Tovuz döyüşləri: Zəfər salnaməsinin şanlı səhifəsi
Digər xəbərlər

Tovuz döyüşləri: Zəfər salnaməsinin şanlı səhifəsi

1990-cı il 20 yanvar. O gün müstəqillik uğrunda mübarizəmizdə şəhidlər verdik, lakin bu xalq əyilmədi, sınmadı. Bu millətin qanına susayan ermənilərin torpaq iddiaları başlayan gündən yeni qəhrəmanlıq tarixinin səhifələri yazılırdı yavaş-yavaş. Günahsız insanlar qırılır, torpaqlarımız yağmalanırdı, səsimizi ucaltsaq da, duyan olmur, gözü kor, qulağı kar, dili lal, bağrı daş dünya birliyi həmişə olduğu kimi heç nəyi görmək, eşitmək istəmirdi...

2020-ci il 27 sentyabr... Ermənilərin növbəti təxribatlarına Azərbaycan Ordusunun cavabı ilə İkinci Qarabağ müharibəsi məhz bu tarixdə başladı. Və mən əminəm ki, hamı bu günü gözləyirdi, özü də düz 30 il. O gün Ulu Torpaq ayağa qalxdı, Yer məhvərindən qopdu, topların, mərmilərin səsindən qulaq tutuldu. Silah tutmağı bacaran hər kəs düşmən tapdağı altında inləyən torpaqlarımızın hayına-harayına yetməyə tələsdi. Əlləri mil tutmağı bacaran analarımız, qız-gəlinlərimiz isti corab, şərf toxumağa başladı, səngərdə döyüşən əsgərlərimizə soyuq olmasın deyə, cəbhəyə yaxın bölgələrimizdəki həyətlərdə qazanlar asıldı, əsgərlərə isti xörəklər çatdırılsın deyə... Necə də xoş idi bunları duymaq. O an silah tutan, çaxmaq çəkən, ilmə atan... Hər kəs cəbhə üçün çalışır, ümumi işə nəsə bir xeyir vermək istəyirdi. Nizami, hərtərəfli təchiz olunmuş ordumuzun heç nəyə ehtiyacı olmasa belə, nəsə etmək istəyirdi hər kəs. Cəbhədən çəkilən kadrların birində bir əsgərin: “Bizim heç nəyə ehtiyacımız yoxdur, dualar edin!” sözlərindən o qədər  təsirlənmişdim ki... Bəli, dualarımız da onlarla oldu. Televiziya kanalları üçün çəkiliş aparan müxbirin: “Necəsən əsgər?” sualına: “Bomba kimi!” - deyə cavab verən əsgərimiz ürəyinin odunu, alovunu, atəşini düşmənə yönəltdi... Canı, qanı  ilə böyük qələbəmizi yazdı. Ali Baş Komandan addım-addım irəliləyən ordumuzun qələbəsinin sevincini udum-udum daddırdı bizə. Və böyük tarixi qələbəmiz gerçəkləşdi. 2020-ci il 10 noyabr. Bu tarix qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazıldı...

Ermənilər atəşkəs elan olunsa da, heç vaxt ona əməl etmir, yaşayış yerlərini mütəmadi qaydada atəşə tuturdular. Tovuz rayonu da daim hədəflərində idi. 2016-cı il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində 12 yaşlı Nərmin və onun 8 yaşlı qardaşı Tuncay elə həyətlərində oynadıqları yerdə öldürülmüşdü. Elə həmin gün Əlibəyli kəndində başqa bir faciə də baş verdi. Tovuz çayından tapdığı oyuncağa yerləşdirilmiş partlayıcı mexanizmin işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyeva həlak olmuşdu. Ermənistanda istehsal olunan bu oyuncaq məqsədli şəkildə çaya atılmışdı...

2020-ci il 12 iyul. Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənitan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdi. Bu dəfə yeni ərazilər zəbt etmək iddiasında idilər. Düşmən eyni zamanda sərhədboyu bir sıra yaşayış məntəqələrini də atəşə tuturdu. İyulun 13-də vəziyyət bir qədər də gərginləşdi. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi, düşmən fəaliyyətinin qarşısının alınması məqsədilə  tədbirlər görüldü. Döyüşlər davam edirdi. İyulun  14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmağa başladı. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. Həmin gün müdafiənin ön xəttində  olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhidlik zirvəsinə ucaldığı gün kimi yaddaşlarda qaldı. Polkovnik  İlqar Mirzəyev və daha beş hərbçimiz də şəhid oldu. Bu, adi döyüş deyildi, həmin gün Azərbaycan Ordusunun hər bir döyüşçüsünün əsl vətənpərvərliyinin nümayişi idi. Həmin döyüşlərdə 12 hərbi qulluqçumuz, 1 mülki şəxs həlak oldu, düşmənin 100-dən çox hərbçisi məhv edildi, döyüş texnikası sıradan çıxarıldı.

Tovuz döyüşləri zamanı xalq düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuzla yüksək həmrəylik nümayiş etdirdi. O günlərdə on minlərlə gənc yürüş edərək Azərbaycan Ordusu ilə həmrəyliyini bildirdi. Minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaş müvafiq qaydada qeydiyyata alındı.

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda mühüm mərhələlərdən biridir. Məhz bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək Azərbaycan torpaqlarını işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlər şəhidlərin qanını yerdə qoymadı. Xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.

Azərbaycan Ordusunun gücünü dəfələrlə görmüşdü ermənilər, nə vaxtsa məğlub olacaqlarını da bilirdilər. Tovuz döyüşləri də əslində onlara bir dərs olmalı idi. Xalqımız daha bir hərb salnaməsini yazdı: general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov,  Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov... Canını Vətənə qurban verən oğullar. Vətən də, xalq da qürur duyur sizinlə!..

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu dünya ölkələri də qətiyyətlə  pislədi. Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı, Rusiya Xarici İşlər Nazirliyi dərhal atəşi dayandırmağa çağırdı, Gürcüstan Prezidenti narahatlığını ifadə etdi. Pakistan, Qazaxıstan, Moldova, Yaponiya, Böyük Britaniya kimi dövlətlər də öz münasibətlərini bildirdilər. Türk Şurası, GUAM, ATƏT və digər təşkilatlar Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pislədilər.

Bəli, Tovuz döyüşləri böyük qələbənin başlanğıcı idi, yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Bu məmləkətin hər bir övladı döyüşən Azərbaycan əsgərinə: “Biz səninləyik, sənin yanındayıq” - dedi. Ali Baş Komandanın əmrini gözləyirdi hər bir vətəndaşımız, üçrəngli, ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə ucaldacağımıza inam böyük idi.

O böyük gün gəldi, Qarabağ torpağına günəş doğdu. Şəhid ruhu müqəddəsləşdirdi o torpaqları. Bütövləşdi Azərbaycan!.. “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” - demişdi Məmməd Araz. Vətən mənə oğul desə, nə dərdim. Şəhid olub torpağına qarışardım, - dedi Azərbaycan əsgəri!..

Zümrüd QURBANQIZI,

“Respublika”.