Torpaq adamı
Region

Torpaq adamı

İnsan çəkdiyi zəhmətin bəhrəsini görəndə sevinir, fərəhlənir. Onun yaşamaq, yaratmaq həvəsi daha da artır. Qusarlı fermer Sabir Fərzəliyev ilə söhbətimiz zamanı bunu bir daha hiss etdik. Yaşı 60-ı çoxdan keçmiş Sabir kişi təsərrüfatda uzun illər əlləşib-çalışan təcrübəli torpaq adamıdır. Gördüyü işlər də illərlə qazanılan təcrübənin nəticəsidir.

İxtisasca ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Qusar rayonunda XXIII partiya qurultayı adına sovxozda mühəndis vəzifəsində başlayıb. Sonra rayon Kənd Təsərrüfatı Maşınlarının Texniki Təminat Birliyində baş əmtəəşünas işləyib. 1993-cü ildən bu günə kimi özəl sektorda fermer kimi çalışır.           

Həmsöhbətimlə birgə cavan fındıq bağı ilə addımlayırıq. Keçdiyi uzun zəhmət yolu barədə danışır: "Fəaliyyətə cəmi 8 hektar torpaqla başladım. İlk vaxtlar taxıl əkdim. Sonra bir qədər təsərrüfatımı genişləndirdim. Rayonun İmamqulukənd oba kəndində 39 hektar boş torpaq sahəsi aldım. Taxılçılıqla bərabər meyvəçiliklə də məşğul oldum. Fındıq bağları saldım. Mülkiyyətimdə olan 100 hektardan çox torpaq sahəsi ilə bərabər, bir xeyli torpaq sahəsini də icarəyə götürmüşəm. İndi hər il 200 hektara yaxın torpaq sahəsini əkib-becəririk. Təsərrüfatımızın əsasını heyvandarlıq, meyvəçilik, kartofçuluq, arıçılıq, bir qədər də balıqçılıq təşkil edir".

Əli ilə qarşıdakı fındıq ağaclarını göstərərək: "Bu il buradan nübar məhsul götürmüşük" - deyə söhbətinə davam edir: - Maşallah məhsul həm iridir, həm də keyfiyyətli. Bağbanlarımız ağaclara yaxşı qulluq edirlər. Suyunu, gübrəsini vaxtında verirlər. Gübrə deyəndə peyin nəzərdə tuturam. Üzvi gübrə. Digər təsərrüfatçılar bu gübrəni satın aldıqları halda, biz onu öz fermamızın həyətindən daşıyırıq. İstədiyimiz vaxt və tələb olunan qədər əkinləri bol gübrə ilə təmin edə bilirik. Bu təsərrüfatda təsadüfi artıq heç bir məhsul yoxdur. Hər bir məhsulun istehsalı əvvəlcədən planlaşdırılır. Öncədən həmin məhsulun alıcılıq qabiliyyətini, bazarda işləyib-işləmədiyini öyrənirik. Bundan əlavə mənim bir fermer kimi əsas iş prinsipim, məqsədim insanlarımız üçün sərfəli qiymətdə ən zəruri, gündəlik tələb olunan ərzaq məhsullarını istehsal etməkdir. Həm də ekoloji cəhətdən təmiz saf, məhsul. Mənimlə razılaşarsınız ki, əhalinin heyvandarlıq məhsullarına olan tələbatı daha çoxdur. Hazırda üç fermamız var. Yasab kəndində 450 baş iribuynuzlu mal-qara, Zindanmuruq kəndində isə 500 başdan çox qoyun-quzu bəsləyirik. Bundan əlavə Zindanmuruq kəndində 80 başlıq fermada yerli şəraitə uyğunlaşdırılmış cins düyələr alıb yetişdiririk. İldə ən azı 40-50 ton mal əti, 4 ton quzu əti, gündəlik 850-1 ton süd, bir qədər də pendir istehsal edirik. Məlumdur ki, heyvandarlıqda əsas məsələ bol yem bazası yaratmaqdır. "İnəyin südü ağzındadır" deyənlər yanılmayıblar. Bu, tamamilə doğrudur. Heyvandarlığın yem bazasını yaratmaq məqsədilə hər il 40 hektardan çox sahədə arpa, bütün bağ arası və boş yerlərdə yonca əkirik. Bu payız 44 hektarda arpa toxumu səpəcəyik. Yeri gəlmişkən deyim ki, bu il arpa sahələrində məhsuldarlıq 35-40 sentner oldu. Yonca sahələrindən dörd dəfə ot biçmişik. Heyvanların tövlə şəraiti də yaxşıdır. Mal-qara üçün 400 başlıq, qoyun-quzu üçün 450 başlıq yeni tövlə binası tikmişik. Heyvanlar demək olar ki, gündəlik baytar həkimin nəzarətindədir. Xəstəliklərə qarşı bütün profilaktiki tədbirlər vaxtında görülür. Odur ki, heyvanlar sağlam və gümrahdır. Bir məsələni də qeyd edim ki, fermamızda əsasən cins mal-qara bəsləyirik. Xaricdən gətirilən cins malları birbaşa alıb saxlamırıq. Düyələri bir neçə il yerli şəraitə uyğunlaşdırılan maldarlıq təsərrüfatlarından alırıq. Yeri gəlmişkən deyim ki, çox vaxt heyvandarlığı ziyanla işləyən sahə adlandırırlar. Mən qətiyyən belə deməzdim. İşini planlı şəkildə, düzgün qura bilən fermer bu sahədən lazımi qədər gəlir əldə edə bilir. Heyvandarlığın yem bazasını özümüz yaratdığımızdan, zoobaytar xidməti yaxşı təşkil etdiyimizdən bu sahə bizdə ancaq gəlirlə işləyir. Fermada çalışan işçilər üçün yaratdığımız şəraiti də xüsusi qeyd etmək istəyirəm. Təsərrüfatımızda 35 nəfər daimi işçi çalışır. Onların orta aylıq əmək haqqı 600-700 manatdır.

