TOVUZ: UŞAQLAR BAĞÇA İNTİZARINDA
Region

TOVUZ: UŞAQLAR BAĞÇA İNTİZARINDA

Tovuz respublikanın inkişaf etmiş rayonlarından biridir. Rayonun hər tərəfində yeni yolların çəkilişi, məktəb tikintisi və digər infrastruktur layihələrin həyata keçirilməsi davamlı hal almışdır. Bu günlərdə Tovuza bitişik Bozalqanlı kəndinə üz tutduq.

Kənd icra nümayəndəsi Azər Hacıyev Bozalqanlı haqqında ümumi məlumat verərək bildirdi ki, bu kəndin yaranması çox qədimlərə təsadüf edir.

Hazırda kənddə 842 yaşayış evi mövcuddur. Əhalinin sayı 4480 nəfərdir. Kəndin əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Ərazisi 1501 hektardır, bundan 900 hektar əkinəyararlı torpaqdır.

2021-ci ilin məhsulu üçün 290 hektar sahədə buğda, 20 hektarda isə arpa səpilib becərilmiş, məhsuldarlıq hər hektarda 32 sentner olmuşdur. Bundan başqa, 20 hektar qarğıdalı, 30 hektar kartof, 30 hektar yerkökü, 100 hektar günəbaxan, 200 hektara yaxın yonca sahəsi və başqa bitkilər əkilib-becərilərək yüksək məhsuldarlığa nail olunmuşdur. Həmçinin 10 hektar yeni üzüm bağı salınmış və 60 hektar digər meyvə ağaclarından ibarət meyvə bağı mövcuddur.

İcra nümayəndəsi bildirdi ki, əkin sahələrinin, eləcə də həyətyanı sahələrin suvarma suyunda heç bir problem yaşanmır. Bozalqanlının suvarma suyuna olan tələbatının çox hissəsi Tovuzçay su anbarından gələn su vasitəsilə eyni zamanda, Ağstafaçay su anbarından kanal vasitəsilə nəql olunan su ilə ödənilir.

Bununla yanaşı, kənddə işlək vəziyyətdə olan 10 ədəd subartezian quyularından suvarma suyuna olan tələbatı ödəmək üçün, qalan 10 ədəd artezian quyusundan isə əhalinin içməli suya olan tələbatı ödənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Tovuz rayonunda cari ildə qazılacaq subartezian quyularından 1 ədədi Bozalqanlı kəndi üçün nəzərdə tutulmuşdur. Artıq artezian quyusunun qazılacağı yer müəyyən olunmuşdur. Göründüyü kimi, bu kənddə su ilə bağlı məsələlər tam həllini tapmışdır. Kənd sakinləri əkinçiliklə yanaşı, kənd təsərrüfatında gəlirli sahələrdən olan maldarlığın inkişaf etdirilməsində də maraqlıdırlar.

Hazırda şəxsi təsərrüfatlarda 640 baş iribuynuzlu, 4700 baş xırdabuynuzlu heyvan bəslənilir. Epizootik vəziyyət daim nəzarətdə saxlanılır. Bununla yanaşı, son illərdə kənddə arıçılıqla məşğul olan insanların sayında artım müşahidə olunur. Kənd daimi işıq və qazla təmin olunmuşdur. Bozalqanlıda kənddaxili yollara daim xidmət göstərilir. Kənd bələdiyyəsinin imkanları hesabına daxili yollar xırlanır və texnika vasitəsilə hamarlanır. Yaxın zamanlarda kəndin mərkəzi küçəsinin asfaltlanması gözlənilir.

Küçələrin təmizliyi də diqqətdə saxlanılır. 2003-cü ildə kənd icra nümayəndəliyinin təşəbbüsü ilə özəl təmizlik idarəsi yaradılmışdır. İdarə əhali ilə imzaladığı müqaviləyə əsasən həftədə 3 dəfə texnika vasitəsilə küçələrdən məişət tullantılarını yığışdırır və zibil poliqonlarına daşıyır.

Bozalqanlıda 2020-ci ildə 1194 şagird yerlik tam orta məktəb tikilib istifadəyə verilmişdir. Təhsil müəssisəsi müasir standartlara tam cavab verir. Bununla yanaşı, dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə kənddə əslən Tovuz rayonundan olan Aşıq Hüseyn Bozalqanlı adına Ozan Aşıq Sənəti Muzeyi inşa olunmuşdur.

Bina 3 mərtəbəli, milli ornamentlər qorunmaqla müasir stildə tikilmişdir. Muzeydə Aşıq Hüseyn Bozalqanlının həyat və yaradıcılığından bəhs edən guşələrlə yanaşı, bölgədə tanınmış aşıqların haqqında da geniş məlumat əldə etmək olar. Muzeydə hazırda 14 nəfər çalışır.

Göründüyü kimi, Bozalqanlı inkişaf etmiş bir yaşayış məskəni olduğu halda, nədənsə burada uşaq bağçası və tibb məntəqəsi yoxdur. Tibb işçiləri kiçik bir vaqonda fəaliyyət göstərir. Uşaq bağçasının isə hələ ki, yeri müəyyən olunmuşdur. Uşaqlar hər gün bağça tikiləcək əraziyə ümidlə baxır, yaxın zamanlarda bağçaya gedəcəkləri günü gözləyirlər.

Vəli VƏLİYEV,

«Respublika».