Tovuz: Qələbə ruhu ilə qarşılananlar,  Qalib Orduya yola salınanlar
Region

Tovuz: Qələbə ruhu ilə qarşılananlar,  Qalib Orduya yola salınanlar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 17 iyun 2021-ci il tarixli Sərəncamına  uyğun olaraq  ehtiyata buraxılmış hərbi qulluqçuların qarşılanması və çağırışçıların təntənəli qaydada hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri və çağırışçılar əvvəlcə Tovuz şəhər mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Ehtiyata buraxılmış hərbi qulluqçular və çağırışçılar Tovuz şəhərindəki Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər. Tədbir iştirakçıları sonra Dövlət Rəmzləri Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar.

Tovuz regional "ASAN xidmət" mərkəzinin ASAN hərbi vətənpərvərlik mərkəzində, açıq hava şəraitində davam etdirilən tədbirdə RİH başçısı Məmməd Məmmədov çıxış edib. Qeyd olunub ki, bugünkü tədbirimiz çox əlamətdar bir dövrdə baş verir. Biz həm hərbi xidmətdən qayıdan hərbi qulluqçularımızı Qələbə əhvali- ruhiyyəsi ilə qarşılayır, həm də hərbi xidmətə yola salınan çağırışçılarımızı qalib Ordunun sıralarına göndəririk.

Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz, hər bir zabitimiz misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərdi. Sizlərin şücaəti nəticəsində nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.  Siz haqq işi uğrunda müharibə apararaq otuz illik işğaldan sonra tarixi Azərbaycan torpaqlarını yağı düşməndən azad etdiniz.  44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsini çox böyük ehtiramla anırıq. Şəhidlər ölməzdir və  xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Bu gün siz Vətən qarşısında öz müqəddəs borcunuzu şərəflə yerinə yetirərək evinizə dönürsünüz. Bildiyiniz kimi, ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını diqqət mərkəzində saxlayır. Onların sağlamlığı, sosial müdafiəsi, məşğulluğu və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət  siyasəti həyata keçirilir. 

Eyni zamanda igid döyüşçülərimizin keçdiyi döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Vətən müharibəsində döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi cəsurluq və igidlik göstərdiklərinə görə Sizin sıralarınızda da dövlət təltiflərinə layiq görülənlər var. Bu bizim üçün çox qürurvericidir və Sizinlə fəxr edirik. Müzəffər Ali Baş Komandanımızı və şanlı Azərbaycan Ordusunu alqışlayırıq.

Eyni zamanda bu gün hərbi xidmətə yollanan gənclərimizlə görüşürük. Onların da hər birini salamlayırıq və Vətənə xidmətdə uğurlar arzulayırıq.

Bildiyiniz kimi, Tovuzda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların hərbi məktəblərdə təhsil alması, hər an Vətənin müdafiəsinə hazır olması istiqamətində davamlı işlər aparılır. Yüzlərlə tovuzlu Ordu sıralarında  mətinliklə xidmət edir. Keçən ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində  düşmən təxribatının qarşısının alınmasında aparılan əməliyyatlarda biz Azərbaycan ordusunun şücaətinin, gənclərimizin Vətən sevgisinin və möhtəşəm xalq-iqtidar-ordu birliyinin canlı şahidi olduq. Məhz Tovuzdan başlayan qığılcım Zəfərlə başa çatdı.

Azərbaycan əsgəri həmişə Vətənin müdafiəsinə hazır olmalı, yüksək döyüş qabiliyyətinə malik olmalıdır. Çünki biz məkrli düşmənlə üz-üzəyik və həmişə üstünlüyümüzü saxlamalıyıq.

  Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev və Tovuz regional “ASAN xidmət” mərkəzinin direktoru Güntək Məmmədov çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyə etmişlər.

Daha sonra tədbirdə şəhid atası Aydın Nəsibov, qazi Şirxan Hümmətov, çağırışçı Həsənzadə İsmayıl çıxış edərək Vətənin bütün dəyərlərdən üstün olduğunu, onun qorunmasının hər birimizin müqəddəs borcu olduğunu, torpaqlarımızın qorunmasının gənc nəslə əmanət olunduğunu qeyd etmiş və çağırışçılara uğurlar arzulamışlar.

Tədbirdə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş və ehtiyata buraxılmış hərbi qulluqçulara medallar, hərbi biletlər və qiymətli hədiyyələr təqdim olunub. Ehtiyata buraxılmış hərbi qulluqçular sonuncu əsgər maaşını “YAŞAT” fonduna ianə ediblər.

Sonda çağırışçılar Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.

Vəli VƏLİYEV,

“Respublika”.