Turizmin inkişafına xüsusi diqqət yetirilir
Digər xəbərlər

Turizmin inkişafına xüsusi diqqət yetirilir

29 sentyabr Turizm İşçilərinin Peşə Bayramı Günüdür

"...Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir - meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir. Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır". Bu sözləri Prezident İlham Əliyev bir neçə ay öncə Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən bildirib.

Son illərdə turizm dünyanın, o cümlədən Azərbaycanın ən perspektivli sahələrindən birinə çevrilib. Bu gün turizm sahəsində problemlərin öyrənilməsi nəinki sosial-iqtisadi, hətta böyük mədəni-siyasi əhəmiyyət kəsb edir. Görülən kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Bununla yanaşı, turizmin inkişafı və bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi ən mühüm vəzifələrdən biri kimi qarşıda durur. Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyişlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bu problemin imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

Azərbaycanın turizm sahəsində siyasətinin əsas prinsipləri 1999-cu il iyun ayının 4-də qəbul edilmiş "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu"nda öz əksini tapmışdır. Həmçinin Prezident İlham Əliyev bu il fevralın 18-də Turizm haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Bu Qanun ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə bu sahədə dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və bu sahənin maliyyələşdirilmə mənbələrini müəyyən edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, turizmin inkişafında da dönüş yaradıldı ki, bu da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə müstəqil respublikamız 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına tamhüquqlu üzv qəbul olunmuş, normativ-hüquqi sənədlər hazırlanmışdır. Həmin vaxtdan etibarən ölkəmiz Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılmaqla, həm də belə mötəbər tədbirlərə evsahibliyi etmişdir. Eyni zamanda, 27 avqust 2002-ci il tarixli "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" haqqında Sərəncam imzalanmışdır.

Turizm sektorunun inkişafı ilə bağlı ulu öndərin başladığı kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev 2003-cü ildən etibarən yeni müstəvidə uğurla davam etdirir. Respublikamızda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı, 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 1 sentyabr tarixli Sərəncam, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi haqqında 2016-cı il 6 dekabr tarixli Fərman, 2006-cı ildə fəaliyyətə başlamış Azərbaycan Turizm və Menecment Universiteti və s. dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Turizm Şurası, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başlamış, Bakı ilə yanaşı, bölgələrdə də - Şəki, Şamaxı, Gəncə, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Qusar, Qəbələ, İsmayıllı, Bərdə, Naxçıvan və sair yerlərdə Turizm-İnformasiya mərkəzləri yaradılmışdır.

Bu istiqamətdə atılan uğurlu addımlardan biri də dövlət başçısının bu sahədə çalışan peşə sahiblərinə diqqət və qayğının artırılması oldu. Ölkəmizdə 2016-cı ildən başlayaraq sentyabrın 27-si "Turizm işçiləri günü" kimi qeyd olunurdusa, Prezident İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən bu ildən etibarən turizm işçiləri hər il sentyabr ayının 29-nu peşə bayramı günü kimi qeyd edəcəklər.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən Azərbaycan Dövlət Turizm Agentliyi yaradılmışdır. Yarandığı ilk gündən Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanıldı.

2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən beynəlxalq sərhədlərin bağlanması bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sahəsinə zərbə vurdu. Heç şübhəsiz, pandemiyadan ən çox zərərçəkən sahə turizm oldu. Dövlətimiz bu məsələyə ən qısa müddətdə lazımi reaksiyanı verərək pandemiyanın təsirlərinin minimuma endirilməsi və sənayeyə dəstək verilməsi üçün tədbirlər paketini təqdim etdi.

Böyük turizm potensialına malik olan Azərbaycan zəngin tarixi, mədəni və təbii irsi ilə dünyanın hər yerindən insanları ölkəmizə cəlb edir. Günəşli təbiəti, mineral su qaynaqları, dünyada yeganə müalicəvi əhəmiyyəti olan Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyəti, milli mətbəxi və bir çox digər amillər Azərbaycanda turizmin bir çox növlərinin - işgüzar, idman, müalicəvi, ekzotik, çimərlik və s. inkişafı üçün münbit şərait yaradır. Təsadüfi deyildir ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikamızın ərazisində yerləşir.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açdı. Bu mənada, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi daha cəlbedici görünür. Sözsüz ki, dövlətimiz tərəfindən Qarabağın təhlükəsiz zonaya çevrilməsi istiqamətində həyata keçirdiyi ciddi tədbirlər bu ərazidə turizm infrastrukturunun formalaşmasına və dinamik inkişafına səbəb olacaq. Bununla da Qarabağın turizm potensialı ilə bağlı dünyaya çatdırılan yeni reallıqlar ölkəmizə əlavə investisiyaların cəlb olunması yollarını açacaq. Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin bir çox növü - eko, dağ, qış, ov və sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Turizm baxımından böyük əhəmiyyətə malik Qarabağ bölgəsi Azərbaycanın yaşıllıqlarla zəngin olan bir ərazisidir. Belə bir unikal təbii iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir. İşğaldan sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini şəhərli turistlər üçün sevimli istirahət məkanı edəcək. Düşmənin bu illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonların infrastrukturunu məhv edərək dağıtmasına baxmayaraq, yaxın gələcəkdə bu bölgə Azərbaycanın əsas turizm mərkəzinə çevriləcək.

Həmin ərazilərə sərmayə yatırımları bu sahənin iş adamlarına geniş imkanlar yaradacaq və bu, nəticə etibarilə ölkə büdcəsinə kifayət qədər gəlir gətirəcək. İşğaldan azad edilmiş torpaqlarımızın mineral və termal su mənbələri ilə zəngin olması da bölgənin turizm imkanlarının artırılmasında mühüm faktordur.

Azərbaycan mədəniyyətinin incisi Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Bu şəhər mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox vacibdir. Hələ postsovet məkanında insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən, vaxtilə ən çox ziyarət olunan Azıx mağarası turistləri maraqlandıran məkanlardandır. Xocavəndin Hadrut qəsəbəsinin də turizm imkanları geniş və çoxşaxəlidir. Hadrut qəsəbəsində və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidələr, o cümlədən qədim alban məbədləri mövcuddur. Bu isə qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialı daha da genişləndirir.

Şübhəsiz ki, turizm potensialının inkişafı Azərbaycana iqtisadi baxımdan böyük gəlir gətirəcək.

M.MİRZƏ,

"Respublika".