Bu gün bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Xalqların inteqrasiyası, ümumtürk mövqeyi türk dünyasının daha əzəmətli, daha qüdrətli olmasına xidmət edir. Tarixin bütün dövrlərində türk milləti bu məqsəd uğrunda mübarizələr, mücadilələr aparmışdır. Türkdilli dövlətlərin siyasi, iqtisadi, mənəvi gücünü birləşdirməsi, bir təsisat altında fəaliyyət göstərməsi, eyni soydan olan xalqların həmrəyliyi qloballaşan yeni dünya düzəninin gerçəkliyidir.
Dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan siyasi, iqtisadi, ticari, mədəni və hərbi əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrə sahib olan xalqlarımızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb. 2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsinə əsasən Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adı altında yaradılan təşkilat enerji layihələrinin həyata keçirilməsində, dövlətlərin və xalqların sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, türk dövlətlərinin dünya birliyinə inteqrasiyasında yeni səhifə açmışdır.
2021-ci il noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı adlandırılan təsisat türk birliyini, türk dövlətləri arasında qarşılıqlı etimadı möhkəmləndirmək, xarici siyasət məsələlərində ortaq yanaşmanı təşviq etmək, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaq məqsədi daşıyır. Eyni zamanda, bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDT-nin fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.
Bu gün TDT müstəqil türk respublikaları və xalqları arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. "Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirərək, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayır. Beynəlxalq hökumətlərarası təşkilat olan, sülhə, davamlı inkişafa töhfə vermək missiyası daşıyan Türk Dövlətləri Təşkilatının liderləri arasında sarsılmaz dostluq münasibətlərinin qurulmasında, sıralarının gündən-günə daha da genişlənməsində, əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatının müəyyənləşməsində Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri olmuşdur.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına 2019-cu ildə Özbəkistanın da qoşulması türk xalqları arasında çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığın nümunəsidir. Həmin il təşkilatın yaradılmasının təşəbbüskarı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Türk Şurasının ömürlük fəxri rəhbəri adı verilməsi ortaq dəyərlər əsasında möhkəmlənən birliyin göstəricidir. 2021-ci ildə isə türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən, hər zaman sülh və sabitlik, əmin-amanlıq tərəfdarı olan Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Şuranın qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunmuşdur.
Prezident Rəcəb Tayyib Ərdoğan türk xalqları arasında münasibətlərin dərinləşməsi və genişlənməsi istiqamətində fəaliyyətləri TDT-nin əsas strateji hədəfləri kimi müəyyənləşdirərək demişdir: "Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatı ilə bundan sonra daha sürətli, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik… Mədəniyyətin beşiyi olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq".
Təşkilat siyasi, iqtisadi və mədəni əməkdaşlıq üçün platforma rolunu oynamaqla ortaq mədəniyyətə malik olan xalqlar arasında əhəmiyyətini getdikcə daha da artırır. Belə ki, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada yaşayan, qədim tarixi kökə və zəngin mədəni irsə sahib olan türkdilli xalqlar TDT çərçivəsində ümumi problemlərinin həlli istiqamətində bütün sahələr üzrə əməkdaşlıq edirlər. Fəaliyyətində milli suverenliyə və ərazi bütövlüyünə hörmət, demokratik dəyərlərin, iqtisadi inkişafın təşviqi, sosial ədalətin təmin olunması və mədəni müxtəlifliyin qorunması prinsiplərini rəhbər tutan təşkilatın üzvləri arasında əlaqələrin dərinləşməsi iqtisadi inteqrasiyaya geniş imkan yaradır. Belə ki, TDT yarandığı gündən üzv dövlətlər arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi nəticəsində ikitərəfli və çoxtərəfli ticarət, eləcə də enerji, nəqliyyat və kənd təsərrüfatı kimi əsas sektorlarda mühüm layihələr reallaşdırılıb.
Mədəni irsin qorunmasında mühüm rol oynayan, türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasını tədqiq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu mədəni mübadilənin təşviqində, tədqiqat layihələrinin dəstəklənməsində və türk xalqlarının adət-ənənələrinin təbliğində mühüm rol oynayır, təhsil sahəsində tələbə mübadiləsinə, akademik əməkdaşlıqlara və türk universitetlərinin yaradılmasına mühüm töhfələr verir.
Türk Dövlətləri Təşkilatı dəyişən dünya düzəninə uyğun olaraq inklüzivlik, şəffaflıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqlik nümayiş etdirir, iqtisadi əlaqələrin dərinləşməsində, tərəfdaşlığın genişlənməsində və regional münaqişələrin həllində öz təsirini daha da gücləndirir, türk dünyasının parlaq gələcəyinə yol açır. Üzv dövlətlərin müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Belə ki, təşkilat ümumi təhlükəsizlik problemlərini həll etmək üçün birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorla mübarizə səyləri üçün mexanizmlərin yaranmasında fəal iştirak edir, həmçinin fəlakətlərə hazırlıq, fövqəladə hallara reaksiya və fəlakətdən sonra bərpa işlərində əməkdaşlıq mexanizmləri yaratmaqla böhran zamanı üzv dövlətlərə vaxtında yardım və dəstək göstərir. Bu, regional dayanıqlılığı və həmrəyliyi gücləndirməklə yanaşı, həm də təşkilatın fəal və məsuliyyətli qurum kimi nüfuzunu artırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi dialoq və diplomatiyanın təşviqində mühüm rol oynayır. O, regional problemləri həll etmək və əlaqələri gücləndirmək üçün yüksək səviyyəli görüşlərin, ikitərəfli danışıqların və çoxtərəfli forumların keçirilməsinin təşəbbüskarı kimi ümumtürk dünyasında sülhün, sabitliyin təmin olunmasına ciddi səy göstərir. Belə ki, İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən müharibənin bitdiyi son dəqiqəyədək Azərbaycanın yanında olan Türkiyə türkdilli ölkələrin birliyinin, həmrəyliyinin təminatçısı missiyasını uğurla yerinə yetirdi.
Türk dünyasında ticarətin diversifikasiyasının, investisiya imkanları və infrastrukturun inkişafının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğanın ticarət maneələrinin aradan qaldırılması, qaydaların uyğunlaşdırılması və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi səyləri türk ölkələri arasında iqtisadi əməkdaşlığın və ticarət həcminin artmasına xidmət edir. Üzv dövlətlərin sosial-iqtisadi tərəqqisini təmin etmək, türkdilli ölkələr üçün daha parlaq gələcək formalaşdırmaq, regional rifahı, sabitliyi qorumaq onun siyasi iradəsinin, idarəçilik qabiliyyətinin bariz nümunəsidir. Ümumtürk dünyasında əməkdaşlığın genişləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli, sülhün və təhlükəsizliyin təşviqi Türkiyə liderinin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir.
Mehparə ƏLİYEVA,
"Respublika".