TOVUZDA TÜTÜNÇÜLÜYÜN SƏNAYE ƏHƏMİYYƏTİ ARTIR
Region

TOVUZDA TÜTÜNÇÜLÜYÜN SƏNAYE ƏHƏMİYYƏTİ ARTIR

Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar öz bəhrəsini verir.

Ölkədə digər sahələrlə yanaşı, aqrar sektorun da yüksək təşəkkül tapması üçün innovativ üsullardan istifadə olunmasına daha çox üstünlük verilir. Belə olan halda respublikada ümumdaxili məhsulun artması müşahidə olunur. Aqrar sektorun müasir üsullarla intensiv inkişaf etdirilməsi böyük iqtisadi artıma təkan verir. Azərbaycan iqtisadiyyatını daha da gücləndirmək üçün bölgələrdə yeni istehsal və emal müəssisələrinin yaradılması davamlı xarakter almışdır.

Respublikanın qərb bölgəsində yerləşən, iqtisadiyyatının əsasını aqrar sektorun təşkil etdiyi Tovuz rayonunda son illərdə bu baxımdan ürəkaçan mənzərə ilə qarşılaşmaq olar. Rayonda irihəcmli aqroparklar, emal müəssisələri, soyuducu kameralar və başqa kənd təsərrüfatı yönümlü müəssisələrin yaradılması davam etdirilir. Bu isə respublika, eləcə də rayon iqtisadiyyatının dirçəldilməsində, eyni zamanda, məşğulluğun təmin olunmasında böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Tovuz rayonunun münbit torpağı və əlverişli iqlimi digər sahələrlə yanaşı, gəlirli sahə olan tütünçülüyün inkişafına stimul verir.

Respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin 10 avqust 2017-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı» qəbul olunmuşdur. Sərəncamdan irəli gələn vəzifələrin icrasının davamı olaraq «Tovuz Aqro-Sənaye» MMC-də tütünqurutma məntəqəsi istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, ötən illərdə yaş tütün yarpaqları Tovuzdan uzaq məsafədə yerləşən rayonlarda fəaliyyət göstərən tütün qəbulu məntəqəsinə təhvil verilirdi. Bu isə tütün istehsalçılarına iqtisadi cəhətdən ziyanlı idi. Rayonda tütünqurutma məntəqəsinin açılışı tək Tovuzun tütünçülər üçün deyil, ümumilikdə bölgədə bu sahə ilə məşğul olanlara bir töhfədir.

«Tovuz Aqro-Sənaye» MMC-nin direktoru Aslan Aslanov bildirdi ki, 9 iyul 2021-ci il tarixdə Tovuz rayon Dönük Qırıqlı kəndi ərazisində 3 hektar sahədə qurulmuş tütünqurutma məntəqəsinin açılışı oldu. Müəssisə Yaponiya dövlətinin iş adamları tərəfindən investisiya qoyularaq yaradılmışdır. Müəssisənin açılışında yapon iş adamları, rayon rəhbərliyi, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Hazırda respublikanın 5 rayonunda - Oğuz, Qax, Şəki, Zaqatala və Tovuz rayonunda bu layihə həyata keçirilir.

«Tovuz Aqro-Sənaye» MMC rayonun 4 kəndində - Hunanlar kəndində 72 hektar, Aran Yanıqlıda 15 hektar, Yanıq Pəyədə 15 hektar və Dönük Qırıqlı kəndində 3 hektar yüksəkkeyfiyyətli və məhsuldar Virciniya növlü tütün əkilmiş və yüksək aqrotexniki qulluq göstərilir.

Tütünün toxumu Amerika Birləşmiş Ştatlarından gətirilmişdir. Artıq tütün yığımına start verilmişdir. Hər gün 10-15 ton civarında yaş tütün toplanaraq qurutma məntəqəsinə təhvil verilir. Müəssisənin direktoru bildirdi ki, hər hektardan 17-18 ton yaş tütün yarpağı əldə olunacağı proqnozlaşdırılır. Bu müəssisənin açılması rayonda əhalinin məşğulluğunun təmin olunmasında böyük əhəmiyyətə malikdir. Hazırda sahələrdə hər gün 40-50 nəfər günəmuzd çalışır. 45 nəfər isə daimi işlə təmin olunmuşdur. Yaxın gələcəkdə işçilərin sayının artırılması qaçılmazdır. Sevindirici haldır ki, işə qəbulda Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinin nümayəndələrinə üstünlük verilir. Müəssisədə müasir standartlara cavab verən ofis binası, 22 tütünqurutma kamerası, çeşidləmə məntəqəsi, anbar və başqa yardımçı binalar mövcuddur. Eyni zamanda kifayət qədər kənd  təsərrüfatı təyinatlı və digər texnikalarla tam təchiz olunmuşdur. Tütün plantasiyalarında yetişmiş yaş tütün yarpaqları yığılaraq tütünqurutma kameralarına yerləşdirilir. Hər kameraya 5 tondan artıq tütün yığılır. Qurudulduqdan sonra çeşidlənir, quru tütün yarpaqları növlərə ayrılır. Press aparatlarında preslənir və tütün saxlama anbarlarına yığılır.

Qeyd etmək lazımdır ki, gələn təsərrüfat ilində müəssisə 200 hektar sahədə tütün əkilib-becərilməsini nəzərdə tutur. Bol məhsulun əldə olunması, yüksək aqrotexniki qaydalarla yanaşı, vaxtlı-vaxtında suvarmadan daha çox asılıdır. Hunanlar kəndi ərazisində sahələrin suvarılması Kür çayından nasoslar vasitəsilə götürülmüş su ilə, digər yerlərdə isə subartezian quyuları vasitəsilə həyata keçirilir. Tütün toxumu fevral ayında yer istilikxanasına səpilir, aprel ayında isə şitillər sahələrə köçürülür. Ümumiyyətlə, ildən-ilə əkin sahələri genişləndiriləcəkdir. Direktor aqrar sahənin inkişafına dövlətin göstərdiyi diqqəti yüksək qiymətləndirdi, eyni zamanda, Tovuz rayon rəhbərliyinin müəssisəyə köməkliyini xüsusilə vurğuladı. Qeyd etdi ki, rayon icra hakimiyyəti daxili imkanlar hesabına subartezian quyularını qısa zamanda təmir etdirərək saz vəziyyətə gətirdi və su kanallarının lildən, kol-kosdan və digər tullantılardan təmizlənməsini təmin etdi. Ümid etmək olar ki, müəssisə növbəti illərdə ölkə iqtisadiyatına daha çox fayda verəcək.

Vəli VƏLİYEV,

«Respublika».