Torpağın bərəkəti, buğdanın ətri
Region

Torpağın bərəkəti, buğdanın ətri

Müharibə tarixi qələbə ilə başa çatıb.  İndi  işğaldan azad edilmiş rayonlarda torpaqların minalardan təmizlənməsi və quruculuq dövrü başlayıb.  Azad edilmiş Ağdam rayonunun  kənd təsərrüfatında  sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük,  baramaçılıq, bağçılıq və heyvandarlıq mühüm yer tutub.  İnsanlar doğma yurd yerlərinə qayıdışı səbirsizliklə gözləyirlər.

Rayonun  işğal altına düşməyən ərazilərində kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artıb.  İyul ayının ortalarında yol yoldaşım, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədovla taxıl biçini aparılan ərazilərdə olanda o, bu barədə həvəslə danışır, ötən illərlə bağlı təhlillər aparır, fermerlərə dövlət dəstəyindən ətraflı söz açırdı. Həmin vaxt Qərvənd kəndində taxıl biçinini izlədik.  Taxılbiçən kombayn sonuncu dövrəni vurub sahənin kənarında dayandı.

Günəşin istisindən sifəti tunc rənginə çalan kombaynçı Azad Məmmədovla tanış oluruq.  Üz-gözündəki təri silən Azad deyir ki, çox şükür ki, məhsulumuz boldur.  Sarı kəhrəbaya oxşayan buğda dənələrinə baxanda adam sevinir.  Biçin çox yaxşı keçib, demək olar ki, itki heç olmayıb.  Təzə kombaynların üstünlüyü də elə bundadır.  Fermer Əli Bağırov da gəlib söhbətin üstünə çıxır.  Əli təcrübəli taxılçıdır, torpağın dilini yaxşı bilir, hansı toxumun məhsuldar və xəstəliyə davamlı olduğunu bildiyi üçün becərmə dövründə elə də çox əziyyət çəkmir. 

Fermer Əli Bağırov deyir:

-Uzun illərdir ki, taxılçılıqla məşğul oluram. İnamla bildirirəm ki, dövlət dəstəyinin gücləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir.  Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. 14 hektar taxıl zəmisində biçin aparılıb.  Hər hektarın məhsuldarlığı 51 sentnerdir.  Yaxşı göstəricidir, bunu qazanmaqda bizə Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri yaxından kömək göstəriblər.  Əl-ələ verərək çörəyə olan tələbatın ödənilməsinə töhfə veririk.  İnşallah, çox güman ki, bu payız işğaldan azad edilən kəndimizin torpaqlarında taxıl səpini aparacağıq.  Bu sevinci bizə şanlı ordumuz və Qalib Ali Baş Komandan İlham Əliyev  yaşadıb.

Xındırıstan kəndindən fermer Ramil Babayev də təcrübəli taxılçıdır.  22 hektarda buğda yetişdirən fermer hər hektardan 49 sentner məhsul götürüb.  Fermer deyir ki, əkin sahələrimizin çoxu uzun illər ərzində erməni hərbi birləşmələrinin atəşi altında olub.  Həmin ağır vaxtlarda belə əlimiz işdən soyumayıb.  Vətən müharibəsindəki şanlı qələbəmiz bizi daha da ruhlandırıb.  Yaxşı bilirik ki, biçdiyimiz buğda süfrələrimizin bəzəyi olan çörəyə çevriləcək, ailələrə sevinc, əmin-amanlıq gətirəcək. 

Yeri gəlmişkən qeyd edək ki, Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan Ağdamın iqlimi qışda əsasən quru keçir.  Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyyələnir. Həm də, Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonunda olub.  Rayonun ərazisi əsasən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılıb.  Uzun illər boyu ermənilər həmin çayların qarşısını kəsdiklərinə görə suvarma əsasən artezianların hesabına aparılıb.  İnanırıq ki, işğaldan azad edilən ərazilərdə bu çayların suyundan daha səmərəli istifadə ediləcək.

Rayonun kənd təsərrüfatında taxılçılıq mühüm yer tutur.  İlbəil taxılçılıqda artım müşahidə olunub.  1988-ci ildə isə 7,7 min hektar taxıl sahəsindən 30,1 min ton taxıl biçilib.  Göründüyü kimi, işğaldan öncəki dövr ərzində  taxıl istehsalında 6,4 faizədək artım qeydə alınıb və orta məhsuldarlıq 39,8 sent/ha təşkil edib.  2019-cu ildə rayonun əlimizdə qalan hissəsində 12 min hektar buğda əkilib və biçin aparılıb. Hər hektarın məhsuldarlığı 30 sentnerdən çox olub.

Qələbə ilində isə rayonda 11 min hektardan bir qədər artıq sahədə taxıl əkilib.  Səpin dövründə bölgədə ağır döyüşlərin getməsinə baxmayaraq, ağdamlı əkinçilər əsl fədakarlıq nümayiş etdiriblər.  Biçini də yüksək səviyyədə, itkisiz başa çatdırıblar.  Bu mövsüm Ağdamda 37 min tondan artıq buğda istehsal olunub. Hər hektarın məhsuldarlığı 40,9 sentner olub.  Arpa biçilən sahələrdə isə hektarın məhsuldarlığı 36,7 sentner təşkil edib.  Ergi düzündə, Əhmədağalı, Təzəkənd və Əfətli kəndlərində daha çox taxıl əldə olunub. Fermerlər builki məhsulun haqlı olaraq barıt qoxulu olduğunu bildirirlər.

Daha maraqlı və sevindirici bir məqama diqqət yetirək.  Belə ki, ötən ilin payızında işğaldan azad edilən Ağdam rayonunun bir sıra kəndlərində taxıl səpini aparılıb.  Minalardan təmizlənmiş Bağbanlar, Saybalı, İsmayılbəyli, Sarıcalı və Ağdamkənd kəndlərində 2 min 490 hektar dəmyə torpaqlarda buğda səpilib.  Həmin ərazilərdə də biçin uğurla başa çatıb.  Məhsuldarlıq yaxşıdır.

Yaxın keçmişə nəzər salanda aydın olur ki, 1980-1988-ci illərdə Ağdam rayonunda qiymətli sərvət hesab olunan taxıl istehsalı ölkə üzrə istehsalın 2,5 faizini təşkil edib.  Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən daha yüksək olması, taxıl istehsalında  rayonun potensial imkanlara malik olduğunu göstərir. 

Mütəxəssislərin fikrincə, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək olar.  Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir.

Yəqin ki, işğaldan azad edilmiş ərazilərdə torpaq islahatı həyata keçiriləndən sonra ağdamlı fermerlər dövlət qayğısı sayəsində ənənəvi təsərrüfat sahələrinin inkişafına nail olacaqlar.  Onlar bu inamla həmin günü gözləyirlər.                                                             

Salman ALIOĞLU,

“Respublika”.