Tikinti və quraşdırma qeyri-neft sektorunun ən önəmli sahələrindəndir
İQTİSADİYYAT

Tikinti və quraşdırma qeyri-neft sektorunun ən önəmli sahələrindəndir

Tikintilərin Dövlət reyestri, söküntü işləri də daxil olmaqla bu sahədəki vahid tənzimləməni həyata keçirir

Bu il mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən dövlət başçısı deyib: “Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Ağdam şəhəri Baş Planının icrasına başlamaq doğma Qarabağda bərpa, yenidənqurma, tikinti-quruculuq proseslərinə start vermək anlamındadır. Deməli, bundan sonra Qarabağımız nəhəng tikinti meydanına çevriləcək.

Tikinti isə dövlətin qeyri-neft sektorunu inkişaf etdirmək siyasətində həmişə önəmli olub. Məsələn, 2019-cu ildə bu sahənin göstəricisi 5 milyard 922,3 milyon manat təşkil edib. Göründüyü kimi, rəqəm kifayət qədər böyükdür - 6 milyard manata yaxın tikinti-quraşdırma işləri görülüb. Ötən il də bu sahə uğurla inkişaf etdirilib. Ermənistanın işğalçılıq siyasəti, bizim məcburən müharibəyə cəlb olunmağımız və torpaqlarımızın azadlığı uğrunda aparılan müharibə, pandemiya təhlükəsi hökumətin tikinti siyasətini azalda, arxa plana keçirə bilməyib. Nəticədə qeyri-neft sektorunun həcmi 50,8 milyard manata  yaxınlaşıb.

Tikinti sahəsində əldə edilən uğurun əsas səbəblərindən biri Tikintilərin Dövlət reyestri və yolla (qaydalarla) tənzimlənən prosedurlardır. Əvvəlcə onu qeyd edək ki, Tikintilərin Dövlət reyestri tikilən, istismar edilən və sökülən tikinti obyektləri barədə hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. 

Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq, Tikintilərin Dövlət reyestri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində dərc edilir. Reyestrdə yerləşdirilən məlumatlar informativ və statistik xarakter daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakı kimidir:

Tikintiyə icazə verən  yerli icra hakimiyyəti orqanı (Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:

- Obyektin tikintisinə icazənin surəti;

- Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

- Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması (kənd ərazisi olduqda kənd ərazisinin yerquruluşu planından çıxarış);

- Tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi;

- Tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə):

- Yerləşdiyi torpaq sahəsinin  döngə nöqtələrinin koordinatları;

- Ərazinin situasiya planı;

- Təyinatı barədə məlumat;

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.

Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində tələb olunan sənəd və məlumatları Reyestrə təqdim edir. 

Tikinti obyektinin istismarına  icazə  verilməsi  ilə bağlı  aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı (Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi)  tərəfindən reyestrə təqdim edilir:

- Tikinti obyektinin  ünvanı və onun döngə nöqtələrinin koordinatları;

- Tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası;

- Tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

- Tikinti obyektinin  istismar təyinatı;  

- Tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

- Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

- Tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

Tikinti obyektinin istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən icazə verən orqan (qurum) tələb olunan sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 

Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair tələb olunan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə) isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə təqdim edirlər.

Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.

Məlumatlandırma icraatının tətbiq olunduğu, tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti.

Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. 

Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, tikinti barədə məlumatlandırılan orqan (qurum) tikinti obyektinin başa çatması barədə məlumatı 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. 

Nəriman CAVADOV,

“Respublika”.