırlar. Həmçinin təcrübə mübadiləsi vacib amillərdən biridir.

Azərbaycanda diaspor fəaliyyətini tənzimləyən qanunverici baza, eləcə də əldə olunmuş təcrübə barədə məlumatlar iştirakçıların böyük marağına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Forum çərçivəsində Türkiyə, Özbəkistan və Qırğızıstan nümayəndə heyətlərinin rəhbərləri, həmçinin Azərbaycan diasporunun fəalları ilə görüşüb.

AZƏRTAC