Törətdiyi təxribatlar düşmənin özünə ağır zərbə oldu
Digər xəbərlər

Törətdiyi təxribatlar düşmənin özünə ağır zərbə oldu

İkinci Qarabağ müharibəsindən iki il vaxt ötməsinə baxmayaraq, düşmən ölkə hələ də məğlubiyyəti ilə barışmır. Düşdüyü vəziyyətdən çıxış yolu da tapmır. Bir tərəfdən "torpaqları qaytarmaq", "Qarabağın müstəqilliyini təmin etmək" üçün İkinci Qarabağ müharibəsində məhv olmuş ordusunun bərpası istiqamətində iş aparır, müxtəlif ölkələrdən silah-sursat alır, Qarabağa hərbçilər göndərir, orada yeni müqavimət nöqtələri yaratmağa cəhd edir. Digər tərəfdən isə Azərbaycan hökuməti ilə sülh bağlamaq niyyətini bildirir. Məlumdur ki, avqust ayının 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə 4-cü dəfə görüş keçirilmiş və Ermənistanın baş naziri Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin mətni üzərində işləmək üçün işçi qrupunun yaradılmasına razılıq vermişdir.

Brüssel görüşündən sonra, sentyabrın əvvəlində Ermənistan baş nazirinin Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunda çıxışı zamanı kommunikasiyaların açılması ilə bağlı səsləndirdiyi sərsəm fikirlər isə Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində baş verən gərginliyə səbəb olmuşdu. Belə ki, sentyabrın 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmiş, Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələrində yerləşən bölmələrindən Azərbaycan Ordusunun mövqelərini hədəfə almış, əraziləri və təminat yollarını minalamış, sığınacaqları, dayaq məntəqələrini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutmuşdur. Ermənistanın revanşist siyasəti, Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməyərək mövcud vəziyyəti öz xeyrinə dəyişmək cəhdləri düşmən ölkənin ardıcıl xarakter daşıyan avantüralarının və təxribatlarının nəticəsidir.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində ordumuzun mövqelərini hədəfə alan mənfur düşmən rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqli cəzasını almış, torpaqlarının keşiyində ayıq-sayıq dayanan Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurmuşdur. Ölkəmizin sərhədlərinə və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələr Azərbaycan Ordusunun nəzarətinə keçmiş, düşmənin xeyli sayda hərbi texnika və silah-sursatı, canlı qüvvəsi, hərbi infrastrukturu darmadağın edilmişdir. Genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olmuşdur. Erməni silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində isə iki mülki şəxs - Kəlbəcər rayonu Bozlu kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini Orucov Arzuman İman oğlunun yaralanması İkinci Qarabağ müharibəsi zamanı da mülki şəxsləri hədəf alan Ermənistanın xislətinin göstəricisidir. Heç bir vaxt öz əməllərinə görə məsuliyyət daşımayan, havadarlarına arxalanaraq Azərbaycan xalqına qarşı soyqırımları törədən, ərazi iddiaları edən Ermənistan hələ də "şirin" yuxusundan ayılmayıb. Qarşısında güclü, qüdrətli, dünyada nüfuz qazanan, qərarlarına hörmətlə yanaşılan Azərbaycan dövlətinin və iki il qabaq döyüş meydanında ona diz çökdürən Azərbaycan Ordusunun olduğunu unudur. Unudur ki, bütün bunları dünya ölkələri, beynəlxalq təşkilatlar çox diqqətlə izləyir və ikili siyasət yürüdən bəzi ölkələr istisna olmaqla Azərbaycanın haqq səsinə səs verən ölkələrin sayı yetərincədir. Belə ki, İkinci Qarabağ müharibəsi başladığı gündən Azərbaycanın yanında olan Türkiyə dövləti bu gün də Ermənistanın təxribatlarına qarşı haqlı mübarizəsində ölkəmizin mövqeyini dəstəklədiyini bildirmiş, İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Ermənistanın əməllərini pisləmiş, Gürcüstan Respublikası Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələrə münasibət bildirərək bu cür təxribatların regionda təhlükəsizliyin təmin olunmasına mənfi təsir etdiyini vurğulamışdır...

Dünyanın gözü qarşısında baş verən bu alçaq niyyətli, sülhə, əmin- amanlığa təhdid olan əməllərinə görə Ermənistan Azərbaycan tərəfindən artıqlaması ilə layiqli cavabını alır və alacaq. Bu gün dünyada sülh tərəfdarı olan, birgəyaşayışa, dostluğa, mehriban qonşuluğa böyük önəm verən ölkə kimi tanınan Azərbaycanın haqlı mübarizəsinə sülhsevər dünya ölkələri biganə deyil. Yalnız Ermənistan və onun havadarları hələ ki, bu məsuliyyəti anlamaq istəmirlər. Ölkə başçımız sentyabrın 13-də ona zəng edən Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı da Azərbaycan sərhədində törətdiyi genişmiqyaslı təxribatlara görə Ermənistan hökumətinin məsuliyyət daşıdığını bir daha Fransa Prezidentinin diqqətinə çatdırmış, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının, sülh gündəliyinin davam etdirilməsinin vacibliyini bildirmişdir.

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edə bilmir. Amma anlamır ki, artıq formalaşmış bu vəziyyəti heç nə dəyişə bilməz. Əgər dəyişən bir şey olacaqsa, bu, Azərbaycanın xeyrinə dəyişəcək. Və nə bu gün, nə də gələcəkdə Ermənistan Azərbaycan üçün real təhlükə deyil. Bu, yalnız Ermənistanın özü üçün ağır faciədir.

 Mehparə ƏLİYEVA,

 "Respublika".