“Topladıqca qucaq-qucaq pambığı”. . .
Region

“Topladıqca qucaq-qucaq pambığı”. . .

Yaxşı bir el məsəli var, çəkilən zəhmət heç zaman hədər getmir, bəhrəsini verir. Gərək torpağın dilini biləsən, necə deyərlər, onun nazını çəkəsən, vaxtlı -vaxtında becərəsən, suvarasan, tər axıdasan, onda da torpaq öz barını-bərəkətini əkinçidən əsirgəmir, hər şey halallıq üstündə başa gəlir. Ağcabədili fermerlər, xüsusi mülkiyyətçilər bunu daha yaxşı bilirlər.

Uzun illərdir ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Yeni mövsümdə məhsuldarlığın yüksək olacağı gözlənilir. Artıq pambıq sahələrində becərmə işləri başa çatıb.  

Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılması üçün son işləri görürlər. Əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr,  alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb,  bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.  Nəticədə yaxşı çıxış alınıb,  barlı kollar yetişib.  

Onu da qeyd edək ki,  rayonda pambıqçılıqda yaxşı ənənə mövcud olub. Vaxtilə Ağcabədidə yüz min tondan artıq pambıq istehsal olunub, yaxşı gəlir əldə olunub,  adamların gün-güzəranı xeyli yaxşılaşıb. Prezident İlham Əliyevin pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar ağcabədili  pambıqçıların ürəyindən xəbər verib.  Pambıqçılıqla məşğul olanlar qarşıya qoyulan vəzifələrin məsuliyyətini dərindən dərk edir,  göstərilən qayğını,  etimadı yüksək qiymətləndirirlər.

Ölkədə həyata keçirilən mütərəqqi islahatları fermerlər rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə kənd təsərrüfatı məhsullarının istehsalını ilbəil artırırlar.  Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhvali-ruhiyyəsini də yüksəldir.  Respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət,  sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına münbit şərait yaradıb.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, 2021-ci ildə rayonda “Azərpambıq” MMC,  “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında 11 min hektar sahədə pambıq becərilib.  Artıq pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir,  digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 53 ədəd kombayn,  128 ədəd traktor,  276 ədəd qoşqu, 5 ədəd yükləyici,  39 ədəd çiləyici cəlb ediləcək. Mütəxəssislərin hesablamasına görə bu mövsüm rayon üzrə 38 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki,  ötən il Ağcabədi rayonunda 10 min 689, 2 hektar sahədə pambıq becərilib.  37 min 887 ton məhsul istehsal edilib,  orta məhsuldarlıq 35, 44 sentner olub.

Rayonda qabaqcıl təcrübənin,  gözəl ənənənin qorunub saxlanması sayəsində kənd təsərrüfat; məhsullarının istehsalında yüksək nəticələr  əldə olunur. Rayonun iqlim şəraiti,  sakinlərin pambıqçılıq sahəsindəki zəngin  təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük stimul yaradır.  Bu sahə ilə məşğul olanlar yaxşı bilirlər ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var. İlk növbədə, məşğulluğa şərait yaradır,  ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu  inkişaf etdirir, yerli istehsala təkan verir.

Sentyabr ayı həm payızın ilk ayıdır, həm də tarlalarda,bostanlarda, üzüm bağlarında, tütün sahələrində, bir sözlə, kənd təsərrüfatının bütün sahələrində məsul dövr hesab olunur. Bol məhsullu tarlalar isə xoş gələcəkdən, firavan həyatdan xəbər verir.

Salman ALIOĞLU,

“Respublika”.