Tovuzda tələbə adını qazanmış gənclərlə görüş
Region

Tovuzda tələbə adını qazanmış gənclərlə görüş

Tovuz rayonunda cari ilin məzunlarından 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan gənclər, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirilmişdir. Heydər Əliyev Fondu tərəfindən Bozalqanlı kəndində tikilmiş 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksində baş tutan görüşdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, builki görüş xüsusi bir şəraitdə həyata keçirilir. Biz qalib xalqın qalib övladları kimi sizlərlə görüşürük. Rayon icra hakimiyyəti başçısı bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız 30 ildən sonra işğaldan azad olunmuşdur. 2020-ci il Azərbaycan üçün Zəfər ili olmuşdur. Siz qalib xalqın övladlarısınız və Zəfər tariximiz bizim milli qürur mənbəyimizdir.

Dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətdən söz açan icra başçısı görüş iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə daim böyük qayğı göstərirlər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkəmizin hər yerində olduğu kimi Tovuz rayonunda da uğurla icra olunur və insanlarımızda böyük məmnunluq yaradır. Son 15 ildə rayonumuzda 35 müasir tipli məktəb binasının istifadəyə verilməsi Tovuz təhsilinə Azərbaycan dövlətinin qayğısının ən parlaq təzahürüdür. Son illərdə Heydər Əliyev Fondu tərəfindən Tovuz şəhər A.Qasımov adına tam orta məktəb müasir dizaynla qurulmuş, 480 şagird yerlik Köhnəqala məktəbinin binaları əsaslı şəkildə təmir olunmuş, Bozalqanlıda 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksi tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, Mollayrım kənd ibtidai məktəbi üçün 20 şagird yerlik, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 3 modul tipli yeni məktəb binaları istifadəyə verilmişdir. 1176 yerlik Aşağı Quşçu kənd tam orta məktəbi və Yuxarı Öysüzlü kəndində Müşfiq Əliyev adına məktəb binasının 14 sinif otağı əsaslı təmir olunmuş, Əlimərdanlı, Aşağı Mülkülü və Xatınlı məktəblərinin binalarının dam örtükləri dəyişdirilmişdir. Qədirbilən tovuzlular bu qayğıya və göstərilən yüksək etimada layiqincə cavab verərək təhsildə yeni-yeni nailiyyətlər qazanır, Tovuz təhsilinin ənənələrini uğurla davam etdirirlər.

Tarixən təhsilə, elm və mədəniyyətə çox bağlı olan tovuzluların övladları ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu universitetlərində rayonumuzu layiqincə təmsil edirlər. Bunun üçün rayonda kifayət qədər pedaqoji kadr potensialı və lazımi maddi-texniki baza vardır. Keçən il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunanlar 23 nəfər təşkil edirdisə, bu il onların sayı artaraq 27 nəfərə çatmışdır. Bu nailiyyətlərin pandemiya dövründə, onlayn təhsil şəraitində əldə olunması diqqətəlayiqdir. Sevindirici haldır ki, qəbul imtahanlarında müvəffəqiyyət qazananlar sırasında şəhidlərimizin və qazilərimizin ailə üzvləri də vardır. Şəhid Samiq Fərzəliyevin həyat yoldaşı Aytac Əliyeva Azərbaycan Texniki Universitetinə, qazi Əliyev Zaur Elçin oğlunun həyat yoldaşı Nərmin Bəşirzadə Lənkəran Dövlət Universitetinə qəbul olunmuşlar. Biz sizin hamınızı, xüsusən ali məktəblərə daxil olan şəhidlərimizin və qazilərimizin ailə üzvlərini ürəkdən təbrik edir və təhsilinizin davam etdirilməsində uğurlar arzulayırıq.

Görüşdə Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, Məharət Məmmədov adına Qovlar şəhər məktəb-liseyin direktoru Fatma Allahverdiyeva, məzunlardan— İlhamə Namazova və Nurlan Yusifov çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmış, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonra tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.