Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir
Mədəniyyət

Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə təsis edilib. Bu günün təsis edilməsində əsas məqsəd dünyada bütün xalqları bir-birinə dözümlülük nümayiş etdirməsinə, mehriban yaşamasına çağırışdır. Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də bütün dünyada tolerant ölkə kimi tanınır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası var olduqca, ölkəmizdə multikultural, tolerantlıq dəyərləri daha da inkişaf edəcək, zənginləşəcək.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dini tolerantlığın inkişafı və qorunması istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər xalqımızın həmişə tolerant dəyərlərə sadiq olduğunu bildirərək demişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə və xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".

Ölkəmiz əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Respublikamızda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq ənənələri, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür.

Respublikamızda dini tolerantlıq qədim tarixə malikdir və Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan olunması xalqımızın İslam dininin mütərəqqi dəyərlərinə sadiqliyini, dini tolerantlığın və dinlərarası dialoqun inkişafına böyük əhəmiyyət verdiyini sübut edir.

Müxtəlif dini konfessiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır. Ölkəmizdə isə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi, həyat tərzi, müxtəlif cəmiyyətlərə tolerant münasibətilə multikulturalizmi yaşadır və onun gələcəyini müəyyən etməklə ölkənin inkişafını gücləndirir.

Ölkəmizdə yaşayan bütün millətlər bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində ayıq-sayıq dayanacaq, birgə, əl-ələ verərək xoşbəxt yaşayacaqlar.

M.MİRZƏ,

"Respublika".