TOVUZ ELEKTRİK TƏSƏRRÜFATINDA PROBLEMLƏR HƏLLİNİ TAPMIR
Bölgələr

TOVUZ ELEKTRİK TƏSƏRRÜFATINDA PROBLEMLƏR HƏLLİNİ TAPMIR

Tənqidi çıxışımıza təkrar qayıdırıq

Qəzetimiz bölgələrdə əhalini narahat edən mövcud problemləri daim gündəmə gətirir ki, bu da vətəndaşların məmnunluğuna səbəb olur. Ötən saylarımızın birində Tovuzun bir neçə kəndində elektrik təsərrüfatının bərbad gündə olması haqqında yazı dərc olunmuşdur.

Bu günlərdə rayonun Vahidli kəndinin də bir qrup sakini bizə telefonla zəng edərək elektrik təsərrüfatının biabırçı vəziyyətdə olmasını görmək üçün əraziyə dəvət etdilər. Vahidlini rayon mərkəzi ilə təxminən 7 kilometrə yaxın asfalt yol birləşdirir. Bura bağlı-bağatlı, dağlıq əraziyə, gözəl iqlimə malik bir məkandır. Ərazidən axan Axıncaçay kəndi daha da füsunkar edir. Bu çay əkinçiliyin inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Kəndə içməli su çəkilmiş, küçələrə çeşmələr quraşdırılmış, yaxın günlərdə açılışı gözlənilir.

Vahidli heyvandarlığın inkişaf etdirilməsi üçün geniş örüş sahələrinə malikdir. Lakin çox təəssüflə bildirək ki, elektrik təsərrüfatı tam bərbad gündədir. Kənddə 1260 sakin yaşayır, Ermənistanla 17 kilometr həmsərhəd əraziyə malikdir.

Sakinlər gəlişimizin məqsədini bildikdə məmnun qaldılar və tezliklə işıqla bağlı mövcud problemlərin aradan qaldırılacağına ümid etdiklərini bildirdilər. Əhalidən aldığımız məlumata görə, kənddə 1964-cü ildə çəkilmiş naqillərdən və çürümüş, istismar müddətini başa vurmuş işıq dirəklərindən hələ də istifadə olunur.

Onlar iddia edir ki, öz şəxsi vəsaitləri hesabına bəzi işıq dirəkləri dəyişdirilsə də, ümumilikdə 60-70 faiz yararsız vəziyyətdədir. Naqillər elektrik keçiricilik qabiliyyətini itirmişdir. Güc transformatorların hamısının ətrafı açıqdır. Mühafizə üçün çəpər yoxdur. Qoruyucu əvəzinə, alüminium məftillərdən istifadə olunur. Bir sözlə, real təhlükə mənbəyidir. Bəzi yerlərdə evlərin həyətlərində elektrik naqilləri torpağa çox yaxın məsafədən keçir.

Kənd sakinləri Mayıl Məmmədov, Ayəddin Hacıyev, Məzahir Rzayev və başqaları bildirdilər ki, nəinki uşaqlar, hətta böyüklər də hər an azca ehtiyatsızlıq üzündən həyatını itirə bilər. Digər tərəfdən də qeyd etdilər ki, azca meh əsdikdə işıqlar sönür, gərginlik aşağı olduğundan və işığın tez-tez sönüb-yanması nəticəsində məişətdə istifadə olunan elektrik avadanlıqları tez-tez yanıb sıradan çıxır.

Qeyd etmək lazımdır ki, bu kənddə abonentlər istehlak etdikləri enerjinin dəyərini gecikmədən, bildiriş alan kimi, dərhal ödəyirlər. Bir məsələni vurğulamaq lazımdır ki, qəzetimizdə ötən dəfə dərc olunan tənqidi yazıya "Azərişıq" ASC Qərb RETSİ heç bir reaksiya verməmişdir.

İnkişaf etmiş bir rayonda belə bir halın mövcud olması təəssüfedicidir. Mövcud problemləri kökündən həll etməsələr də, heç olmasa arabir, qismən də olsa təmir işləri aparmaq, tamamilə yararsız vəziyyətdə olan naqil və dirəklərin dəyişdirilməsi, təhlükə mənbəyi olan transformatorlara kiminsə yaxın getməməsi üçün çəpər çəkmək heç də çətin deyil. Yetər ki, hər kəs öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin.

Vəli VƏLİYEV,

"Respublika".