Tokioda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Diaspora

Tokioda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Yaponiyanın paytaxtı Tokioda yerləşən Cümə məscidində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə "Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi"ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.

Mərasimdə Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi yad edilib. İştirakçılara Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatı tərəfindən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan, üzərində Xocalı faciəsi barədə məlumatların toplandığı QR kodun, Azərbaycanın Dövlət Bayrağının, yapon, ingilis və Azərbaycan dillərində "Xocalıya ədalət!" sözlərinin yazıldığı maskalar paylanıb.

Türkiyə səfirliyinin sosial məsələlər üzrə müşaviri Məhəmməd Rəşid Alas Xocalı faciəsinin qurbanlarının qanlarının yerdə qalmadığını, İkinci Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən böyük Zəfər qazanılaraq 30 ilə yaxın işğal altında olan torpaqların azad edildiyini xatırladıb. Həm Xocalı faciəsi zamanı, həm də Birinci və İkinci Qarabağ müharibəsi zamanı dastan yazan şəhidlərimizin əziz xatirəsinin daim yaddaşlarda qalacağını bildirib, qazilərimizə cansağlığı arzulayıb. İki dövlət, bir millət olan Türkiyə və Azərbaycanın qardaşlığının, birliyinin daimi olmasını Allahdan təmənna edib.

Sonra şəhidlərimizin ruhuna "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib və Cümə namazı qılınıb.

Xocalı soyqırımı ilə bağlı fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen deyib: "Bu gün Xocalı qətliamında şəhid olan azərbaycanlı qardaşlarımızı andıq. Dualarımız onlarladır. Tokiodakı məsciddə Azərbaycan səfiri və səfirliyin nümayəndələri ilə birlikdə bu mərasimə qatıldıq. Dünyanın bu qətliamı unutmaması, xatırlaması və şəhidlərimizi anmağa davam etməsi çox önəmlidir".

AZƏRTAC