Toğanalı-Kəlbəcər-İstisu yolunun və Murovdağ tunelinin inşası davam etdirilir
Sosial həyat

Toğanalı-Kəlbəcər-İstisu yolunun və Murovdağ tunelinin inşası davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 80.7 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, yolun əsas hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır.

Məlumata əsasən, hazırda yolun 12-13 və 26-28-cı kilometrlik hissələrində torpaq yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü boruların tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-cı kilometrlik hissədə isə yeni su kanalının inşası davam etdirilir. Bundan başqa, layihə üzrə mövcud çay yataqlarının köçürülməsi 660 metr olmaqla yekunlaşıb.

Layihənin 13.5-ci kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyat keçidinin tikintisi də yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qaya qruntlarından ibarət hissələrin kənarlaşdırılması, suyun kənarlaşdırılması üçün drenaj işləri və püskürtmə üsulu ilə tunel daxili hissənin üzlənməsi işləri davam etdirilir. Ümumilikdə, tunel üzrə işlərin 25 faizi yerinə yetirilib.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində uzunluğu 542, eni 12 metr olan Tunel 1-də də tikinti işlərinə başlanılıb. Artıq tunelin giriş və çıxış hissəsində ümumilikdə 175 metr qazma işləri icra olunub.

 Həm yolboyu, həm də tunellərdə tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən yüksək səviyyədə aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 Qeyd olunub ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Bu səbəbdən sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

AZƏRTAC