Torpağına, daşına Vətən dedik…
Region

Torpağına, daşına Vətən dedik…

Rəşadətli  və qalib Azərbaycan ordusu haqqında danışanda köksümüz qabarır, hər birimiz fəxr və qürur hissi keçiririk, şanlı qələbənin sevinsi çöhrələrimizdən silinməyib. Fəxr edirik ki,  dünyanın 50 ən güclü ordularından biri də odlar yurdunun qürur duyduğumuz şanlı silahlı qüvvələridir.  Bu müzəffər,  mükəmməl,  peşəkar ordu Qalib Ali Baş Komandan İlham Əliyevin ordusudur.

Dövlətçilik tariximizin ən mükəmməl və qəhrəman ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı düşmənin əsarətindən azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların  ordusuna sarsıdıcı zərbələr endirib.  Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı,  düşmənin işğalı altındakı torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri ötən il 8 noyabrda  tarixi qələbə qazandı. Həm də beynəlxalq təşkilatların, o cümlədən,  BMT-nin 28 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, haqqı və ədaləti bərpa etdi.

 Qalib Ali Baş Komandan İlham Əliyev  tarixi və mənşəyi bilinməyən Ermənistanın 30 ildə yaratdığı mifi cəmi 44 günə yerlə yeksan etdi, işğal altında qalan torpaqlarımızı müzəffər  Azərbaycan ordusu şücaətlə azad etdi.  Ermənistan  ordusu darmadağın edildi, onlar silah-sursatlarını ataraq qaçmağa başladılar və rüsvayçı şəkildə məğlub oldular. Xalq İlham Əliyev birliyinin sarsılmazlığı qarşısında Ermənistan və onun havadarları tab gətirə bilmədilər.

Vətən müharibəsində yüzlərlə xocavəndli döyüşüb, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda ən ali məqama yüksəliblər. Xocavənd rayon Əmirallar kənd sakini, şəhid  Elmin Əvəz  oğlu Mirzəyevin doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib.   Elmin Əvəz oğlu Mirzəyev  20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar  kəndində anadan olub. Orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurub.  2013-2015-ci illərdə həqiqi hərbi xidmətə çağırılıb. Sonra 2015-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirib.  Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön sıralarda düşmənə zərbələr endirib, cəsur döyüşçü kimi tanınıb.  Elmin 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə  qəhrəmanlıqla həlak olub.

       Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu Elmin Mirzəyev ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 Tədbir iştirakçıları əvvəlcə  şəhidlərin məzarları önünə qərənfillər düzüb,  onların əziz xatirəsini ehtiramla yad ediblər.  Sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub,  xatirələri bir dəqiqəlik sükutla yad edilib.  Xocavənd Rayon İcra  Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov bildirib ki,  Vətən müharibəsində Xocavənd  rayon  sakinləri  də fəal iştirak edib,  8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalıb. Rayon rəhbəri  şəhidin valideynlərinə  və  ailə  üzvlərinə başsağlığı verərək,   belə qəhrəman övlad böyütdükləri üçün onlara minnətdarlığını  bildirib.  

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi,  mayor Bəxtiyar Hümbətov şəhidin  keçdiyi qısa və mənalı həyat yolundan söz açıb,  vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı,  vətən uğrunda mübarizənin vacibliyini,  tarix yazan qəhrəman şəhidlərin and yerimizə,  ziyarət məkanımıza  çevrildiyini qeyd edib. Şəhid  Elmin Mirzəyevin  valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib,  şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Azərbaycan  Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

     Şəhidimiz ailəli idi və iki övladı yadigar qalıb. Şəhidin ailəsi dövlət tərəfindən himayə olunur, qəhrəmanın yurdunda böyüyən uşaqlar dədə-baba torpaqlarına  qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

                                                          Salman ALIOĞLU,

                                                           “Respublika”.