Meyvəçilikdə daha sərfəli, az xərc tələb edən, lakin gəliri çox olan ixracyönümlü məhsul olan fındıq istehsalına üstünlük veririk. Hazırda 40 hektar fındıq bağımız var. Bu payız daha 8 hektar fındıq bağı salmağı planlaşdırmışıq. Gələn il intensiv bağçılığa keçmək fikrindəyik. Yasab oba kəndi ərazisində 1 hektar intensiv nektarin bağı salmağı nəzərdə tutmuşuq. Bizim daha 7 hektar bağımız var. Bunun 6 hektarı qədim sortlardan ibarət alma, 1 hektarı əzgil bağıdır.

Hər məhsulun hansı ərazidə daha çox səmərə verdiyini nəzərə alaraq onu həmin torpaqda yetişdiririk. Urva kəndi rayonun kartofçuluq üzrə ixtisaslaşmış ərazisidir. Bu torpaqlarda kartof həm məhsuldar, həm də çox keyfiyyətli olur. Bunu nəzərə alıb cari ildə həmin ərazidə 24 hektar kartof əkmişik. Yaxşı da məhsul götürmüşük. 480 ton kartof istehsal etmişik. Satışı da çox yaxşıdır. Təsərrüfatımızda Zindanmuruq kəndi ərazisində - Qusarçayın sahilində farel balığı yetişdiririk. İldə 15 min ədəddən çox balığımız olur. Onun da satışı yaxşıdır. Bu sahəni inkişaf etdirmək istəyirik. Bundan əlavə kiçik arıçılıq təsərrüfatımız var. Burada 90 arı ailəsi saxlayırıq. Bu il quraqlıqla bağlı məhsulumuz az olsa da, qarşıdakı illərdə arıçılıq təsərrüfatını bir qədər genişləndirmək fikrindəyik.

Bütün bu işlərin görülməsində hər zaman dövlət dəstəyini hiss edirik. Subsidiyalardan vaxtında bəhrələnirik. Bu il Sahibkarlığın İnkişafı Fondundan bizə 600 min manat kredit verilib. Həmin pulla yeni bağlar salacaq, taxıl sahələrini genişləndirəcək, anbarlar tikəcəyik. Əkinçinin "sağ əli" olan texnikanın da bir hissəsini lizinq yolu ilə almışıq. Güzəştli qaydada aldığımız 2 ədəd şum traktoru təsərrüfatımızda demək olar ki, bütün işlərdə karımıza gəlir. Ən vacib məsələlərdən bir də suvarmadır. Biz həm Samur-Abşeron kanalından, həm də bu kanalın böyük qolu olan Xan arxı vasitəsilə bağları, əkin sahələrini suvarırıq. Bu işdə elə bir çətinliyimiz yoxdur. Mən fürsətdən istifadə edib kəndli sahibkarlar üçün yaratdığı şəraitə, göstərdiyi qayğı və diqqətə görə ölkə Prezidentinə kollektivimiz adından dərin təşəkkürümüzü bildirirəm.

Sabir Fərzəliyev rayonda həm də xeyriyyəçi kimi tanınır. O, şəxsi vəsaiti hesabına Zindanmuruq kəndində dağılıb uçulmuş qədim Alban məscidini öz əvvəlki üslubunda yenidən tikmişdir. Onu da deyək ki, sovetlər dönəmində məscid taxıl anbarı kimi istifadə olunmuşdur. Kəndin ən yüksək təpəsində 12 metr hündürlükdə inşa olunan bu binada indi 200 nəfərdən çox adam ibadət edə bilir. Xeyriyyəçi sahibkar kənddə təhsilin inkişafına da öz töhfəsini verib. Zindanmuruq kənd tam orta məktəbində IX-X-XI siniflər üçün şəxsi vəsaiti hesabına əlavə kurslar təşkil edib. Buraya yaxşı oxuyan və istedadlı şagirdlər cəlb olunub. Kursların təşkili də öz bəhrəsini verib. Son 6 ildə bu məktəbin 40-dan çox şagirdi ali məktəblərə qəbul olunub. Halbuki əvvəllər ali məktəblərə 15 il ərzində cəmi 1 məzun qəbul olunmuşdu. 2018-ci ildə rayon üzrə 5 nəfər şagird məktəbi qızıl medalla bitirmişdir. Sevindirici haldır ki, onların 2 nəfəri bu məktəbin məzunlarıdır. Hazırda həmin şagirdlər Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin tələbələridir. Xeyriyyəçi fermer şəhid ailələrinə, qazilərə də öz dəstəyini əsirgəmir.

Əməksevər torpaq adamının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ötən il o, ölkə Prezidentinin müvafiq sərəncamı ilə "3-cü dərəcəli Əmək ordeni" ilə təltif olunmuşdur.

Biz sahibkarın gördüyü işlər barədə qısaca danışdıq. Fermer təsərrüfatında görülən işlər daha çoxdur. Qarşıda isə onu yeni-yeni işlər gözləyir. Əsl istehsalçı, xeyriyyəçi və ən əsası zəhmətkeş, sadə, səmimi bir insan olan Sabir Fərzəliyevə daha böyük uğurlar arzulayırıq.

Ziyafəddin BAYRAMOV,

"Respublika".